AZƏR HÜSEYNOV

Bizi Qarabağa vətən, namus anlayışına yox deyən liberallıq aparmadı

Bizi Qarabağa vətən, namus anlayışına yox deyən liberallıq aparmadı

AZƏR HÜSEYNOV
Tarixi zamandayıq. Allahın izni ilə işğal edilmiş torpaqlarımız ordumuz tərəfindən azad edilir. Hər bir yeni qələbə Rəbbimin bir lütfüdür. Əməyi keçənlər də böyüyündən kiçiyinə qədər var olsunlar. Ən böyük nemət olan hidayət neməti hər birinə nəsib olsun Rəbbimin təqdiri ilə.

Mən sizin diqqətinizi məhz buna çəkmək istəyirəm. İtkilərimiz və qələbələrimizlə Rəbbimiz olan Allaha doğru yaxınlaşmalıyıq. Fərdlər olaraq, cəmiyyət olaraq.
Məsələlərə bir başqa pəncərə ilə də baxaq. Bir Azərbaycan oğlu oturmuşdu evində. Planları vardı. Övladları vardı. Arzuları vardı. Vətən Müharibəsi başlandı. Bu arzusu və planları olan oğulların bir qismi könüllü, bir qismi isə səfərbərliklə Vətənin müdafiəsinə getdi. Onlardan artıq şəhidlər var. Nə qəribədir, elə deyilmi? Gözləmədiyin anda, planlamadığın anda. Ölümə salam vermək.

Bir də bir Azərbaycan ailəsi vardı. Döyüşlərdən çox uzaqda evində oturmuşdu. Balaları ilə. Şərəfsiz və ləyaqətsiz düşmənin bombaları gəldi. Yenə planlar və arzular yarımçıq qaldı. Yenə ölümə salam verildi.

Deməli ölüm planlardan kənar gəlir. Elə isə Rəbbimizə aparsın itkilərimiz bizi. Bizim də planlarımız var. Arzularımız var. Bu yazını yazan da ehtiyatdan hər an çağırıla bilər. Ordu sıralarında ölümə salam verə bilər. Evində oturanda da.

Bir də Rəbbimizin bizə nəsib etdiyi zəfərlər. Zəfərlər də bizi Rəbbimizə aparmalıdır. Çünki bütün dünyanın zalimləri üstümüzə gəldiyi halda biz Onun mərhəməti ilə yolumuzdan dönmürük. Allah başımızda olanlar başda olmaqla millətimizə hidayət nəsib eləsin. Öz Sözünün ətrafında bizi birləşdirsin. Çünki bu savaşın hələ əvvəlidir. Bizi daha böyük hədəflər gözləyir.

Bu gün görürük ki, indiyə qədər sarıldığımız heç bir əqidə bizi Qarabağa aparmadı. Hansı aparmalı idi ki? Vətən anlayışına, namus anlayışına, qısqanclıq anlayışına yox deyən liberallıqmı? Aparmaz o bizi Qarabağa. Yoxsa bəzilərinin uydurub bizə illərdir sırımaq istədiyi, kitablar yazdığı ifrat sekulyar dövlət millətçiliyimi? Aparmaz o bizi. Çünki bunların heç biri imanlı bir Vətən oğluna xalis niyyəti səbəbi ilə Cənnəti vəd etmir.

Cənnəti öldürən əqidələr aparmadı bizi Qarabağa. Bizi Qarabağa orada əzan vermək arzusu apardı. Verən oğullar da şəhid oldu. Ad yazdı, ün saldı. Gic-gic danışan ateist ziyasızların qəliz sözləri də aparmadı. Çünki əksəriyyətinin kişilikdən zatən payı yoxdur. Bizim əsgər namus üçün savaşır. Namusun bu xalqdakı tərifinin mənbəyi İslamdır.
Bunlardan nəticə çıxarmağımız lazımdır. Ümid edirəm ki, çıxardacağıq da. Ən azı müəyyən bir hissəmiz. Şükür Allaha ilk addımlarını eşidirik.
Rəbbimizə və Onun kitabına doğru getməliyik. Demirəm ildırım sürəti ilə. Fəqət bir eşq və arzu ilə.

Azər Hüseynov
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

MÜƏLLİFİN DİGƏR YAZILARI