AZƏR HÜSEYNOV

Dini siyasət və real dini kütlə

Dini siyasət və real dini kütlə

AZƏR HÜSEYNOV
Dini siyasət formalaşan zaman nəzərə alınması zəruri məsələlər var. İlk öncə bu sahədə çalışan məmurlar anlamalıdır ki, dinə təhlükə kimi baxmaq olmaz. Hər nə qədər bu cəmiyyət sekulyarlaşsa da din ictimai dəyərdir. Dinin kifayət qədər təsirə malik olduğu bölgələr vardır.
Əgər hansı isə bir səhv buraxılarsa bu xarici dediyimiz qüvvələrin əlinə oynayar. Maksimal sekulyarlaşdırma dövlətin maraqlarınadırmı? Qətiyyən! O zaman 44 günlük savaşın motivasiya elementi olan şəhadət qavramını necə izah edəcəksiniz?
"İNŞAALLAH QALIB gələcəyik!" söz birləşməsindən "İNŞAALLAHIMI" çıxardacaqsınız?
Bu xalq sekulyarlaşarsa Azərbaycan dövlətinin mövcudluğu təhlükəyə girər. Hələ-hələ üç tərəfimizdə Bizans mirasçısı iddiasında olan dövlətlər var ikən.
Dini siyasət zamanı dindar kütləyə də təhlükə mənbəyi kimi baxmaq olmaz. Bu zaman siz hər vəchlə ona qarşı aqressiv olacaqsınız və bununla qarşılıqlı reaksiya alacaqsınız.
İftar verəcək şəxsə, namaz qılacaq insanlara "get müvafiq icra orqanından icazə al deməklə" ancaq problemə səbəb olacaqsınız.
Hər sahədə korrupsiya və məmur iştirakı zəiflədilərkən dindarın həyatına bu qədər "icazə tələbləri" nə üçün gətirilir ki? Sivil özünüifadəyə imkan yaradılan insanlar niyə aqressiv olsun ki?
Daha sonra möhtərəm məmurlar, real dini kütlə ilə görüşün. Məscid imamları və axundlarının bəziləri istisna əksəriyyəti dindarları təmsil etmir.
Öz maraqlarını təmsil edir. Onları rayon aktivlərinin iclaslarında oturtmaqla deyil. Onlar heç vaxt dövlətə dindarın dərdini deməyəcəkdir. Buna ciyərləri çatmaz. Bəziləri istisna.
44 günlük savaş dövlətin təhlükəsizliyi və ərazi bütövlüyündə dindarın səmimiyyətini ortaya qoydu.
Dindar feminist, homoseksualist, liberalist kimi "bu savaşı dayandırın" demədi. Vuruşdu, öldürdü və şəhid oldu.
Bayrağı qaldırıb, azan verən şəhidlər, Şuşa minarələrindən erməniyə azanı qılınc kimi sancanlar, əsgərinə "Şəhidlərə ölü deməyin!" ayəsini dəlil gətirən XTQ zabitləri, namaz qılıb torpağı öpən "Maştağa" təxəllüslü döyüşcü....
Ona görə məmləkətin salamatlığı dini və dindarı divara qısnamaqda deyildir. Deyirəm bəlkə ölkə başçısı edən kimi Ağdam məscidində dua etmək sizə nümunə olsun, din siyasəti ilə məşğul olan qurumlar.
Bir şeyi unutmayın. Allah öz nurunu yayacaqdır. Və bu nurun yayılması bizim ölkə olaraq, dövlət olaraq da marağımızdadır. Çünki indiki dünya geosiyasi reallığı bizim də marağımızda deyildir.
Bu reallıq makiavellist bir düşüncə üzərində qurulubdur. Qarabağda köməyə gələn anlayış isə SIHA-sına Ənfal surəsinin ayətlərini kod edən anlayışdır. Ona görə dinə anlayışlı yanaşın. İdarələrdə elmi ateizm ruhunu deyil, milli maraqlar ruhunu hakim edin.
Və bayrağa baxın!

MÜƏLLİFİN DİGƏR YAZILARI