KİV-lərin media savaşında işin təşkilinə dair mülahizələr



Müasir reallıqlarda önəmli məsələlərdən biri KİV-lərin fəaliyyətinin təşkili zamanı dövlətin strateji maraqlarının nəzərə alınmasıdır. Bu xüsusi ilə o zaman daha çox aktuallıq kəsb edir ki, dövlət bu və ya digər şəkildə hər hansı isə bir daxili və xarici təhlükələrlə üzləşir. Məlumdur ki, Azərbaycan Respublikası artıq dünyanın geosiyasi proseslərinə təsir etmək imkanlarına malik olan, Cənubi Qafqaz regionunun  aparıcı faktorlarından biridir. Aparılan siyasi kursun nəticəsi olaraq Azərbaycan Respublikası beynəlxalq enerji, logistika layihələrinin mərkəzindədir. Eyni zamanda dünyada və bölgədə siyasi proseslərin və iqtisadi fəaliyyətlərin müəyyənedici, bir sıra hallarda isə aparıcı oyunçusudur.

Azərbaycanın bu uğurlarının daha da genişlənməsi, geniş ərazi arealında yayılmasının qarşısında dayanan əsas manelərdən biri də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi idi. 27 sentyabr tarixindən başlayaraq ölkəmiz işğalın ortadan qaldırılması istiqamətində hərbi və diplomatik fəaliyyətlər həyata keçirərək torpaqlarımızı 30 illik işğaldan azad etmişdir. Bunu illərlə, səbrlə  ordu quruculuğu işlərində digər sahələrdə olduğu kimi mükəmməl ordu yaratmış Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin və Azərbaycan Xalqının qorxmaz  igid oğul və qızlarının sayəsində etmək mümkün olmuşdur. Xalq hakimiyyət birliyinin özünün pik həddinə çatması hər bir azərbaycanlını qürurlandırmış və dünyanın gözləri qarşısında şanlı tarixini yaratmasına səbəb olmuşdur.

Bunun nəticəsi olaraq Azərbaycan torpaqları işğaldan azad edilmişdir. Ölkəmizin bu müvəffəqiyyətlərinə kölgə salmaq istəyən müəyyən bölgəsəl və qlobal güclər dövlətimizə qarşı qaralama kompaniyalarına başlamışdır. Bu işdə bir sıra mediya orqanlarından, eləcə də dünyanın reallığı olan sosial şəbəkə resurslarından hal-hazırda da istifadə edilir.
Ona görə də, KİV-lərdən və eləcə də sosial şəbəkə resurslarından düzgün istifadə edərək bu qara piara qarşı işin təşkilinin gücləndirilməsi aktuallıq kəsb edir. Prosesin işləklik dərəcəsinin artırılması məqsədi ilə aşağıdakı tədbirlərin görülməsini vacib hesab edirəm:
  • Qlobal və regional mediya qurumları ilə işin təşkilinin tənzimlənməsi məqsədi ilə müvafiq qurumun formalaşdırılması. Bu qurumun konkret istiqamətləri: bölgələsəl və eləcə də qlobal mediya qurumları ilə əlaqələrinin formalaşdırılması istiqamətində maddi-texniki bazanın qurulması. Davamlı olaraq ölkəmizin daxili və xarici uğurlarını, eləcə də bizim xüsusi ilə seçildiyimiz multikultural sahənin fəaliyyətini əks etdirən press-relizlərin hazırlanması. Qurumun fəaliyyətinə daxili və xarici insani resursların cəlb edilməsində müxtəlif səviyyələrdə toplantı və treninqlərin təşkili. Fikir ifadə edə bilmə, eləcə də xarici dil qabiliyyətləri yüksək olan şəxslərin fəaliyyətə cəlb edilməsi. Qurumun kompitensiyası altında intellektual və fədakar, eləcə də, işləklik qabiliyyəti və iddialılığı yüksək olan könüllülər hərəkətindən istifadə edilməsi. Mediya fəaliyyətinin təşkil edilməsi zamanı dövlətin maliyyə yüklərinin azaldılması və ümummilli iştirakı təmin etmək məqsədi ilə iş dairələrimiz arasında təşviq edici tədbirlərin həyata keçirilməsi. Bunun üçün müvafiq maliyyə v texniki imkanların cəmləşdirildiyi ictimai palatanın qurulması;
  • Bloger fəaliyyətinin milli maraqlara xidmət etməsi üçün milli maraqları ifadə edən blogların yaranması, eləcə də dünyada və regionda məşhur olan blogerlərin ölkəmizin maraqlarında istifadə edilməsi üçün davamlı səfərlərinin təşkil edilməsi. Bu gün sosial mediyanın gücü ölkələrdə ictimai və siyasi reallıqlara ciddi təsir edir. Dövlətlər bir biriləri ilə rəqabət apararkən bu resursu önəmsəyir. Milli blogerlərimiz arasında milli dövlət şüurunun təbliğ edilməsi üçün dövlət qurumlarının onlarla əlaqəsinin gücləndirilməsi. Milli dialoq üçün siyasi partiyalarla olan münasibətlərin bu günkü axarı buna nümunə modeli təşkil edə bilər;
  • Milli KİV-lərimizin xarici dillərdə yayınlarının rəğbətləndirilməsi və bunun xüsusi mütəxəssislər tərəfindən keyfiyyət filtirindən keçirilməsi. Daxildə mediya təxribatlarının qarşısının alınması üçün demokratik prinsiplərə uyğun, amma milli maraqları ifadə edən qanunvericilik sisteminin təşkil edilməsi. Mediya məsuliyyətini təbliğ edən tədbirlərin keçirilməsi. Həmçinin mediya orqanlarında, xüsusən xarici dillərdə yazan, danışan mediya personalının geosiyasi prosesləri, eləcə də siyasi fəaliyyəti daha keyfiyyətli analiz etməsi üçün siyasi savadlılığının artırılması;
  • Dost dövlətlərin mediya orqanları ilə sistemli və davamlı əməkdaşlığın qurulması. Bura xüsusi ilə Türkiyə KİV-lərini aid etmək lazımdır. Həmçinin Rusiya, ABŞ və Avropa KİV-ləri ilə əməkdaşlığın artırılmasında diaspor fəaliyyətlərinin gücləndirilməsi. Bunun üçün milli dövlət ideyasını təbliğ edən davamlı platformaların təşkili. Bütün bunlar prosesin keyfiyyətini artırmağa, eləcə də mediya savaşlarında yer tutmağa imkan verir;
  • İnternet və eləcə də peyk üzərindən Azərbaycan həqiqətlərini bəyan edən TV və internet tv kanallarının qurulması. Həmçinin KİV-lərin mobil tətbiqlərinin qurulması istiqamətində fəaliyyətin təşkili.
 
Anar Kazımov
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin  eksperti 

Agxeber.com
1052

DİGƏR XƏBƏRLƏR