AZƏR HÜSEYNOV

Milli məfhumlar və milli dövlət

Milli məfhumlar və milli dövlət

AZƏR HÜSEYNOV

Bu yaxınlarda sosial şəbəkələrin birində yazılarımın birinə münasibət bildirən bir dəyərli insan məfhum anlayışını gündəmimizə gətirdi. Məfhum sözü, fəhm, anlayış deməkdir. Yəni insanların və cəmiyyətlərin hər hansı isə bir məsələdə anlayışları, qavrayışları, qəbul edilmiş fikirləridir.

Cəmiyyətləri isə fikirlər idarə edir. Bu fikirlər ilk öncə elmi, əqidəvi, ziyalı mühitlərində meydana gəlir. İlk meydana gəldikləri anda o qədər də ümumxalq dilində olmaya bilir. Ancaq sonradan bu fikirlər xalq arasında yayıldıqca həm onların dili sadələşir, həm də onlar üzərində nəsillər, insanlar tərbiyə alır. Bu insanların arasından isə onları idarə edən dövlət rəhbərləri, dövlət adamları formalaşır.

Bəli, idarə edən elitanın, öncül qrupların hansı fikirlərlə xalqaları idarə etməsi olduqca önəmlidir. Bir sıra hallarda məhz idarə elitasının, şəxslərin fikirlərinin dəyişməsi ümumiyyətlə xalqların inkişafının gedişatını dəyişə bilir. Bu anda yadına Quranda Süleyman əleyhissəlamın dəvətinə icabət edən Səba məlikəsi Belkis düşdü.

“Ona belə deyildi: “Saraya daxil ol!” Sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və ətəyini qaldırdı. O: “Bu büllurdan tikilmiş bir saraydır!” – dedi. Dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!”” (“Nəml” surəsi, 27/44).

Bir rəhbərin, idarə edən fikirlərinin yanlışlığı səbəbi ilə isə onunla birlikdə xalqlar, dövlətlər həlak ola bilmişdir. Burada da Misir fironunun özü ilə birlikdə ordusunu həlak etməsi yadıma düşdü:

“Həqiqətən, Firon, Haman və onların əsgərləri (küfr etdiklərinə, məsum uşaqları öldürdüklərinə, naşükür olub qürrələnən neçə-neçə məmləkəti (məmləkət əhlini) həlak etdik.” (Qəsas surəsi, 6)

Ona görə cəmiyyətdə məfhumların, fikirlərin sağlamlaşdırılması olduqca önəmlidir. Bir millət olaraq yüksəlişinin və özünəməxsusluğun qorunması, dostluq və qardaşlıq ailəsinin düzgün tapılması fikirlərin keyfiyyətindən və mənşəyindən asılıdır.

Məhz buna görə milli fikirlər ilk öncə inancımızdan alınmalıdır. Çünki bir cəmiyyətdə şəxsin, ailənin və cəmiyyətin mentallığını formalaşdıran inancdır. İnsanları bir yerə bir yığıb onlar arasında sağlam va formalaşdıran da inancdır. Ancaq bunun da bir şərti vardır. Əqli səlim olacaqdır, əxlaqı da inancından qaynaqlanacaqdır.

Bizim də tarixi inkişaf prosesimizdə sağlam və qüdərtli olduğumuz bütün dövrlər fikir dünyamınızı inancımızın qidalandırdığı dövrlərdir. İstər biz ilk islam dövləti dövründə, istərsə də Şəddadi, Rəvvadi, Şirvanşah, Səlcuqlu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı dövrlərində bu düstur üzərinə hərəkət etdik. Bu düstur dəyişdikdə isə torpaqlarımızda yad bayraqlar dalğalandı.

Milli fikirlərin formalaşması, sistemləşdirilməsi və ümumxalq mirasına çevrilməsi üçün məhz bu tarixi dövrü əsas almalıyıq. Bunlar əsasında yeni milli fikir sistemi qurduqdan sonra onun getdikcə hərtərəfli yayılması və oturuşması üçün mexanizm və vasitələr formalaşdırmalıyıq.

Bizim başqa alternativimiz də yoxdur. Bunun bütün əksləri bizim milli şərəfimizə düşmən oldu. Rusiya işğalının birinci çar mərhələsində maarifçiləri imanından uzaqlaşdıran fikirlər onları xalqlarından da uzaqlaşdırdı. Boynunda rus xaçının olmasını şərəf bilən bu maarifçilər xalqlarına xor baxdılar. Daha sonra sovet işğalı zamanı ateist-kommunist fikirlər xalqımızda Allaha olan inamı öldürə bilmədi, amma Allahdan olan əxlaqı getdikcə öldürdü. Biz libasda da, həvəsdə də bizdən olmayanlara bənzəməyə başladıq. Daha sonra milli mənəvi dəyərlərin axtarışına çıxdıq.

Hər iki Qarabağ savaşı milli dəyərlərin oyanış dövrüdür. Birinci Qarabağ savaşının bitməsi ilə xalqımızın milliləşməsindən qorxan bəzi güruhlar oldu. Məscid-mədrəsəyə, milli oyanışa o qədər də isti baxmayan, gözü də, üzü də şimalda olanlar. Allaha çox şükür ki, onlar daha sonra əvvəlki mövqelərini itirdilər. İkinci Qarabağ savaşı da liberal-qərbist fikirlərin ortasına milli bir balta vurdu. Dövlətin siyasi iradəsinin məscid və azan sözünü işlətməsi, Ağdamda da Qurana və məscidə ehtiramı milli olmayanları yaman incitdi. Onlar bu dəqiqə Azərbaycanı yenə o ifrat sekulyarist hala qaytarmaq üçün çalışırlar.

Məhz buna görə də insana, həyata, kainata, əşyaya bağlı milli məfhumları təbliğ edib, milləti də onların ətrafında səfərbər etməliyik və Dövlətimizi gücləndirməkdə davam etməliyik.

Azər Hüseynov
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti



Bizimsesimiz.info

MÜƏLLİFİN DİGƏR YAZILARI