Hikmət Hacıyevin erməni təxribatları ilə bağlı “Al Arabiya” kanalına müsahibəsi - Video

Hikmət Hacıyevin erməni təxribatları ilə bağlı “Al Arabiya” kanalına müsahibəsi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə bağlı “Al Arabiya” kanalına müsahibə verib.

"Qafqazinfo" xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Yaxın Şərq ölkələrindəki muzdlu və hərbçiləri Ermənistan-Azərbaycan münaqişəsi zonasına cəlb etməsi, terror təşkilatlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi, Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və Azərbaycan dövlətinin özünün suveren ərazisini müdafiə etməsi barədə danışıb.

Hikmət Hacıyev Azərbaycanın dəfələrlə Ermənistan tərəfinin Yaxın Şərq ölkələrindəki muzdlu və hərbçiləri Ermənistan-Azərbaycan münaqişəsi zonasına cəlb etməyə çalışması ilə bağlı narahatlığını ifadə etdiyini bildirib. O, Ermənistanın uzun illərdir belə bir siyasət yürütdüyünü və bəzi Yaxın Şərq ölkələrindən terrorçuları Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gətirdiyini və onlardan Azərbaycana qarşı istifadə etdiyini bildirib.

Prezidentin köməkçisi ötən əsrin 90-cı illərində də, Ermənistan-Azərbaycan münaqişəsinin aktiv mərhələsində bir sıra terror təşkilatlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi və onların Azərbaycana qarşı döyüşməsi ilə bağlı faktların mövcud olduğu barədə məlumat verib. Ermənistanın kəşfiyyat xidmətlərinin Azərbaycan torpaqlarında 30-dan çox terror aktı törətdiyini qeyd edən Hikmət Hacıyev bununla bağlı Azərbaycanın narahatlığını ifadə edib və beynəlxalq ictimaiyyətin buna lazımi qaydada reaksiya göstərmədiyini vurğulayıb. O, Azərbaycanın heç bir muzdluya ehtiyacı olmadığını, əksinə, Azərbaycanın peşəkar silahlı qüvvələrə sahib olduğunu, ölkədə kifayət qədər şəxsi heyətin və ehtiyat qüvvələrinin olduğunu bildirib. “Bu səbəbdən, bizim başqa bir ölkənin hər hansı şəxsi heyətinə və ya muzdlu döyüşçülərinə ehtiyacımız yoxdur,” – deyə Hikmət Hacıyev qeyd edib.

Hikmət Hacıyev Azərbaycan dövlətinin özünün suveren ərazisini müdafiə etdiyini deyib. O, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq hüquqa riayət etməklə vətəndaşlarımızın təhlükəsizliyini müdafiə etdiyini və ölkəmizin ərazilərinin Ermənistan işğalından azad edilməsi məqsədilə özünün suveren ərazisində fəaliyyət göstərdiyini bildirib.

Prezidentin köməkçisi hərbi qarşıdurmanın davam etdiyini və sentyabrın 27-si səhər saatlarından Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan mülki vətəndaşlarına qarşı atəş açdığını və Azərbaycan silahlı qüvvələrinin öz mülki əhalisinin təhlükəsizliyini qorumaq və Ermənistanı sülhə vadar etmək üçün əks-hücum tədbirləri həyata keçirdiyini bildirib. Otuz ildən çoxdur ki, biz danışıqlar prosesi aparırıq, lakin Ermənistan status-kvonu qoruyub saxlamaq üçün əlindən gələni edir. Onlar, həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirirlər. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində məscidləri, İslam mədəni irsini dağıdırlar. Dünyanın heç bir ölkəsində məscidlərin dağıdılması və məscidlərdə donuzların saxlanılması kimi hallar baş verməyib. Mülki azərbaycanlıları öldürən və işğal edilmiş ərazilərdə məscidləri və İslam mədəni irsini dağıdan Ermənistan İslam dünyasına və ərəb xalqına özünü necə dost kimi göstərə bilər? Onlar bu gün də Azərbaycan mülki əhalisini öldürməyə davam edirlər. Güclü artilleriya hücumları nəticəsində mülki vətəndaşlarımız həlak olub və ağır yaralanıb. Beynəlxalq ictimaiyyət bu vəhşiliyi, Ermənistanın əsl üzünü görməlidir. Biz İslam ümmətinə, xüsusilə Türkiyəyə, Səudiyyə Ərəbistanına və Pakistana minnətdarıq. Ermənistanın Azərbaycana təcavüzünə görə bu ölkələrin Ermənistan ilə diplomatik əlaqələri yoxdur. Biz, həmçinin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) minnətdarıq. İƏT Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzü pisləyən qətnamələr qəbul edib.

Prezidentin köməkçisi vurğulayıb ki, yalnız Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxardıqdan sonra biz sülhdən danışa bilərik. Ermənistanın müdafiə naziri yeni ərazilər üçün yeni müharibələr konsepsiyasını elan edib. Ermənistan nə zaman təxribatları son qoyacaq? Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa və çaşdırmağa son qoymalıdır.

356

DİGƏR XƏBƏRLƏR