AZƏR HÜSEYNOV

Əbu Zərr vicdanı, ədalət və fədakarlıq

Əbu Zərr vicdanı, ədalət və fədakarlıq

AZƏR HÜSEYNOV
Bəzi anlayışlar vardır ki, onların olması cəmiyyətin sağlamlığına təsir edən əsas amillərdəndir. Bu anlayışların zəifləməsi, yoxa çıxması cəmiyyətləri və insanları süqut etdirir. Cəmiyyətlərin xarakterini dəyişir. Qarşılıqlı etimadı azaldır. Bununla da fədakarlığı ortadan qaldırır. Hərdən düşünürəm ki, bəzi Quran ayələrində nə üçün “Allah ölümü və həyatı yaratdı”, deyilir. Yəni, ölüm həyatdan öncə gəlir. Uzun düşüncələrdən sonra anladım ki, insanlar, topluluqlar, cəmiyyətlər və millətlər öz amalları uğrunda ölümü yaşamaqdan öncə öyrənməsələr, həyat haqqına sahib ola bilməzlər. Bunun üçün isə vicdanların amallara sadiq olması lazımdır.

Vicdan insan fitrətinə Allahın yerləşdirdiyi “SİMA QORUYUCUSU” dur. Vicdan problemləri çəkən biri nə öz simasını, nə ailəsinin simasını, nə toplumunun simasını, nə də millətinin simasını qoruya bilməz. Ən başlıcası isə vicdan xəstəsi əqidəsinin simasını qoruya bilməz. Ona görə insanlar içərisində təbliğ ediləcək ilk şey, övladda tərbiyyə ediləcək ilk tərəflərdən biri vicdan olmalıdır. Dünyanı əqidəsinə qarşı vicdanlı insanlar dəyişibdir. Onların əqidələrinin mahiyyəti başqa söhbətin mövzusudur. Məsələn, ilk Mədinə İslam Dövlətini vicdanlı səhabələr qurdu, dünyanın ilk sovet dövlətini vicdanlı bolşeviklər qurdu. Erməni təcavüzü başlayarkən evlərini tərk edib döyüşlərə gedənlər vicdanlı millətsevərlər oldu. Ona görə də vicdanlı fərd, vicdanlı cəmiyyət, vicdanlı toplum və vicdanlı millət ola bilmək lazımdır. Və sənin vicdanın əqidəndən qidalanmalıdır. Bərəkətlənməlidir. Sən bu millətin xilaskarlarından olmaq istəyirsənsə vicdanın vicdanlar yetişdirsin. Vicdan olmazsa ədalər olmaz!

Ədalət olmazsa əgər, səadət də olmaz. Ədalət fərdin nəfsinə, ailənin ətrafına, cəmiyyətin məsələlərə, millətin isə hər kəsə meyarı olmalıdır. Allah yerləri və göyləri ədalət üzərində bərqərar etmişdir. Günəş ayın, ay günəşin yerinə iddia etməz. Ədalətin bərqərar edilməsi ilk öncə fərdlərdən, sonra ailələrdən, sonra da millətlərdən başlayır. Ədalətin axsaması düzənin axsamasıdır. İslam mütəfəkkirlərinin bir sözü var- Ədalətli qeyri-müsəlman ölkəsi abad, ədalətsiz müsəlman ölkəsi isə bərbad olar. Ədalətə sevdalanmış fədailərin olması isə bir başqa əsasdır. Biz bu gün ədalət aşiqlərinin azlığından əziyyət çəkirik. Rəbbimiz bizə əmr edir ki, ədalətli olaq, bu bizim maraqlarımıza qarşı olsa da. Ona görə ədalət pərvanəsi olmaq lazımdır. Ədalət pərvanəsi sonda yanır. Amma onun özünü oda vurması odu gündəmdə saxlayır. Ədalətin hərarətini gündəmdə saxlayan ədalət pərvanələridir. Bu ruhda bir gəncliyə, bu hikmətdə də ağsaqqallara ehtiyac vardır ki, millətimiz kapitalizm çarxını fırladan sıçan misalı olmasın.

Nəhayət, fədakarlıq. Bu gün önəmli bir anlayışdır. İman etdiyimiz Muhamməd Mustafa üzərinə Allahın salamı olsun, bizə demədimi ki, qardaşının ehtiyacı üçün yerindən tərpənən peyğəmbər məscidində ibadətə qapanandan daha xeyirlidir. Bu fərdlərin ehtiyaclarına aiddirsə toplumun ehtiyacına daha çox aiddir. Fədakarlıq toplumun ehtiyacları üçün malını sərf edən zənginlərə, dilini sərf edən natiqlərə, canını sərf edən igidlərə, ziyasını sərf edən ziyalılara, duasını sərf edən abidlərə ehtiyac duyur. Fədakarlıq anlayışını genişliyi ilə, ictimai tərəfləri ilə ələ ala bilməyən topluluqlar söz sahibi ola bilməzlər.

Bütün bunları nə üçün yazdım. Xüsusi ilə siyasət dünyamızın bu məfhumlara ehtiyacı vardır. Vicdan, ədalət və fədakarlıqlara ehtiyacı vardır. Siyasət dünyamızın yeni tip siyasi düşüncəyə və Əbu Zərrlər kimi VİCDAN, ƏDALƏT VƏ FƏDAKARLIQ ruhuna sahib olan insanlara ehtiyacı vardır. Eyni zamanda yeni bir siyasi kütləyə ehtiyacı vardır ki, onun ictimai fəaliyyəti, siyasi hədəfləri VİCDAN, ƏDALƏT VƏ FƏDAKARLIQ olsun.
Biz balaca ölkəyik ancaq VİCDANLI, ADİL VƏ FƏDAKAR ƏDALƏT PƏRVANƏLƏRİNƏ sahib olsaq əslində balaca ölkədən böyük vulkanlar çıxarda bilərik. O, bölgəmizi, qövmümüzü, ümmətimizi və dünyanı sarar.


Agxeber.com

MÜƏLLİFİN DİGƏR YAZILARI