AZƏR HÜSEYNOV

İslam Azərbaycanda: qət edilən məsafə

İslam Azərbaycanda: qət edilən məsafə

AZƏR HÜSEYNOV
Yaşadığımız siyasi-coğrafi məkanda tarixi prosesləri düzgün təhlil edə bilməsək bu günkü halımıza düzgün dərman hazırlaya bilmərik. Azərbaycan adlı yurdumuz Şərqin islamla şərəflənən ilk bölgələrindəndir. İslamı bu bölgəyə rəsulullahın səhabələri gətirmişlər. Bir çox məşhur səhabə, o cümlədən Hüzeyfə ibn Yəmən Azərbaycanda olmuşdur. VII əsrdə başlayan islamlaşma prosesi, demək olar ki, IX əsrdə tamamlanmışdır. Artıq Azərbaycan islam ümmətinin bir parçası olmuşdu. Burada ictimai həyatın bütün sahələri islami təmələ dayanmışdı.

Xüsusi ilə əxlaqi və düşüncə sistemimiz islami dəyərlər üzərində qurulmuşdu. Qədim mədən incilərimizi, ədəbiyyatımızı incələdikdə bunu açıq bir şəkildə görürük. Eyni zamanda, islam bölgəmizdə xalqların birləşməsinin əsas amillərindən oldu. Türk xalqlarının islamlaşma prosesinin zorla olmadığını isə nəinki milli tarixşünaslığımız, həm də əcnəbi tarixçilər də qeyd edirlər. Qafqaz bölgəsində islamı təmsil edən ərəblərlə savaşmış olan xəzərləri istisna etmək lazımdır, təbii ki. Doğrudur, bu tezisi qəbul etməyən tarixçilər də vardır. Ancaq tarixi həqiqət onu göstərir ki, islamı qəbul etmiş olan türklərin kimlik şüuru qeyri-dinlərdəkindən daha yüksək idi. Bu gün də türk coğrafiyasında islamı qəbul etməmiş türklərin kimlikləri ortadadır. Onların əksəriyyəti ciddi dil və kimlik assimilyasiyasına məruz qalmışlar.

Qafqazda islam eyni zamanda, türk xalqları, Qafqaz xalqları və irandilli xalqlar arasında bir qardaşlıq şüuru formalaşdırmışdır. İslamın dominant düşüncə sistemi olması Rusiya işğalına qədər davam etmişdir. İşğal etdikləri bölgələrdə xalqların kimlik şüurlarını qətl etmək istəyən qüvvələrin ilk savaş açdığı da islam olmuşdur. Qazan xanlığının işğalından sonra Rusiya dövləti tatarlara qarşı bir soyqırım həyata keçirdi. Tatarların və başqırdların əksəriyyəti bütün bu terrora baxmayaraq islami kimliklərini itirmədilər. Ancaq xristianlığı qəbul edən tatar və başqırdlar isə kimlik şüurunu tamamilə itirdilər. Qafqazda da eyni siyasət yeridildi. Lakin işğalçılar Şimali Qafqaz xalqlarını, həmçinin Cənubi Qafqazın ən böyük xalqı olan Azərbaycan türklərini islamdan uzaqlaşdıra bilmədilər. Bunu edə bilmədiklərini gördükdə Rusiya tamamilə başqa bir yol seçdi. İntellektual çevrələrin düşüncə sistemindən islamı uzaqlaşdırdı. Rus-tatar məktəblərinin məzunlarının, həmçinin Rusiyanın Qafqaz administrasiyasında çalışan “ oxumuşların ” əksəriyyətini ideoliji olaraq islam düşməninə çevirə bildilər. Daha sonra Sovet quruluşu 1930-cu illər represiyaları ilə savadlı din xadimlərini, eləcə də islamın kimliyində xüsusi yer tutduğu ziyalıları məhv etdilər. Azərbaycan xalqının dinsizləşdirilməsi istiqamətində ciddi işlər görüldü. Təəssüf ki, digər Qafqaz xalqlarından fərqli olaraq azərbaycanlılar islami özünüaid etmədən demək olar ki, məhrum edildi. Toylarımız, mərasimlərimiz işğalçıların mərasimlərindən fərqlənməz hala gəldi. Buna baxmayaraq, yenə də xalqımız ateizmin pressinqinə baxmayaraq ateizmi mənimsəmədi.

1990-cı illərdən isə islama da bir qayıdış başladı. Doğrudur, islamın yenidən canlanmasında əcnəbi ölkələrdən gələn təbliğatçıların da rolu dominant idi. Bu da başa düşülən idi. Çünki yerli kadrlarımız yox idi. Ölkəmizdə islami qayıdışın pozitivləri ilə yanaşı, neqativləri də oldu. Neqativlərin başında gələn məsələ o idi ki, dini təqdimatlar məzhəbi xarakterli idi. İslami qayıdışın liderləri arasında ciddi intellektual zəiflik, ictimai məlumatsızlıq və öz xalqının tarixindən məlumatsızlıq vardı. İslamın ümumi ana mesajlarından daha çox əhkami məsələlər gündəmə gəldi. Bu isə, dindar camia daxilində mübahisələrə, bəzi hallarda isə lazımsız söhbətlərə gəldi çıxdı. İslamla şərəflənən yeni nəsillər islamı bir fikri, estetik, mədəni layihə olaraq təqdim edə bilmədi. Həmçinin islami qayıdış çevrələri ictimai problemlərin nizamlanmasına sivil layihələri ilə ictimai müzakirələrə daxil olmaqdan çəkindilər.

İslam və fəsləfə, islam və mədəniyyət, islam və dünyanın anlaşılması haqqında dərin intellektual təqdimatlar həyata keçirə bilmədilər. Digər müsəlman ölkələrinin ictimai dözümsüzlük və qarşılıqlı ittiham modellərini bura gətirdilər. Bu da təbii idi, ancaq ən azı ikinci mərhələdə inanclılar bu səhvlərdən nəticə çıxarmalı idilər. İslami qayıdış cəmiyyətə faydalı, dərin məsələlərə işıq sala bilən şəxslər ortaya çıxarmalı idi. Ən başlıcası, bunun üçün dalaşqanlıq metodunu tərk etmək lazım idi. Ona görə heç olmasa indi bunu anlamağımız lazımdır. Mədəni bir üslubiyyətlə, qarşımızdakıları dinləyə bilməklə gündəmə gəlməyimiz lazımdır. Mövcud reallıqları kökündən inkar etməklə, marjinal olaraq bir köşədə itib batmaqdan xilas olmağımız lazımdır. Hərfiyyətçilik və xırdaçılıqdan xilas olmağımız lazımdır.
Siyasi, ictimai, statusundan asılı olmayaraq fikri mübadilə prosesindən qorxmamağımız lazımdır. Bəzi media orqanlarının üstümüzə biçdiyi terrorçu, geriçi paltarını əynimizdən çıxarmağımız lazımdır. Yumşaqlıq, təklifvericilik üsulunu mənimsəyimiz lazımdır. Xüsusi ilə mədəni prosesdə kənarda qalmışıq. Biz inanclılar olaraq Azərbaycan dindarının mədəni və şəxsiyyət modelini ortaya qoya bilməmişik.
Bütün bunları düşünməyimiz lazımdır. Təbii ki, hamı bizimlə razılaşmayacaqdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI