AZƏR HÜSEYNOV

Zəngəzur: Yeni, beynəlxalq tranzit xəritəsinin əsas halqası

Zəngəzur: Yeni, beynəlxalq tranzit xəritəsinin əsas halqası

AZƏR HÜSEYNOV

Son günlər Zəngəzur məsələsi ilə bağlı kifayət qədər maraqlı fikirlər səslənir. Onu demək lazımdır ki, əvvəla, bu məsələnin gündəmə gəlməsi Azərbaycan dövlətinin qətiyyəti və ordumuzun zəfəri ilə bağlıdır. Buna görə hər bir azərbaycanlı Allaha şükür edir ki, artıq biz tam olaraq Cənubi Qafqazın dominant dövlətiyik.

Zəngəzur məsələsini beynəlxalq münasibətlər və beynəlxalq tranzit xəritəsinin dəyişməsi baxımından analiz etmək lazımdır. Bu məsələni qlobal proseslə necə əlaqələndirmək olar? Azərbaycan bu məsələni reallaşdırmaqla nəyi kökündən dəyişər? Zənnimcə, ölkələrin fəaliyyətini bir-bir nəzərdən keçirsək, mənzərə daha aydın bir şəkildə ortaya çıxar.

Rusiya və Zəngəzur dəhlizi
 

Rusiya ilə 44 günlük müharibədə ciddi problemlərimiz oldu. Azərbaycan və Rusiya arasında tez-tez siyasi ritorika dəyişdi. Ancaq Azərbaycanın hərbi qələbəsi, beynəlxalq iqtisadi və maliyyə sistemi ilə bağlarını sıx qurması, Türkiyənin siyasi və qardaşlıq dəstəyi, eləcə də Böyük Britaniya kimi dünya nəhənginin bölgədə əsas siyasi və iqtisadi tərəfdaşı olması öz sözünü dedi. Rusiya tam olaraq anladı ki, Cənubi Qafqazda durum dəyişib. Daha praqmatik yanaşmaq, Azərbaycan, Türkiyə və İranla bölgədə düzgün münasibətlər formatı qurmaq lazımdır. Buna başqa səbəb də var idi. Sorosun dəstəyi ilə ABŞ-Fransa cütlüyünü Cənubi Qafqazda gücləndirməklə vəzifələndirilmiş Paşinyanı niyə dəstəkləsin ki? Rusiya Ermənistan kimi bir ölkə üçün yenə nə üçün resurs xərcləsin ki? Bunun əvəzində Avrasiya məkanında Azərbaycanla ciddi tərəfdaş olub pul qazanmaq, Türkiyə ilə tərəfdaş olub bu vasitə ilə Yaxın Şərqdə qala bilmək, Britaniya ilə tərəfdaş olub ABŞ-ı Avrasiya məkanından sıxışdırmaq olar? Rusiyanın buradakı motivləri məhz budur. Bizim üçün yaxın perspektivdə bunlardan daha çox onun önəmi var ki, Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevə göndərdiyi təbrikdə deyir ki, siz güclü dövlət olduğunuzu sübut etdiniz və sizinlə əməkdaşlığın davam etdirilməsi mühümdür. Gələcək perspektivdə isə biz Türkiyə və Britaniya amilini daim nəzərə almalıyıq. Türkiyə qardaşımız, Britaniya isə bizim əsas tərəfdaşımızdır. Bəli, Britaniya çox az adamın məlumatlı olduğu, amma mütəxəssislərin bildiyi əsas tərəfdaşımızdır.

Britaniya və Zəngəzur dəhlizi
 

Britaniya Türkiyə ilə möhtəşəm bir ticarət sazişi imzalayıb. Britaniya 1945-ci ildən sonra ABŞ-ın qlobal miqyasda onu təsir dairələrindən sıxışdırıb çıxarmasını qəbul edə bilmir. İndi isə bu problemləri nizamlamağın zamanı gəlibdir. ABŞ-ın Marşall Planının kökündə dayandığı Avropa İttifaqı layihəsinə brexit ilə zərbə vuran Britaniya Avrasiya məkanının yenidən şəkilləndirilməsində maraqlıdır. İstər Yaxın Şərqdə, istər Mərkəzi Asiyada, istərsə də Cənubi Qafqazda ABŞ-la rəqabət içərisində olan Britaniya yeni tranzit xəritəsində maraqlıdır. Bu xəritədə əsas halqa Zəngəzurdur. Bu nə deməkdir? Türkiyə Asiya-Avropa ticarətinin əsas hissəsinə çevrilir. Çin bu layihəyə daxil olaraq Avropaya rahat çıxış əldə edir. 1991-ci il SSRİ-nin dağılmasından sonra ABŞ-ı yeganə qütbə çevirən layihələrin əhəmiyyəti azalır. Ona görə Britaniya üçün Zəngəzur dəhlizinin açılması önəmlidir. Maraqlıdır ki, ATƏT-in MQ-də həmsədrlərdən biri nə üçün Britaniya olmamışdı? Çünki ABŞ və onun Avropada 1789-cu ildən müttəfiqi olan Fransa Cənubi Qafqazda Britaniyanı görmək istəməzdilər. O Britaniya ki, Əsrin Müqaviləsində əsas tərəfdaş idi.

Türkiyə və Zəngəzur dəhlizi
 

Türkiyə üçün Zəngəzur dəhlizinin önəmindən çox söz açılıbdır. Türkiyə bizim qardaşımızdır. Ancaq həm də biz bir-birimizin strateji müttəfiqiyik. Türkiyə Çini Avropaya bu yolla buraxmaq üçün bəlkə də maraqlı gediş edir. Turan layihəsi vasitəsilə onun sərhədlərinə doğru yaxınlaşır. Bu Çin üçün əslində təhlükəlidir. Fəqət Avropaya yeni yolla çıxış əldə etmək yaxın perspektivdə Çin üçün önəmlidir. Türkiyə üçün Zəngəzur “ QlZIL ALMANIN” əsas halqasıdır.

Paşinyan niyə naz edir?

Paşinyanın o posta gəlməsində rol oynayanlar bilir ki, Zəngəzur dəhlizi açılarsa Cənubi Qafqazda Gürcüstanda start vermiş layihə tamamlanmayacaqdır. 

Ermənistan Türkiyə-Azərbaycan-İran-Britaniya perspektiv əməkdaşlıq variantında təhdid əhəmiyyətini itirəcəkdir. Eyni zamanda ABŞ və Fransanın təsiri üçün texniki və logistik imkanlar azalacaqdır. Buna görə Ermənistan siyasi rəhbərliyinin hərəkətləri milli maraqlar məntiqi ilə izah edilmir. Gələcəkdə incimiş Paşinyanın GUM-a belə gedib qoşulması heç istisna deyildir.

AZƏRBAYCANIN ZƏNGƏZURU
Azərbaycan üçün Zəngəzur tarixi Azərbaycan deməkdir. Bu məsələnin milli-ideoloji tərəfidir. Amma regional, həttə qlobal baxımından Zəngəzur Azərbaycanın yeni qlobal tranzit xəritəsinin əsas oyunçularından biri olması deməkdir. Zəngəzur həm də bəlkə də 100 il davam edəcək yeni qlobal status kvonun formalaşması deməkdir.

PS: Bu yazı ilk dəfə musavat.com saytını dərc edilmişdir. Yazının orjinal linki budur: https://musavat.com/news/zengezur-yeni-beynelxalq-tranzit-xeritesinin-esas-halqasi_803307.html?d=3

MÜƏLLİFİN DİGƏR YAZILARI