AZƏR HÜSEYNOV

Dözümlülük və Müzakirə

Dözümlülük və Müzakirə

AZƏR HÜSEYNOV
İctimai-siyasi və psixoloji gərgin ortamlarda önəmli məsələlərdən biri də dözümlülükdür. Dözümlülük müxtəlif cür izah edilir. Bəzən dözümlülük dedikdə mütləq olaraq hər şeyə dözmək başa düşülür. Bu insani olaraq da, əqidəvi olaraq da mümkün deyildir.
Bəzən isə dözümlülük dedikdə fərqli fikirləri dinləmək başa düşülür. Bütün cəmiyyətlərin inkişafının təməlində dayanan məsələ də budur. Fərqli fikirləri psixoloji yumşaq ortamda dinləyə bilmək. Yəni, fərqlilikləri dinləyərkən iynə üstündə olmamaq, qarşıdakının fikirlərini həqiqət axtarışı ilə incələmək. Bu ümumi bir qaydadır. Bu qaydanın bizim ölkədə tətbiqi zəruridir. Əks halda biriləri bizi barıt çəlləyinə çevirə bilər. İstənilən bir məsələdə ədəb qaydalarını keçməmək şərti ilə istənilən insanın fikir söyləyə biləcəyi zəmini qurmaq lazımdır. Vətəndaş istənilən halda öz tənqidini, təklifini ortaya qoya bilməlidir. Xüsusi ilə müvafiq qurumların, məmurların, millət vəkillərinin, siyasi hakimiyyətin müxtəlif qanadlarının vətəndaşı dinləməsi dünyəvi xilasın əsasıdır. Eyni zamanda müvafiq qurumların, icra orqanlarının qəbul etdikləri qərarlar verilən zaman ictimai rəy nəzərə alınmalıdır. Son zamanlar, oxuyuruq ki, bəzi sosial tədqiqat məqsədli dövlət qurumları təsis edilibdir. Ancaq bir vətəndaş olaraq onların ictimai fikrin nəticələrini dərc etməsini görə bilmirik. Bu yaxınlarda həmin qurumlarından birini təmsil edən şəxsi dinlədim. Əliboş gəlmişdi müzakirərəyə. Haradadır bəs qeydlər, statistika, rəy sorğuları?
İctimai rəy nəzərə alınmadan qəbul edilən qərarların ciddilik çəkisi həmişə az olur. Müəyyən vasitələrlə müvəqqəti olaraq onları reallaşdırmaq olar. Ancaq onların davamlılığını, yaxşı qarşılanmasını, ictimai dəstək görməsini təmin etmək mümkün deyildir. Elə götürək pandemiya zamanı həyata keçirilən sosial dəstək fəaliyyətini. Biz artıq karantin yaşayırıq. Amma bu karantin zamanı sosial dəstək qərarları qəbul edilərkən ictimai rəylər nə qədər nəzərə alınır, sual doğurur.
Gün ərzində, həftə ərzində, hətta bir neçə saat ərzində qərarların anidən dəyişməsi hansı elmi-sosial əsasa və tibbi araşdırmalara dayanır. Bu da sual doğurur. Bu cür olduqda vətəndaş gərgin olur. Gərgin olan şəxs və qruplar isə müzakirədə iştirak edə bilməz. Kim görüb ki, gərgin psixi vəziyyətdə həmsöhbətlər bir xeyirli məcraya gəlsinlər.
Ona görə də dözümlülük və müzakirə ortamının qurulması vacibdir. Müzakirələrdən ideyalar doğar. İdeyalar hətta idarə edənlərin əlində pozitiv imkan və vasitələri artırar. Müzakirə üçün kökündən fərqli fikirlər görə zəmin formalaşdırın möhtərəmlər! Vallahi bu elə birinci sizin xeyrinizədir.

MÜƏLLİFİN DİGƏR YAZILARI