Prezident: “Rusiya Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrlər kimi neytral mövqedə olmalıdır”

“Mən dəfələrlə demişəm, əgər Ermənistan bu gün atəşi dayandırsa və danışıqlar masası arxasında konkstruktiv mövqe nümayiş etdirsə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırıq. Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti ilə görüşündə səsləndirib.

Dövlətimizin başçısı deyib:

“Ancaq biz bunun əksini görürük. Ermənistanın Baş naziri Rusiya prezidentinə məktub göndərir və hərbi yardım istəyir. Bu, tamamilə qəbuledilməzdir. Buna heç bir əsas yoxdur. Biz öz torpağımızda düşməni əzirik, vururuq və torpaqlarımızdan çıxarırıq. Biz Ermənistana hər hansı bir təcavüz etməmişik. Bu birincisi.

İkincisi, Rusiya Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrlər kimi neytral mövqedə olmalıdır və həmsədrlərin əslində ATƏT tərəfindən onlara verilmiş mandatı bunu tələb edir. Paşinyanın bu məktubu göndərməsi onun əslində etirafıdır. Etiraf edib ki, Ermənistan məğlub olub. Hesab edirəm ki, bu etiraf Ermənistan cəmiyyətində də ciddi təhlil olunmalıdır və Ermənistan rəhbərliyinə ciddi təzyiq edilməlidir ki, bu müharibə dayandırılsın, işğalçılar bizim torpaqlarımızdan çıxsın və bölgədə sülh təmin edilsin”.

1745

DİGƏR XƏBƏRLƏR