AZƏR HÜSEYNOV

QARABAĞDA “ZÜLQƏRNEYN” OLMAQ

QARABAĞDA “ZÜLQƏRNEYN” OLMAQ

AZƏR HÜSEYNOV
Qarabağ savaşı və möminlər. Düşündürcü və məni bu yazını yazmağa təşviq edən səbəbdir. İlk öncə onu qeyd edim ki, heç bir peyğəmbər heç bir zaman anarxist olmamışdır. Şəhəri, əmlakı və göndərildiyi məkanları fəsada uğratmamışdır. Ona görə Qarabağla bağlı ümummilli mitinqdə bəzilərinin islami şüarları istismar edərək fəsad törətməsi inkar edilməli olan bir hadisədir. Bu şəxslərin imanla, islamla əlaqəsi belə ciddi sual doğurur. Xüsusi ilə, həyatını islamla, imanla, əxlaqla, ənənə ilə savaşa həsr etmiş deist, ateist, liberal mediaların bu “islamçıları” dönə-dönə göstərməsi maraq doğurur. İlk olaraq, bu hadisənin dinimizlə əlaqəsi olmadığını ifadə etmək istərdim.
Daha sonra, bəzi möminlərdə yaranan suallara cavab vermək istərdim. Qarabağ savaşının möminlərlə hansı əlaqəsi olmalıdır? Bəzilərinin dediyi kimi bu bizim savaş deyildirmi? Sualın doğmasının obyektiv və subyektiv səbəbləri vardır. Müəyyən zaman kəsiyində ölkəmizdə dini siyasətin həyata keçirilməsində yol verilmiş bir sıra problemlər bu sualın əmələ gəlməsinin səbəbidir. Ola bilər ki, bəziləri düşünür ki, hicabla bağlı problemlər və s. olan bir ölkə üçün savaşmağa dəyərmi? Ancaq tarixi prosesi təhlil etmək üçün lazımi potensialın olmaması, müasir şəraiti Quran və sünnət işığında müasir reallıqlarda anlaya bilməmək də anlam probleminə səbəb olur.
Nə deyim, bir dindar kimi mən də müəyyən zamanlarda belə şeylər ətrafında düşünmüşəm. Lakin yenidən məsələlərə qayıdaraq onları bir daha təhlil etmək müəyyən məsələləri mənim üçün aydınlaşdırıbdır. İlk qənaətlərimdən biri odur ki, biz dindarların təqdimatlarında da problemlər az olmayıbdır. Bu haqda çox yazdığım üçün məsələyə yenidən dönmək istəmirəm. Sizə Qurandan bir misal verim siz Kəhf surəsini oxudunuzmu? Zülqərneyni tanıyırsınızmı? “93. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan bir tayfa gördü. 94. Onlar dedilər: "Ey Zülqərneyn! Yə’cuc-Mə’cuc bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ versək olarmı?" 95. O (Zülqərneyn) dedi: "Rəbbimin mənə verdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim! 96. Mənə dəmir parçaları gətirin!" (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: "(Körükləri) üfürün!" - dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: "Mənə ərimiş mis gətirin, onun üstünə tökün!" dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi). 97. (Yə’cuc-Mə’cuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.” . Zülqərneynin burada, indiki dillə desək xarici düşmənə qarşı yardım etdiyi xalqın mömin olmasına dəlalət edən bir dəlil yoxdur. Hətta Quranda bu xalq söz anlamaz bir xalq olaraq vəsf edilir. Zülqərneyn isə onlara yardımını sadəcə Rəbbi üçün edəcəyini bildirir, eyni zamanda bu işdə onları da səfərbər edir. Bu Qurani bir hikmətdir, bir nümunədir, xarici təvacüzə uğrayan və zülm edilən bir xalqa yardım etmək üçün iman şərtinin olması heç də həmişə lazım deyildir.
Əgər Zülqərneyn onunla bu xalqı bağlayan heç bir qan və din bağı olmadan müdafiə edirsə biz bir zaman işğalçıların zülmü ilə dinindən qoparılmış qandaşlarımızdan, yurddaşlarımızdan kənardamı dayanmalıyıq. Ola bilər ki, dərhal burada belə bir sual doğsun ki, islamda millətçilik yoxdur. Doğrudur, islamda irqi mahiyyətli millətçilik yoxdur, islam Allahla əlaqələrə mane olan millətçilik təzahürlərinə qarşıdır. Lakin islam insanın milli fitrəti ilə bağını qadağanmı edir, məlun ermənilərə qarşı savaş məgər bizim Rəbbimizə olan ibadətlərimizə manemi olur. Tam əksinə! Biz öz canımızdan, qanımızdan, ənənə və inanc dünyamızdan ( əsrlərin gedişində problemlər yaransa da) olan həmvətənlərimiz üçün Zülqərneyn olmayaqmı?
Biriləri də deyir ki, bəs ölkəmiz Qərb üsul idarəsi formasını seçibdir. Doğrudur, bizim müsəlmanlar ilahi bir nizamın sevdalısıyıq! Lakin bu nizam iğtişaşla, qanla, fəsadla deyil mənəvi və fikri təbliğlə olan işdir. Sən, bu ölkənin tarixi inkişafını bilmədən danışırsan. Məgər bu ölkə azad ediləndə ilahi nizamı ona təklif edəcək zəmin, imkan və bilik vardımı? Məgər biz 1980-ci illərindən sonundan başlamış azadlıq hərəkatını Allah təqdir etməsə idi bu gün mömin ola bilərdikmi? Indi sizə bir tarixi misal verim ruslar X əsrdə Bərdə və Beyləqana qədər Azərbaycanı qarət etdilər, qırdılar, qadınları əsir aldılar. Xəzər xaqanları yəhudi idi, onların qoşunları muzdlu müsəlmanlar idi. Xaqanla sazişləri vardı. Müsəlmanlara qarşı savaşmayacaqdılar. Məhz bu ordu Vətənim Azərbaycanı qətl qarət edən həmin o qüvvənin əksəriyyətini geri dönüşdə yolda qırdı, əsirləri azad etdi.
Nəhayət, Seyyid Qutbdan və Həsən əl Bənnadan misal verən möminlər. Məgər siz bilmirsinizmi, ixvani-müslimin fədailəri Fələstində sionizmə qarşı savaşan zaman Misirda Kral Faruqlar hakimiyyətdə idi. Həmin fədailər yox biz ora getməyək çünki orada Kral Faruğun adamları vuruşur, cümləsinimi işlətdilər. Xeyr, əzizlərim! Islami mirası və tarixi prosesləri bir də incələyin. Məgər sizin evlərinizə canilər girsə, siz ibadət etmir deyə ana-atanızı, əhli-əyalınızı onlaramı verəcəksiniz. Əlbəttə ki, verməyəcəksiniz. Çünki bu zaman fitrətiniz, qeyrətiniz danışacaqdır.
Sizi bilmirəm, ancaq Qarabağ məsələsinin mənim üçün fəlsəfəsi də belədir. Qarabağ və torpaqlar bizə əcdadın yadigarıdır. Rusiya işğalı, Sovet dövrünün burada apardığı siyasət nəticəsində ölkəmə və onun insanın əqidəsinə verilmiş fəsad bu torpaqlara olan fitri sevgimə xələl gətirməz. Mənim bu sevgim məni dinimdən də ayırmaz, ibadətimə də mane olmaz!

Azər Hüseynov.
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

Agxeber.com

MÜƏLLİFİN DİGƏR YAZILARI