AZƏR HÜSEYNOV

Diaspor siyasətinin əsasları necə olmalıdır? – Azər Hüseynovun yazısı

Diaspor siyasətinin əsasları necə olmalıdır? – Azər Hüseynovun yazısı

AZƏR HÜSEYNOV

Son günlər ölkəmizdən xaricdə baş verən hadisələr yenidən diaspor siyasətinin önəmini gündəmə gətirdi. XX əsrin ikinci yarısından başlayaraq, əmək miqrasiyası prosesi gücləndi. Bu, dünyanın müxtəlif yerlərində milli diasporların inkişafını sürətləndirdi. Daha sonra SSRİ-nin dağılması ilə post sovet məkanı daxilində əmək miqrasiyası bir qədər də intensiv xarakter aldı. 

Əsasən, keçmiş sovet respublikalarından, o cümlədən də Azərbaycandan Rusiyaya əmək miqrasiyası başlandı. Bunun bir sıra səbəbləri vardı. Birincisi, ona görə ki, Rusiya böyük bazardır. Burada həm əmtəə çoxdur, həm də insan çoxdur. Rusiyada kiçik və orta biznesin inkişafı üçün təməllər çox idi. 

Eyni zamanda, post-sovet ölkələrinin əksəriyyətində hakimiyyət uğrunda mübarizə, savaşlar bu ölkələrin iqtisadiyyatını çox pis vəziyyətə qoymuşdu. Digər tərəfdən rusların özlərinin pərakəndə ticarət və kiçik-orta sahibkarlığa meyilli olmaması, daha çox sənaye müəssisələri və kənd təsərrüfatında çalışması Rusiyanı gələnlərə qapısını açmağa sövq edirdi. Böyük planda isə Rusiya bu miqrant axınından elə həmin ölkələrə təsir vasitəsi kimi istifadə etməyi planlaşdırırdı. 

Ölkəmizdə də bunun təsirlərini gördük. Böyük biznes nümayəndələrindən bu və ya digər şəkildə bizə qarşı təsir vasitəsi kimi istifadə etməyə çalışdılar. Bir sözlə, bütün bu və digər amillərin təsiri ilə Rusiyada əmək miqrantlarından ibarət çoxsaylı diasporumuz formalaşdı. Ancaq burada sovet dövründən Rusiyada çalışan, yaşayan müxtəlif sahələrdə çalışan insanlarımız vardı. 2000-ci illərdən başlayaraq ölkəmizdən Türkiyə və Qərbi Avropa ölkələrinə gedənlərin sayında da artım başladı. Bunların bir qismi əmək miqrantları olsa da, bir qismi də təhsil almağa gedən şəxslər idi. Ölkəmizi tərk edənlərin ölkədən çıxma səbəbləri fərqli olsa da, yekunda xaricdə milli diasporumuz formalaşırdı. Bizim torpaqlarımıza işğal yürüşünə başlamış ermənilərdə də oxşar proseslər gedirdi. 

Ancaq ermənilərdən fərqli nüans o idi ki, 1915-ci il hadisələrindən sonra Qərbi Avropaya getmiş olan ermənilər diasporlaşmışdılar. Bunlar biznesdə, dövlət strukturlarında təmsil edilmişdilər. 1980-cı illərin sonlarından biz ermənilərlə təkcə Qafqazda deyil, xaricdə də savaşmaq məcburiyyətində qaldıq. Bu savaş son hadisələrdə yenə başladı. Biz azərbaycanlıların müxtəlif ölkələrdə fəallığını müşahidə etdik. Son hadisələr sanki bir oyanışa səbəb oldu. 

Hansı səbəbdən ölkəsini tərk etməsindən asılı olmayaraq, Ermənistan təcavüzünə qarşı çıxdılar və düşmənin orada da provakasiyaları ilə üzləşdilər. Bununla birgə, eyni zamanda, diaspor fəaliyətimizdə tamamlanması zəruri olan tərəflər ortaya çıxdı. Bunları sistemləşdirib qruplaşdıraraq aşağıdakı kimi diqqətinizə çatdırmaq istərdim: 

1. Rusiyada və digər post sovet ölkələrində diasporumuz əsasən kiçik və orta sahibkarlardan ibarətdir. Onların fəaliyəti çox zaman maddi və digər mexanizm dəstəyi tələb edir. Bu dəstəyin sistemli olması üçün azərbaycanlılardan ibarət olan kiçik və orta sahibkarların həmkarlar ittifaqları şəklində birləşdirilməsi lazımdır. Bu təcrübə tarixdə mövcud olub. Səlcuqlu dövlətinin monqollara qarşı müqavimətini təşkil etmək üçün Şeyx Evrənin rəhbərliyi əsnafın əxilik təşkilatlarında ( indiki həmkarlar ittifaqları) birləşdirilməsi təcrübəsi vardır. Azərbaycanlı kiçik və orta sahibkarların həmkarlar ittifaqlarında birləşdirilməsi onların qeyri-leqal qruplaşmaların təsirindən qorunmasına kömək edər. Kiçik və orta sahibkarların vətənpərvərlik ptensialı tarixən böyük biznesdən daha çox olur. Çünki böyük biznes beynəlxalq sərmayə ilə daha sıx əlaqədə olur və bu da istər-istəməz milli amilə təsir edir; 

2. Qərbi Avropa və Amerikada olan diasporumuz isə əsasən tələbə və elmi kontingentdən, habelə ictimai sektorlarda çalışanlardan ibarətdir. Bu şəxslərin isə elmi-ictimai qurumlarda mərkəzləşdirilməsinə ehtiyac vardır. Eyni zamanda, onların fikirlərinin, eləcə də milli maraqlarımızın ifadəsi üçün keyfiyyətli KİV-lərin formalaşdırılmasına xüsusi ehtiyac hiss edilir. 

3. Nəhayət, milli ideyanın diaspor arasında təbliği lazımdır. Bunun üçün milli ideya anlayışının təməl əsaslarının formalaşdırılması lazımdır. Milli ideya formalaşdırılarkən inanc əsasları, tarixi dövlətçilik şüuru, qarşılıqlı yardımlaşma nəzərə alınmalıdır. Ermənilərin xaricdə birləşdirilməsində din və ruhani amilinin rolu böyükdür. Buna əks olaraq, azərbaycanlıların da xaricdə milli kimlik şüurunun qorunmasında mənəvi və dini müəssisələrimizin səfərbər olması lazımdır. Milli ideyanın diasporda fəaliyətinin yayılmasında xarici reallıqları bilən təbliğat və təşviqat mütəxəssislərinin hazırlanması lazımdır. Məhz bu insanlar diasporanın təmərküzləşməsi işinin başında dayanmalıdırlar. Milli ideyanın düzgün hazırlanması bizi digər türk-müsəlman icmaları ilə xaricdə birləşdirə bilər. 

Son hadisələr onu göstərdi ki, kim bizə qarşı səmimi, kim isə deyildir. Təbii ki, bütün bunlar təklif xarakteri daşıyır. Optimist əhval ruhiyyədə ciddi şəkildə fəaliyətlə qazanclarımızı artıra, itkilərimizi və səhvlərimizi düzəldə bilərik.

Azər Hüseynov.
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

Avropa.info

MÜƏLLİFİN DİGƏR YAZILARI