Vətən Müharibəsi: Düşməni məğlubiyyətə aparan yollar

2020-ci il dünya dövlətləri üçün iqtisadi çöküş və pandemiya ili kimi yadda qalacaqsa Azərbaycan üçün şanlı tarix kimi dərsliklərə düşəcəkdir. Məhz bu il Azərbaycan öz torpaq bütövlüyünü başda Ali Baş Komandanı olmaqla Müzəffər Ordumuzun 44 gün müddətində dillərə dastan olan döyüşləri sayəsində bərpa etmiş oldu. Düşmənin on illərlə yaratdığı müdafiə xəttini 44 günə yararaq ordusunun qorxaqcasına qaçmasından sonra Ermənistan hakimiyyətini utancverici kapitulyasiya müqaviləsini bağlamağa məcbur edərək diz çökdürdü. Məhz bu il axıdılan Şəhid qanlarının hesabını verdi yağı düşmən. Bu ildə qaçqın sözü Azərbaycan ərazisində leksikondan çıxmış oldu. 2020-ci il Azərbaycan tarixində əbədi şərəf, ləyaqət,qeyrət,rəşadət sözləri ilə yan-yana çəkiləcək il kimi düşdü tariximizə. Ermənistan hakimiyyətinin tutuduğu faşist mövqeyi sonunda onun axırına çıxdı. Xalqımızın səbr kasası daşdı və düşmənə layiq olduğu cavabı verdi. Bu il Azərbaycanın həm daxili, həm xarici siyasətinin ən uğurlu ili oldu. Bəs Ermənistanın lovğa hərbi-siyasi elitasının müharibə baş verərsə Azərbaycan ordusunu məhv edərik ritorik çıxışlarından sonra belə acizanə, yalvarışlı kapitulyasiya müqaviləsini bağlamağa məcbur edən hansı səbəblər olmuşdur?
1. Qarabağ məsələsində xalq-hakimiyyət  birliyini ən başlıca səbəb hesab edirəm. Belə ki, Azərbaycan Respublikasının Ali Baş Komandanının bir çağırışıyla Azərbaycan xalqı bir yumruq halında Prezidentimizin ətrafında birləşərək onun gücünə güc qatmaqla bütün dünyanı əsasən də düşmənlərimizi heyran qoydular. Ali Baş Komandanın çıxışına  bəzi istisnalarla əksər müxalifət partiyaları o cümlədən “Ağ Partiya” da cavab verərək bu milli məsələ ətrafında birləşdi. Ermənilərin ordudan hər vəchlə yayındığı bir vaxtda Azərbaycandan bircə nəfər də fərari çıxmadı. Ermənistanda Azərbaycandan fərqli olaraq xalq–hakimiyyət birliyi olmadı. Əksinə müharibədən əvvəl və elə müharibə zamanı Ermənistanda siyasi tənəzzül hökm sürdü. Xalq–hakimiyyət birliyindən söhbət belə getmirdi. Bu gün də müharibədən biyabırçı məğlubiyyətlə çıxan Ermənistanda siyasi, iqtisadi böhran hökm sürməkdədir.
2. Paşinyanın Rusiyaya qarşı açıq-aydın çıxışları və yürütdüyü Qərb siyasətini ikinci başlıca səbəb kimi göstərmək olar. Belə ki, Qərb ölkələrindəki himayədarlarının köməkliyi ilə hakimiyyətə gəlmiş Paşinyanın yüz illərlə Rusiyanın yedəyində gedən və demək olar ki, bütün sahələrdə ondan tam asılı olan Ermənistanı rus asılılığından azad etmək cəhdləri və bu cəhdlərlə hətta sərhədlərini belə qoruyan himayədarına xain siyasət yürütməsi Azərbaycanla müharibədə təkbətək qalmasına səbəb oldu ki, bunun da acı nəticiləri ilə hələ uzun zaman üz-üzə qalacaq. Rusiya Ermənistanı Birinci Qarabağ savaşında olduğu kimi dəstəkləməkdən əl çəkərək Azərbaycana bu haqq müharibəsində bütün beynəlxalq hüquq normalarına görə sahibi olduğu torpaqları geri qaytarmağa imkan verdi. Düzdür bu müharibədə qardaş Türkiyə Cumhuriyyətinin rolu danılmaz olmuşdur. Lakin regionda söz sahiblərindən biri olan Rusiyanın Ermənistanın siyasi dairələri ilə soyuq münasibətlərinin yaranmasında Paşinyan hökümətinin yarıtmaz siyasətinin də əməyi olmuşdur.
3. Azərbaycan ordusu 90-cı illərin ordusu deyildir. Azərbaycan ordusunun maddi-texniki təminatı inkişaf etmiş ölkələrin ordularının səviyyəsində təşkil edilmişdir. Ordu quruculuğundada yüksək texnologiyalardan istifadə edilmişdir. Ordunun zabit, gizir və digər hərbi qulluqçuları əsasən qardaş Türkiyə olmaq şərtilə bir çox inkişaf etmiş ölkələrdə təhsil alaraq öz peşəkarlıq səviyyələrini artırmışlar. Azərbaycan ordu sıralarına yüksək texnoloji yenilik olan dronlar və digər yeni nəsil silahlar daxil edilmişdir ki, bu da İkinci Qarabağ Vətən müharibəsində özünü yaxşı tərəfdən göstərməklə bu müharibəni XXl əsrin müharibəsi adlandırmağa imkan vermişdir. Belə ki, bütün inkişaf etmiş ölkələrin hərbi elitası yeni üsulla aparılan Qarabağ savaşında Azərbaycanın ortaya qoyduğu döyüş sənətini öyrənməyin vacib olduğunu qeyd etmişlər.
4. Azərbaycanın Ermənistandan fərqli olaraq güclü və dayanıqlı iqtisadiyyata malik olması başlıca şərtlərdən biri kimi göstərilməlidi. Belə ki, Azərbaycan hökümətinin durmadan ordusunu böyük xərclər hesabına muasir silahlarla təchiz etdiyi bir vaxtda iqtisadi cəhətdən çökmüş Ermənistan ancaq köhnə silahlarını yağlamaqla məşqul olur və əsasən də 30 ilə yaxın dövrdə yaratdığı müdafiə xəttlərinə güvənirdi. Azərbaycanın inkişaf etmiş və dünya miqyasında hərbi cəhətdən irəlidə olan İsrail, Türkiyə, Rusiya, Pakistan kimi dövlətlərdən silahların alınmasında məhz inkişaf etmiş iqtisadiyyat dayanmışdı.
5. Ermənilərin “azərbaycanlılar onlara heç zaman qalib gələ bilməz” haqqında mifləri onların məğlubiyyətlərinin əsas səbəblərindən biri olmuşdur. Belə ki, erməni propoqandasında “azərbaycanlılar ümumiyyətlə savaş nədi bilmirlər”, “ermənilər İkinci Dünya müharibəsində 5 Marşal yetişdirdikləri halda Azərbaycan heç birini də yetişdirə bilməmişdir” fikirləri onların elə olduqları yerdə qalmalırına səbəb olmuşdur. Təbii ki, İkinci Dünya müharibəsində ermənilərin azərbaycanlılardan daha yaxşı döyüşdüklərini təkzib etmək olmaz. Belə ki, Rusiya imperiyası tərkibində olan bütün xristian xalqlarının o cümlədən də təbii ki, ermənilərin hərbi hazırlığına böyük önəm verirdi. Müsəlman-Türk xalqlarını isə əksinə tərkisilah etməklə hətta döyüşmək ruhunu da əlindən almaqla bütün hərbi mükəlləfiyyətlərdən xaincəsinə məhrum etmişdir ki, bu da nəinki ermənilər arasında, ümumən rus çarlığından sonra  sovetlərdə bütün xristian xalqlarının müsəlmanlardan bir baş irəlidə olmasına gətirib çıxarmışdır. Lakin bütün bunlara baxmayaraq  Azərbaycan  bu illər ərzində ordu quruculuğuna, zabit-gizir və əsgər hazırlığına böyük önəm verərək bu mifin boş söz yığını olduğunu qalibiyyətli döyüşləri ilə göstərdi. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu arasında yer alır. MDB dövlətləri arasında isə maddi-texniki təminatına, muasir silahlarına və peşəkar şəxsi heyyətinə görə sözsüz ilk yerdə dayanır. Azərbaycan ordusundakı nizam-intizam olduğu halda, erməni ordusundakı xaotik biyabırçı vəziyyət 44 günlük İkinci Qarabağ Vətən müharibəsində bütün dünyaya özünü göstərmiş oldu. Məhz bu müharibədə Azərbaycanın rəşadətli ordusu dünya hərb tarixinə bu günə qədər misli görünməmiş muasir döyüş taktikaları ilə damğa vurdu. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Anar Kazımov
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin  eksperti 

Agxeber.com
1304

DİGƏR XƏBƏRLƏR