AZƏR HÜSEYNOV

İntellekt, nitq qabiliyyəti və ruhaniyyət

İntellekt, nitq qabiliyyəti və ruhaniyyət

AZƏR HÜSEYNOV
Cəmiyyətdə özünü təqdimetmə prosesində önəmli məsələlərdən biri əqli qabiliyyətlər və intellektual səviyyədir. Intellektual səviyyənin inkişafı ciddi mütaliə prosesi tələb edir. Eyni zamanda, ictimaiyyət içərisində intellektuallığın göstəricisi insanları narahat edən aktual məsələlərdə agahlıqdır. Bu, ictimai-siyasi fəaliyyətdə olan şəxslərdə, həmçinin cəmiyyətin dini islahı ilə məşğul olan insanlarda vacib və olması zəruri tərəfdir. Cəmiyyəti narahat edən hər hansı isə bir məsələnin səbəb-nəticə əlaqələrini uzlaşdıra bilmək qabiliyyətinə sahib olmaq lazımdır. Bunun üçün isə milli və dünya tarixi, iqtisadi proseslərin ümumi axarı, siyasi elmlərin təməl qanunları, fəlsəfə və fikir dünyasından məlumatlılıq gərəkməkdədir.

Ola bilər ki, bu yazdıqlarım kimin üçünsə primitiv gəlsin. Lakin hesab edirəm ki, bu xüsusiyyətlərin inanclı kəsimdə tamamlanması lazımdır. İnanclı insanların böyük əksəriyyətində milli tarix, dünya tarixi, sosial məsələlər haqqında bilik çatışmazlığı vardır.  Ona görə də, cəmiyyətlə bağlı məsələlər haqqında danışarkən kifayət qədər əhatəlilik bir kənara, mahiyyətə yaxınlaşma belə hiss edə bilmirsən. İnanclı insanlar, eləcə də cəmiyyətin özünü ənənəviçi hesab edən hissəsi bu haqda düşünməlidir. İctimai proseslərin mahiyyətini tam anlamayanda, yaxud da heç anlamayanda adekvat fəaliyyət üsuluna yiyələnə bilmirsən. Bir də baxırsan ki, ya sən süst birisisən, yaxud da ki, dəhşətli həddə qədər radikallaşdırılmış asosial bir elementsən.

Mütaliə ilə yanaşı intellektual inkişafda müzakirə də önəmlidir. Müzakirə mövzularını ancaq dəstəmazın alınması üzərində təkrar-təkrar müəyyən edən inanclılar bu gedişlə heç bir zaman ictimai prosesin bir tərəfi ola bilməz.  Heç bir peyğəmbər ictimai prosesdən özünü təcrid etməmişdir. Ümid edirəm ki, nə zamansa inanclılar da işsizlik və nizamlanması, sosial münasibətlərin mahiyyəti, islami fikirlər və nəzəri baxışlar, onların digər opponent fikirlərlə müqayisəsi haqqında müzakirələr aparacaqlar. Ən başlıcası, bunu müzakirə mədəniyyəti ilə həyata keçirəcəklər. Öz arasında müzakirə edə bilmək qabiliyyətindən məhrum topluluqlar böyük cəmiyyətlərə nə verə bilər ki?

İkinci önəmli məsələ nitq qabiliyyətinin inkişafıdır. Bunun üçün əlbəttə ilk öncə öz xalqının dil və ədəbiyyatına aşina olmalısan. Peyğəmbərlərin ən bariz xüsusiyyətlərindən biri də natiqlik idi. Natiqlik isə həmişə qəliz danışmaq deyildir. Yerinə görə dil üslubiyyəti seçə bilməkdir. Sadə insanlarla sadə üslubiyyətlə səlis danışa bilməkdir. Ancaq eyni zamanda, qəliz dil üslubiyyəti ilə özündən razı olan müştəbehlərlə qəliz danışa bilməkdir. Natiqlik elə bir zərurətdir ki, Musa əleyhissəlam bunun üçün məxsusi dua etmişdir ki, dildəki düyünlər açılsın və insanlar onu başa düşsünlər. Biz isə nə etdik danışıqlarımızı özümüzün belə anlamadığı istilahlarla doldurduq. Danışmağı öyrənin, müdürlər!

Nəhayət, ruhaniyyət. Yəni, ruhani dünyanın sağlam saxlanıla bilməsi. Bu baxımından biz inanclılara çox böyük yük düşür. Biz nümunə olmaq məcburiyyətindəyik. Ruhaniyyət ətrafındakı insanlara qəlb rahatlığı verə bilməkdir.  Əgər, bunlara riayət edə bilsək biz cəmiyyətə sağlam mesajlar verə biləcəyik. Bizlərin içərisindən sağlam fikirləri ilə cəmiyyətdə maraq oyadacaq insanlar çıxacaqdır. Ümid edirəm. Hər şey ümiddən başlanır, ümid inamdan doğur, inam ağıldan başlanır, ağıl qəlblər qidalanır, qəlb canıyananlıqla ayaqda durur. Məgər, sizin cəmiyyətə canınız yanmırmı?

Azər Hüseynov.
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

Agxeber.com

MÜƏLLİFİN DİGƏR YAZILARI