SƏDDAM NƏCƏFOV

Qarabağda Türk və Rus silahları "danışa" bilər

Qarabağda Türk və Rus silahları "danışa" bilər

SƏDDAM NƏCƏFOV
Rusiyanın "Cənub ordusu təlimləri" adı altında Azərbaycanla sərhəd boyu keçirdiyi hərbi təlimlər, o cümlədən də Qara dəniz və Xəzər dənizində təlimlərə başlamaq əslində əks tərəfə, əks cəbhəyə bir güc nümayişi, bir qorxutma anlamına gəldiyini yəqin ki, hər kəs anlayır. Üstəlik bu təlimlərin düşmən tərəfdən Azərbaycanın Tovuz rayonuna, dövlət sərhəddimizə edilən təxribatın dərhal sonra  keçrilməsi diqqəti daha çox çəkir. Zənnimcə təxribatdan nələrsə uman tərəfin iştahı gözündə qaldı. 

Əlbəttə qəhrəman Azərbaycan ordusu, qəhrəman zabitləri və əsgərləri sayəsində. Hələ Türkiyə dövlətinin məsələyə vaxtında reaksiyası, F16 və PUA-larını dərhal havaya qaldırması ilə düşmənə lazımi mesaj verildi. İndi isə Tovuz təxribatından istənilən nəticəni və hətta heç bir şey əldə etməyən tərəf, burnumuzun ucunda hərbi təlimlərə başladı və ölkənin müdafiə naziri bu təlimlərin Azərbaycan və Ermənistanın arasında yaşanan gərginliklə heç bir əlaqisinin olmadığını bəyan etsə də, əslində reallığı anlamaq çətin deyil. Lakin Rusiyanın bəzilərinin qorxduğu kimi Azərbaycanla açıq savaş edəcəyinə heç bir ehtimal vermək olmaz.  Bəli. Qarabağda rus silahı danışa bilər. Qarşısında isə təbii ki, dost və qardaş ölkə olan Türkiyənin istehsalı olan silahları olacaq. Lakin bu təlimlərdən Azərbaycana bir başa təhlükə gözləmək olmaz. Çünki rus dərin dövləti gələcək dövrdə Türkiyə Cümhuriyyətinə qarşı əlinin güclü olmayacağını anlayır və indi müəyyən qədər üstünlükdən maksimum yararlanmağa çalışır. Onu da qeyd edək ki, Rusiyanın bu günki Azərbaycanla açıq müharibəyə girməsi həm də eyni zamanda ən azı Türkiyə ilə açıq müharibəyə girməsi deməkdir ki, bu da Rusiyanın işinə yaramaz. Tarix boyu ruslarla türklərin arasında olan savaşlardan daha çox rus dövlətlərinin Türkləri daxildən zəiflətmə taktikasına üstünlük verilib. Hansı ki, labüd savaşlarda türklərin məğlub olduqları zaman, bu məğlubiyyətlərin həmişə Osmanlının çətin dönəmlərinə təsadüf etməsi ilə əlaqədar olub. Daxildən zəiflətmə taktikasında isə sınanmış yollardan günü bu gün də istifadə olunur. Buna tarixdə dörd dəfə Osmanlıda qiyam qaldırmış və bəzən qeyri millətlərin nümayəndələri olan Misir valilərini misal göstərmək olar. Günün bu günündə də Rusiya müsəlman dövlətlərində özünə tərəfdar yetişdirərək köhnə metodu yeni bir formada hiyləgərcəsinə istifadə edib müsəlmanların bir qismini bu tərəfdarlarının sayəsində Türkiyəyə qarşı qoyur.

Bu regionda Rusiyanın  xüsusən quduz rəftarı anlaşılandır. Çünki keçmiş, müasir və gələcək dövrdə Rusiyanın həm siyasi, həm iqtisadi vəziyyətində post sovet məkanının o cümlədən də Azərbaycanın önəmli yeri var və hətta ikinci dünya müharibəsini də xatırlasaq o zaman bu ölkələrin həm də Rusiya üçün hərbi potensial baxımındanda önəmli olduğunu görərik. Görünən odur ki, Rusiya Türkiyəyə qarşı son və özü üçün ən effektiv həmlələrini etməyə başlayıb. Bundan başqa hansı kartlardan istifadə edəcəyini isə zaman göstərər. Lakin görünən odur ki, Rusiya get gedə küncə sıxışır və bu prosses Rusiyaya heç də  rəğbət bəsləməyən, onun özbaşınalığından təngə gələn və nəhayət inkişaf etmək, güclənmək istəyən, bunun üçün isə bu coğrafiyada Rusiyaya qarşı dura bilən ikinci bir güc olmasında maraqlı olan dövlətlərin işinə yarayır. 

​Bu güc isə hər sahədə şansları olan və bu şanslarının günü gündən böyüməkdə olduğu Osmanlı varisidir. Onsuz da tarixdən bu günə qədər ruslarla yola getməyən və zaman zaman aralarında tarixə düşən böyük savaşlar olan güclü bir türk dövləti mütləq olmuşdur. Bu günün güclü Türkiyəsi isə təbii ki, Rusiyaya regionda yeni bir rəqib, yüz ildən çox oynanılan oyun qaydalarını pozan, hətta öz qaydaları ilə hesablaşmağa məcbur edən bir dövlət, bizim üçün isə yenidən rus ayısına həddini bildirəcək bir dövlətdir. Regiondaki bu iki böyük dövlət isə öz aralarında əlbət ki, yekun haqq hesab edəcək. Bu prosseslərin fonunda isə bizə millət olaraq, dövlət olaraq ortaya güclü iradə qoymaq və hədəfi böyük seçmək lazımdır. Kiçik hədəflərin isə böyük uğurları ola bilməz. Bu müqaisənin fərqinə varmasan, hərb meydanında göstərdiyimiz şücaət hədər və gərəksiz bir mübarizə halını alar.

MÜƏLLİFİN DİGƏR YAZILARI