AZƏR HÜSEYNOV

Təhsilin məqsədi birinci növbədə ictimai vicdanı olan insanlar yetişdirməkdir

Təhsilin məqsədi birinci növbədə ictimai vicdanı olan insanlar yetişdirməkdir

AZƏR HÜSEYNOV
Cəmiyyətin yüksəlməsinin əsas amillərindən ikisi təhsil və eyni zamanda səfalətin ortadan qaldırılmasıdır. Təhsil dedikdə çox zaman biz hansı isə bir sahə üzrə mütəxəssislərin yetişməsini anlayırıq. Təbii ki, məsələnin detalları baxımından bu çox önəmlidir. Ancaq təhsil dedikdə mənim qəsd etdiyim iddialı, məntiqi dərin və vicdanlı insanlar yetişdirməkdir. Təhsilin gücü vicdanlı vətəndaş yetişdirməkdir. Vicdanlı vətəndaşın yetişməsi yalnız vicdanlı əhatədə və vicdanlı ustadların əlindən olar. İctimai süst, susqun və işini ancaq sahəsi üzrə təhsil verməklə bitmiş hesab edənlərin yanında vicdanlı vətəndaş yetişməz.

Vicdan bir meyyardır. Təsəvvüfdə vicdan insanın daxili halıdır. Daxili halı məncil, eqoiist və zalim yetişənlərin yekunu əlinə imkan düşəndə cəbərrüt olmaqdır. Onun üçün də təhsilin məqsədi birinci növbədə ictimai vicdanı olan insanlar yetişdirməkdir. İctimai vicdanı olan birisi bütün fənnlərdən beş almaya bilər. Amma onun ictimai faydası vicdan bataqlılığına düşmüş alimlərdən üstündür. Fəqət bu o demək deyildir ki, təhsil sahə tədrisində keyfiyyətli olmasın. Ancaq ilk hədəfi vicdanlı insan yetişdirmək olsun. Siz son illər təhsil müəssisələrindəki motivasiya şəkillərinə baxırsınızmı? Şüarlar ancaq kapitalizm zehniyyətini ifadə edir. Məncil, eqoist və maraqbaz subyektlər yetişdirir. Vicdanlı təhsildən çıxanlar isə hər zaman çalışar ki, ikinci amil də həllini tapsın.

Vicdanlı məqam sahiblərinin düşməni səfalətdir. Hətta rəsulullah kasıblıq və səfalətdən daim Allaha sığınırdı. Çünki səfalət insanın izzətini və şərəfini zədələyər. Mərdi namərdin qapısına gətirər. Bütün bunlar biri biri ilə bağlıdır. Ona görə də insanın ictimai statusuna uyğun bir şəkildə səfalətə savaş açması lazımdır. Dini icmaların başında dayananlar bu icmaların resurslarından istifadə edərək özlərinə gün ağlamağı buraxıb ətrafdakıları səfalətlə savaşa təşviq etməlidirlər. İnanclı sərvət sahibləri səfalətə qarşı mübarizə üçün effektiv vasitələr seçməlidirlər. Bunu ancaq sədəqə şəklində deyil, vəqfləşmiş müəssisələr şəklində etmək olar. Eyni zamanda bu gün təhsil müəssisələrinin rəhbərlərinin vicdani borcu səfalətdən çıxmaları üçün imkansız, amma qabiliyyətlilərin oxudulmasıdır. Təhsil sisteminin və dövlətin də başlıca vəzifəsi səfalətə qarşı çalışmasıdır. Hər kəs öz imkanları daxilində ətrafındakı səfalət izlərinə qarşı çıxmalıdır.

Cavanlar! Əgər sizlər bir yerlərə gəlsəniz əlindən tutub ayağa qaldırdığınız insanlardan ibarət axirət yükü toplayın. Qalxan kimisə başqa birisni qaldırsın! Müasir motivasiyaya metodlarına yox deyin. Motivasiya həmhallılıq olmalıdır. Başqası üçün fədakarlıq edə bilmə dərəcəsi artmadıqca biz də qalxmayacağıq, yüksəlməyəcəyik. Bu gün bizi hesaba almayan şəxslərin axsadığı yerlər təhsil səviyyələri deyil, təhsil mənşəli vicdan çatışmazlığıdır.

Azər Hüseynov.
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

MÜƏLLİFİN DİGƏR YAZILARI