AZƏR HÜSEYNOV

Milli dövlət və onun fikir əsasları

Milli dövlət və onun fikir əsasları

AZƏR HÜSEYNOV

"Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır" ("Hücurat" surəsi, 13-cü ayə).

Bəli, Allah insanların həyatının maraqlı və məhsuldar olması üçün onları cinslər, xalqlar və qəbilələr olaraq yaratmışdır. Bu rəngarənglik dünyaya bir gözəllik verməkdədir. Əsrlərdir mövcud olan bu mozaikanı kim dəyişdirməyə çalışıbsa, insanlığa bəla və müsibətlər gətirmişdir. Bəzi dövlətlər öz tarixlərində istila etdikləri, təsir altına saldıqları xalqları qətliam etmişdir. Lakin türk və müsəlman dövlətləri hansı isə bir xalqı tamamən, cismən və mənəvi olaraq məhv etməyə çalışmamışlar. Tam əksinə, onların tabeliyində yaşayan azlıqlara qarşı ədalətli və mərhəmətli yanaşmışlar. Bunun da səbəbləri vardır. Yuxarıda misal verdiyimiz Quran ayəsi bu fərqlilik mədəniyyətini formalaşdırmışdır. 

Ancaq dünya düzəni dəyişməyə başlayandan dünya bu ədalətdən məhrum olmağa başladı. Qərbin dünya düzənində yavaş-yavaş türk-müsəlman dövlətlərini sıxışdırıb çıxarması ilə yeni bir reallıqlar meydana gəldi. Bu, soyqırımı və assimilyasiya idi. Bəli, soyqırımı və assimilyasiya! Amerikada, Afrikada, Hind-Çində, İndoneziya və Avstraliyada, Yaxın Şərqdə xalqlar "Qərb mədəniyyəti"nin zülmü ilə üzləşməyə başladı. Qafqazda və Volqaboyunda isə Rusiya İmperiyası tatarların, Şimali Qafqaz xalqlarının genosidlərinə imza atdı. 

Dünyaya yeni mədəniyyət gətirdi bu dövlətlər. Özündən olmayanı məhv etmə mədəniyyəti! İndi isə dünyaya ədalətdən, dözümlülükdən söz edirlər. Kapitalist nizamının bərqərar olması bu dövlətləri bir qədər də qəddar etdi. Milli istismarın yanına bir də sinfi istismar əlavə edildi. 

İndi də elə bir dövrə gəlmişik ki, qloballizm deyilən fikirlər aparıcı siyasi xəttləri müəyyən edir. Yaxud da ki, müəyyən etmək istəyir. Dünya vahid insan tipi halına gətirilmək istəyir. Rəhmətlik Ərbəkanın dediyi kimi, vahid dünya dövləti qurulmağa çalışılır. Bu vahid dünya dövlətinin maliyyəsi kimin əlindədirsə, onun da ona xidmət edəcəyi, onun arzularını reallaşdıracağı aşikardır. 

Amma bəzən proseslər planlaşdırılan kimi getmir. Çünki bir həqiqət vardır. "Onlar (yəhudilər) hiyləgərlik etdilər. Allah da (onlara) hiylə qurdu (hiylələrini pozdu). Allah (hiyləgərlərə qarşı) hiylə quranların ən yaxşısıdır". ("Ali İmran" surəsi, 54-cü ayə).

Kovid pandemiyası bir sıra dövlətlərdə milli dövlətlərin əhəmiyyətini daha da gücləndirdi. Bir zaman ulus dövlətlər, Osmanlı başda olmaqla, müsəlman və türk dünyasını parçalamaq üçün bir vasitə edildisə, bu gün məhz onların varlığı yeni təhlükəyə qarşı – qloballizmə qarşı dirənişə çevrildi. Məhz bu səbəbdən də milli dövlətin yeni ideoloji xüsusiyyətlər kəsb etməsi ilə gücləndirilməsi, onun yad əqidəvi ünsürlərdən təmizlənməsi və ilahi istiqamətlə istiqamətlənməsi bizim də, insanlığında marağında olmalıdır. Milli dövlətin zərurətini 44 günlük Vətən Müharibəsində də gördük. Hər nə qədər bizim dövlət olaraq hələ milli dövlətə gedən yolda görəcəyimiz işlər çox olsa da, biz bunun cüzi işartılarını gördük. 

İndi bizə düşən milli dövlətin ideoloji və fikri təqdimatlarını hazırlamaq və sistemləşdirməkdir. Bunu necə izah edəcəyiksə, elə də şüurlara həkk ediləcəkdir. Əlbəttə, hamı eyni təqdimatı mənimsəməyəcəkdir. Amma biz bu fikir müzakirələri bazarına öz layihəmizi çıxarmaq məcburiyyətindəyik.

Azər Hüseynov
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

MÜƏLLİFİN DİGƏR YAZILARI