AZƏR HÜSEYNOV

Rusiya konstitusiyası: Avrasiyaçılıq sekulyar qlobalizmə qarşı – Azər Hüseynovun yazısı

Rusiya konstitusiyası: Avrasiyaçılıq sekulyar qlobalizmə qarşı – Azər Hüseynovun yazısı

AZƏR HÜSEYNOV

Rusiyada konstitusiya dəyişiklikləri oldu. Ölkəmiz Rusiya ilə qonşu olduğu üçün bizi bu ölkədəki proseslər dərindən maraqlandırır. Rusiya ilə birgə davam etmiş uzun bir tarixi keçmişimiz vardır. Rusiya bizi XIX əsrdə işğal etmiş, qısa fasilədən sonra işğal sovet simasına bürünərək, davam etmişdir. İndi isə biz Rusiya ilə ikitərəfli münasibətlərə malik bir dövlətik. 

Qarşılıqlı münasibətlərimizin gərgin olan dövrləri də olub. Ancaq Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlər beynəlxalq hüquq prinsiplərinə qaytarıldı. Fəqət zaman-zaman Rusiya bu və ya digər vasitələrlə bizim bölgəmizə, eləcə də ölkəmizə təzyiq göstərməyə çalışıb. Xəzər məsələsi və Ermənistanın işğalçı amili Rusiya siyasətinin təzyiq alətləri kimi məlumdur. 

Azərbaycan dövləti də müxtəlif vasitələrlə həm Rusiya ilə normal münasibətləri qorumağa, həm də öz maraqlarını müdafiə etməyə çalışıb. Bəzən Rusiya ilə bağlı olaraq çox emossional ritorikaya sahib siyasi təhlilçilərimizi, analitiklərimizi də görmək olur. 

Bu şəxslər Rusiya dövlətinin tarixini, fəaliyyət metodikasını, xarici siyasətdə qəfil addımlar ata bilmə imkanlarını, silahlı potensialını, kəşfiyyat şəbəkəsi imkanlarını nəzərə almırlar. Təbii ki, Rusiya ilə münasibətlər diqqətlilik tələb edir. Ciddi təhlil, səlis ifadələr, ən başlıcası isə Rusiyaşünaslığın inkişafını tələb edir. Bu, rus demiş, “qaloçka” qoymaq üçün öyrənmək deyildir. Rusiyanı dövlət olaraq, müxalifət olaraq, siyasi cərəyanlar olaraq, nəzəri-ideoloji fikirlər olaraq öyrənmək deməkdir. Çünki Rusiya artıq 300 ildir ki, ərazilərini genişlədən, yaxud da aqressiv siyasi kurs yürüdə bilən, ideoloji, qlobal, regional hədəfləri olan dünya dövlətidir.

İndi isə diqqətinizi Rusiya konstitusiyasına dəyişikliklərin ideoloji tərəflərinə çəkmək istəyirəm. 67-ci maddəyə edilən dəyişiklikdə qeyd edilir ki, Rusiya Federasiyası, bizə ideallarını və Allaha inamını ötürən əcdadların xatirəsini qoruyub saxlayır. Rusiya Konstitusiyasına edilən bu dəyişiklik rus dövlətinin xarakterini sekulyar olmaqdan çıxartmaqdadır. Yəni Rusiya konstitusiyası Allaha inanca rəsmiyyət verərək, əslində, son 200 ildə müvəffəqiyyətlə irəliləyən Qərb tərzi sekulyar fikrə qarşı hüquqi baryer qoymaqdadır. Məsələ burasındadır ki, Rusiya dövləti bəlkə də, bununla geniş coğrafiyada hedonizmə, nihilizmə qarşı narazı olan ənənəviçiləri öz şəmsiyyəsi altına toplamaq istəyir. Bu, sanki sekulyar qloballizmə qarşı Avrasiyaçı bir alternativdir. Avrasiyaçılıq fikri siyasi nəzəriyyəçilərə məlumdur. 

Rusiya konstitusiyasına daxil edilən ikinci mühüm yenilik isə ailə müəssisəsinə verilən ənənəvi tərifdir. Evliliyi bir kişi və qadının birliyi olaraq təyin edən Konstitusiya LGBT anlayışına hüquqi zəmi hazırlanmasını kökündən inkar edir. Bəlkə də Rusiyadakı analitiklər hesab edir ki, qloballizm təhlükəsinə qarşı dayana bilməyin yeganə yollarından biri ənənəvi ailəni qorumaqdır. Post-pandemiya dövründə bu məsələlərin yenidən gündəmə gətirilməsi mümkündür. Dünya dəyişəcəksə, bir çox anlayışlar, xüsusi ilə qloballizmin və ultra-sekulyar demokratiyaların anlayışlarına yenidən baxılacaq. Son dövrlər Türkiyə ilə Rusiya arasında münasibətlərin inkişafı, eləcə də bir çox məsələlərə ortaq baxışın olması da bununla bağlıdır.

Daha sonra Rusiya konstitusiyasına edilən dəyişikliklərdə milli qanunvericilik Rusiya ərazisində beynəlxalq qanunvericiliyin fövqünə yüksəldilir. Bəlkə də bu, son zamanlar beynəlxalq hüquqda qəbul edilmiş qanunların qloballizmə uyğunlaşdırılması ilə bağlıdır. Qloballist yanaşmada transmilli qurumlar dövlətüstü təsisatlardır. Maraqlısı odur ki, BMT-nin işləklikliyinin şübhə altına alındığı bir dövrdə Dünya Səhiyyə Təşkilatının (DST) koronavirusla gündəmə daxil olması mənzərədə bəzi dəyişikliklər etmişdi. Rusiya beynəlxalq qanunların özünə qarşı təsir vasitəsi kimi istifadə edilməsini istəmir. 

Bütün bunlar onu deməyə əsas verir ki, pandemiya sonrası Rusiyanın fəaliyyətləri üçün ideoloji zəminlər hazırlanır. Rusiya dərin dövlətinin millətçi qanadı dünyanın təkqütblü xarakterinin xalqları bezdirdiyini görür. Bunun üçün bütün rıçaqlarını işə salır. Bəs bizə belə ortamda nə düşər? Məlumdur ki, Rusiya dövlətinin qanunvericiliyindəki dəyişikliklər bu dövlətin ambisiyaları ilə ciddi bağlıdır. Rusiya zaman-zaman aqressiv pressinq edə bilən dövlətdir. Onun bölgəmizdə ehtimal edilən mənfi xarakterli addımlarından necə qorunmaq mümkündür. Əlbəttə ki, bizim marağımızdadır ki, Rusiya ilə normal münasibətlərə malik olaq. Amma bu, dövlətin daxilində neoimperialist xülyalarla yaşayan güc mərkəzlərinin olduğunu da unutmamalıyıq. Bəs biz nə etməliyik? Bunu iki qismə ayırıraq, ələ almaq olar: birincisi, xarici siyasi baxımından, ikincisi daxili-ideoloji baxımından. Xarici siyasi baxımından bölgədə getdikcə imkan və vasitələri artan, türk-müsəlman dünyasında təsiri güclənən Türkiyə ilə daha da yaxınlaşmaq məqsədəuyğundur. Çünki Rusiya dövləti Türkiyə ilə hesablaşmaqdadır. Təbii ki, bu maraqlara dayanan bir hesablaşmadır. Türkiyə Rusiya qədər iddialı, eləcə də təsir imkanları baxımından türk-müsəlman dünyasında təsirli bir gücdür. Türkiyə hərbi sənayesi rus silahı üzərində öz təntənəsini göstərməkdədir. 

Daxili siyasi baxımından isə dövlət təhlükəsizliyinin təmin edilməsi üçün anti-imperiallist milli platformanın formalaşdırılması lazımdır. Bu platforma xalq arasında anti-imperiallist ideoloji iş aparmaqda, eləcə də daxili resurs və imkanları konsalidasiya etməkdə dövlətə kömək edə bilər. Bunlar məsələlərin ümumi cizgiləridir. Onların təfsilat və detallarını isə müvafiq elmi institutlar hazırlamalıdır. Bunun üçün isə humanitar tədqiqat sahələrində anti-neoimperialist bir ideoloji abu-hava olmalıdır.

Azər Hüseynov.
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti


Avropa.info

MÜƏLLİFİN DİGƏR YAZILARI