"Əli Həsənovun arxasından yenə də Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr çıxacaq" — Vahid Əhmədovla MÜSAHİBƏ

Azərbaycan Respublikasının keçmiş Baş nazirinin birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədovun "Demokrat.az" xəbər portalına müsahibəsi:


— Azərbaycanda bəzi vəzifəli şəxslər Türkiyə ordusunun Azərbaycana gəlməsindən narahatlıqlarını ifadə edirlər. Sizcə, onların bu narahatlığına əsas varmı?  


— Azərbaycan 30 ilə yaxındır ki, müstəqil dövlətdir. Müstəqilliyimiz dövründə Azərbaycana qarşı erməni təxribatları çox olub. Rusiya ermənilərin əliylə regionda öz məkrli planlarını həyata keçirmək istəyir. Bütün bu məsələlərdə Türkiyə daim Azərbaycanın yanında olub. Amma Türkiyənin Azərbaycana dəstəyi indiki qədər heç vaxt olmamışdı. Fikir verin, Tovuz hadisələri zamanı Türkiyənin Prezidenti, xarici işlər naziri və müdafiə naziri açıq şəkildə bildirdilər ki, biz sonadək Azərbaycanın yanında olacağıq. Türkiyə rəsmiləri bunu bir neçə dəfə bəyan etdilər. 


Mətbuatdan  oxudum ki,  Türkiyənin Təhlükəsizlik Şurası da qərar verib ki, nəyin bahasına olursa olsun, Qarabağ problemi həll olunmalıdır. Yəni, indi proseslər o həddə gəlib çatıb ki, artıq Türkiyə kənarda qala bilməz.  Əvvəla, dünyada çox ciddi dəyişiklər baş verir. Koronavirus da dünya siyasətinə öz təsirini göstərib. Digər tərəfdən isə dünyada neftin qiymətinin kəskin aşağı düşməsi neft ixrac edən ölkələr üçün problemlər yaratmağa başlayıb. Belə bir dövrdə Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr də fəallaşmağa başlayıb. Bu qüvvələr həm Azərbaycanın daxilində, həm də xaricində aktivləşib. Misal üçün, bu ilin iyulunda Tovuz hadisələrini Ermənistan Rusiyanın təkidi ilə törətdi. Məqsəd Azərbaycanın bütün strateji beynəlxalq layihələrinin keçdiyi Tovuzu nəzarət altına almaq idi. Rusiya bu layihələrə nəzarət etməklə Azərbaycana təzyiqi daha da gücləndirmək istəyir. Əsas məqsəd bundan ibarətdir. 


 Bizim üçün indi vacib olan əsas məsələ Qarabağ probleminin həll edilməsidir. Bu gün Qarabağın işğaldan azad edilməsi üçün tarixi məqam yetişib. Necə ki, 1918-ci ildə Türk ordusu Azərbaycana gəlib Bakını işğaldan xilas etdi, indi də oxşar məqam yetişib. Artıq Türkiyə ordusu Azərbaycan ərazisindədir. İndi Azərbaycan hakimiyyəti də Türkiyə ordusu  və  bizim  ordumuzun  köməyi ilə işğalçıya qarşı öz sözünü deməlidir. Mən təklif etmişəm ki, Azərbaycan Türkiyə ilə hərbi müttəfiqlik səviyyəsində müqavilələr imzalasın. 


Təkliflər  səsləndirilir  ki, Azərbaycan və Türkiyə konfederasiya şəkildə birgə fəaliyyət göstərsin. Əlsində normal təklifdir. Konfederasiya nədir? Avropa İttifaqının özü də konfederasiyadır. Burada dövlət suverenliyi tam təmin olunur, yalnız müstəqilliyə təhlükə yaranan zaman müharibə şəraitində dövlətlər bir-birinə kömək edirlər. Yəni, indi artıq söz Azərbaycan dövlətinindir. Biz Türkiyə ilə birgə olmaq barədə qərarımızı verməliyik. 


Çox təəssüf ki, bu gün ölkədə Rusiyaya meylli qüvvələr var. Onlar zaman-zaman Rusiyanı müdafiə edir, hətta Türkiyə ordusunun Azərbaycana gəlişinə  qarşı da çıxmağa çalışırlar. Nədənsə həmin qüvvələr Rusiya təəssübkeşliyini çəkərək Türkiyə ordusunun Azərbaycana gəlməsindən narahat olmağa başlayıblar. Ancaq burada heç bir narahatçılığa ehtiyac yoxdur. 


Əvvəla, Azərbaycan əraziləri işğal olunub. Bu gün Dağlıq Qarabağdakı hərbi dəstələrin hamısı terrorçulardır. Azərbaycanın öz torpaqlarında anti-terror əməliyyatları aparmağa tam hüquq var. Necə ki, Rusiya bunu Çeçenistanda edib. Azərbaycan müstəqil dövlətdir, Rusiya bizim strateji müttəfiqimizdir. Biz heç zaman Rusiyanın daxili işlərinə qarışmırıq, Rusiya da bizim daxili işlərimizə qarışmamalıdır. Qarabağ məsələsi Azərbaycanın daxili məsələsidir.  Bir daha deyirəm ki, Azərbaycan dövləti artıq öz qərarını verməlidir. Bunun üçün tarixi zaman yetişib. Digər vacib məsələ isə odur ki, Azərbaycan xalqının mütləq əksəriyyəti Türkiyə ordusunun bura gəlməsinə sevinir. Biz bunu Tovuz hadisələri zamanı da gördük. 


Tovuz hadisələri zamanı bir kəlmə ilə dünya azərbaycanlıları ayağa qalxdılar. Bu gün Qarabağ məsələsində xalqla dövlət arasında heç bir problem yoxdur. Əmin olun ki, sabah Türkiyə ordusunun Azərbaycana gəlməsi barədə qərar qəbul olunsa, xalqımız bütövlüklə bu qərarı müdafiə edəcək. Yəni, Qarabağın işğaldan azad olunması üçün indi çox ciddi şans yaranıb. Bəlkə də gələcəkdə bir daha belə şansımız olmayacaq. Açıq deyim ki, indi şimaldan Azərbaycana qarşı yaxşı nə isə gözləmirəm. Şimaldan Azərbaycanın müstəqilliyinə qarşı təhlükələr var. Bu təhlükələri gizlətmək lazım deyil. Qorxmadan həqiqətləri açıq demək lazımdır.   


Əgər diqqət edirsinizsə, Azərbaycan Prezidenti həm Rusiya, həm də digər böyük dövlətlərə qarşı açıq və müstəqil siyasət aparır. Şübhəsiz ki, Türkiyə ordusunun Azərbaycana gəlməsi də Prezident İlham Əliyevin razılığı ilə mümkün olub. Türkiyə ordusunun Azərbaycana gəlməsi çox vaxtında verilmiş ağıllı qərardır. xalqımız da bu qərarı alqışlayır.  Bu gün bütün dövlətlər bilməlidir ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan regionda və dünyada kifayət qədər öz yerini müəyyən etmiş müstəqil dövlətdir. 


Fikir verin, indiyədək ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qədər açıq mövqe bildirməmişdi. Dövlət  başçısının  uğurlu  xarici  siyasəti  nəticəsində  nəhayət  ki,  Qarabağ məsələsi ilə bağlı ABŞ Konqresində ciddi müzakirələr gedir. Artıq ABŞ rəsmi şəkildə Ermənistanın işğalçı olduğunu bildirir. Bütün bunlar Azərbaycana Dağlıq Qarabağ problemini həll etməsi üçün şans yaradır.  


— Qarabağ məsələsi ilə bağlı bəzi siyasətçilər ən yaxşı variant kimi Azərbaycan-İsrail-Türkiyə, bəzi siyasətçilər isə Azərbaycan-Rusiya-Türkiyə əməkdaşlığını təklif edirlər. Sizcə, bunlardan hansı daha yaxşıdır? 


—  Azərbaycan-Rusiya-Türkiyə ittifaqının mümkünlüyünə mən qəti inanmıram. Tarixə də baxsaq, bunu görə bilməyəcəyik. Rusiya heç vaxt öz müttəfiqi olan dövlətləri sonadək müdafiə edə bilməyib. Biz bunun konkret nümunəsini Yaxın Şərqdə görə bilərik. Mən hər zaman demişəm ki, Azərbaycanı dünyada sonadək müdafiə edən bir neçə dövlət var. Bunun birincisi Türkiyədir. Türkiyə bütün arenalarda Azərbaycanı müdafiə edir. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət də Türkiyə olub. İkinci dövlət isə Pakistandır. Pakistan Azərbaycanın dövlət müstəqilliyini  və  ərazi  bütövlüyünü hər zaman dəstəkləyib. Hələ 1991-ci ildə Pakistanın dövlət rəsmiləri deyirdi ki, Qarabağla bağlı nə zaman istəsəniz, biz kömək  etməyə  hazırıq. Üçüncü dövlət isə Azərbaycanı daim müdafiə edən İsraildir. İsrail kiçik dövlət olmasına baxmayaraq, dünya siyasətinə İsrailin təsir etmək imkanları güclüdür. Hazırda Azərbaycanla İsrail münasiblərində heç bir problem yoxdur. İsrail Azərbaycanın hərbi və müdafiə sahəsinə böyük dəstək verir. Ümumiyyətlə, İsrail dövləti hər zaman bizi müdafiə edib. Amma Azərbaycan-İsrail-Türkiyə ittifaqının yaranması  real  görünmür. Mən bu ittifaqın yaranmasının tərəfdarı olardım. Çox  təəsüf  ki,   İsraill- Türkiyə  münasibətlərində  müəyyən  problemlər  var. İndiki halda ən realı Azərbaycan-Türkiyə ittifaqıdır. Bunu tezliklə reallaşdırmaq lazımdır. 


—  Dediyiniz Azərbaycana qarşı olan həmin qruplar niyə məhz indi fəallaşıblar?


—  Əvvəla, Azərbaycan daxilindəki həmin qrupları fəallaşdıran Rusiyadır. Rusiya görür ki, son illər Türkiyə dünyada böyük nüfuz qazanıb, güclənib. Bu gün Türkiyə dünyada öz sözünü deyir. Prezident Ərdoğan kifayət qədər dünyada tanınan liderdir. İndi Qafqaz regionu uğrunda ciddi mübarizə gedir. Bu mübarizədə Türkiyə və Rusiya da var. Qafqaz ölkələri bu dövlətlərdən birini seçməlidir. Təbii ki, Azərbaycan üçün Rusiya  strateji  müttəfiq  olsa  da, Türkiyə  bizim  üçün  qardaş  dövlətdir. Rusiya yaxşı anlayır ki, Azərbaycan  Türkiyə ilə  münasibətlərini  bütün  sahələrdə  get-gedə  sürətlə  inkişaf  etdirir. Rusiya Azərbaycandakı adamlarını fəallaşdırmaqla Azərbaycanda qarışıqlıq yaratmaq  istəyir. Son həbslər göstərir ki, ortada ciddi hadisələr baş verir. Yəqin ki, istintaq yekunlaşandan sonra bütün bunlar açıqlanacaq. Rusiya istəyir ki, Azərbaycan hakimiyyətinə öz təzyiqlərini artıraraq, onu öz diqtəsi altına alsın. Amma bu mümkün deyil. Bu gün Prezident İlham Əliyev kifayət qədər qətiyyətli və müstəqil siyasət yürüdən dövlət başçısı kimi dünyada tanınır.  


Pandemiya dövründə hamı şahid oldu ki, İlham Əliyev nə qədər insanlara yaradım edilməsi üçün işlər görüb. Bu gün İlham Əliyev çox çalışır ki, Qarabağ problemini birdəfəlik həll etsin. Azərbaycan daxilində fəallaşan qüvvələr isə xaricdan idarə olunur. Onlara qarşı indi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ciddi addımlar atılır, bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, hörmətli general Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin ediləndən sonra Azərbaycanın müstəqilliyinə təhdid yaradan hallara qarşı qəti mübarizə başladılıb.  Mən çox istərdim ki, arxivlər açılsın və hakimiyyətdə yüksək postlar tutmuş şəxslərin milli kimliyi ortaya çıxsın. Bu gün hakimiyyətdə yüksək vəzifələr tutmuş və ermənilərlə yaxın qohumluq əlaqələri olan, anası, nənəsi erməni olan adamlar var. Bu cür adamlar heç vaxt tam şəkildə Azərbaycana xidmət  etməyəcəklər. Əgər biz müstəqilliyimizin əbədi olmağını istəyiriksə, bu cür adamları müəyyənləşdirib strateji vəzifələrdən kənarlaşdırmaq lazımdır.


Azərbaycanın ən böyük bəlalarından biri isə korrupsiya və rüşvətxorluqdur. Biz korrupsiya və rüşvətxorluğu kökündən məhv etməliyik. Buna hamılıqla çalışmalıyıq. Siz fikir verin, hazırda 6 icra başçısı həbsdədir, bir neçə nazirliklərdə yoxlamalar keçirilib, yüksək vəzifəli məmurlar vəzifədən kənarlaşdırılıb. Amma bu sahədə vəziyyət yenə də düzəlməyib. Cənab  Prezident  son  çıxışında Azərbaycanda  bir  sıra  iri dövlət  şirkətlərində  olan  nöqsanlara  toxundu və onlara öz iradını bildirdi.   

                                                                                          
Bu gün Azərbaycanda elə dövlət şirkətləri var  ki, yerli sahibkarlara iş vermirlər. Bununla  əlaqədar mənə  də  müraciətlər  daxil  olur. Onlar çalışırlar ki, yerli sahibkarları işdən kənarlaşdırıb, şirkət yaratsınlar, daha sonra xaricdən kimlərisə dəvət edib onunla ortaq olsunlar və külli miqdarda pullar silinsin. Bunun nəticəsində Azərbaycanda yerli sahibkarlar işsiz qalırlar. Cənab  Prezidentin  yerli  sahibkarlara  dəstək  olmaq  çağırışına  dəstək  vermirlər.Mənə  olunmuş  müraciətlə  bağlı  hazırda araşdırma  aparılır. Aidiyyəti  qurumlar bu cür hallara qarşı çox sərt davranmalıdır.


— Sizcə cinayət əməlləri üstündə ifşa olunaraq saxlanılan məmurların həbsinin səmərəli nəticəsi olacaqmı?


— İndi kimi tərpədirsən, altından milyonlar çıxır. Onlarda bu qədər vəsaitlər haradandır? Mən baş nazirin birinci müavini işləmişəm, ondan qabaq 15 ilə yaxın isə böyük zavodun direktoru olmuşam. Sonra isə deputat olmuşam. Bəs niyə mənim xaricdə evim, şirkətim, biznesim yoxdur? Heç Azərbaycanda da şirkətim, obyektim yoxdur. Bir mənzilim, bir bağ evim, bir də Qubada ata evim var. Milyonları ortaya çıxan şəxslərdən niyə soruşan yoxdur ki, bu qədər vəsaiti necə qazanmısan? Bəzən deyirlər ki, filankəs nazir olub, bu qədər pul yığıb, indi vəzifədən çıxarılır, gedib yığdığını xərcləsin. Əgər  deyilənlər  hüquqi  müstəvidə  öz  təsdiqini  tapırsa, bu doğru yanaşma deyil. Belə insanlar dövlət üçün ən böyük təhlükədir. 


    Mən  belə  hesab  edirəm  ki,  kadrlar  vəzifəyə  yerləşdirilərkən  onlar  hərtərəfli  öyrənilməli, Azərbaycanın müstəqilliyi  və  hazırkı  inkişafı  üçün  xidmətləri  nəzərə  alınmalıdır. Vəzifələr dövləti, milləti sevən adamlara verilməlidir və bu  da  dövlətin  kadr  siyasətində  əsas  istiqamət  olmalıdır.


— Bu yaxınlarda həbs olunan Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovun istintaqı ilə bağlı Prezidentin sabiq köməkçisi Əli Həsənovun da adı çəkilir. Sizcə Eldar Həsənovun işində Əli Həsənovun iştirakı ola bilərmi?


— Mən sizə deyim ki, bu hadisə hələ başlanğıcdır. Bunun ardı olacaq. Yadınıza gəlirsə, Əli Həsənov hələ Prezidentin köməkçisi işləyən zaman mən onu kəskin tənqid edirdim. O vaxtı Əli Həsənovu tənqid edəndə mənim üzərimə gəlirdilər. Hətta, YAP-ın qəzetlərində mənə qarşı sifarişli məqalələr dərc olunurdu. Həmin vaxtı mənə qarşı sifarişli yazanlardan biri də “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev idi. O da bunlara qoşulmuşdu. Halbuki o məni yaxşı tanıyırdı. Bu cür insanlar tək deyil idi, onlar mənə qarşı Əli Həsənovun sifarişli böhtan kampaniyasında iştirak edirdilər. Amma mənim Əli Həsənovun əməlləri ilə bağlı məlumatım var idi. Nə olsun ki, Əli Həsənov Prezidentin köməkçisi idi. Onun gördüyü işlərə nəzər salmaq kifayət edirdi. Biz onun jurnalistlərə verilən evlərlə bağlı hansı oyunlardan çıxdığını bilirdik. Dəqiq bilirdik ki, kimlərə necə evlər verilib, kimlərdən pul alınıb. 


Ona görə də düşünürəm ki, Əli Həsənovun arxasından yenə də Azərbaycanın  müstəqilliyini  istəməyən  qüvvələr  çıxacaq. Mən mətbuatda yazılan materialları oxuyub tanış oldum. Bütün bu şəbəkənin arxasında Rusiya dövlətini görürəm. Məqsəd Azərbaycanda aranı qarışdırmaq və Prezidentə təzyiq göstərməkdir. 


Əgər kimsə gedib Rusiya dövlətinin tapşırıqlarını yerinə yetirərək Azərbaycanda dövlət çevrilişi etməyi düşünürsə, o insanlar mənim qatı düşmənimdir. Kimliyindən asılı olmayaraq, bu cür insanlar məni hər zaman qarşılarında görəcəklər. Biz Azərbaycanın dövlət müstəqilliyini asan əldə etməmişik. Biz nə qədər Rusiyanı müttəfiq dövlət görsək də, onlar bizə qarşı imperialist siyasət yürüdürlər. Qarabağ problemini kim yaradıb? Rusiya yaradıb ki, Azərbaycana və Ermənistana qarşı təzyiq etmək imkanları olsun. Rusiya üçün əbədi dost və müttəfiq dövlət yoxdur, öz imperialist maraqları var. Biz bunu Gürcüstanda, Ukraynada, Moldovada gördük. Ancaq Rusiya imperialist siyasət yürütməklə çox qabağa gedə bilməyəcək, əksinə parçalanmasını sürətləndirəcək. Çünki bu gün Rusiyada elə xalqlar və millətlər var ki, onlar hər an öz müstəqillikləri uğrunda mübarizəyə başlaya bilərlər.


— Son vaxtlar müxalifətdən də həbs olunanlar var. Sizcə, bu həbslər də Rusiyanın Azərbaycandakı “beşinci kalonu”nun zərəsizləşdirilməsi üçün həyata keçirilir?  


— Baş verənlər çox ağır hadisələrdir. Birincisi, bütün bunlar beynəlxalq aləmdə müzakirə olunur. Müzakirə olunan zaman isə Azərbaycan dövlətinin adı mənfi məsələlərdə hallandırılır. Ancaq bunlar gec-tez olmalıdır. Biz ABŞ kimi 243 ilin dövləti deyilik. Bizim 30 ilimiz hələ gələn il tamam olacaq. Ona görə də Azərbaycanda dövlət müstəqilliyinə təhlükə yaradanlar tam təmizlənməlidir. Biz bu insanları ələkdən keçirməliyik. Bilməliyik ki, kim dövlətini, millətini istəyir, kim isə bunun əleyhindəir. 


Yaxşı yadıma gəlir ki, 1990-1991-ci illərdə Ali Sovetin iclaslarında çıxışlar var idi, Azərbaycanın dövlət müstəqilliyini istəyən adamlar elə də çox deyildi. Ancaq Azərbaycan müstəqillik qazanandan sonra həmin adamlar ölkəmizdən ən çox mənfəət götürən şəxslər oldular. Müstəqillik istəyənlər isə indi də kasıb vəziyyətində yaşayırlar. Bu faktdır. Hesab edirəm ki, nə qədər çətin olsa da bu proses davam etdirilməlidir. Biz Azərbaycanı daim müstəqil dövlət görmək istəyiriksə, o zaman kimin hara qulluq etdiyini bilməliyik. Bilirəm ki, bu çox ağır proses olacaq, cəmiyyətdə müəyyən fikirlər yaranacaq, amma bu gec-tez olmalıdır. 


Bu gün məni rahat edən əsas məsələ gənclərimizin milli ruhda olmasıdır. Biz bunu Tovuz hadisələri zamanı da gördük. Əminəm ki, gənclərimiz müstəqilliyimizi sonadək qoruyacaqlar, onu heç kəsə verməyəcəklər. İndi Azərbaycanda çox ciddi kadr islahatları həyata keçirilir, milli təfəkkürlü insanlar irəli çəkilir. Misal üçün, Mikayıl Cabbarov vergi sistemində çox şəffaf qayda yaratdı. İndi əmlak da Mikayıl Cabbarova həvalə olunub. Görürəm ki, o həqiqətən köklü irəliləyişlərin əldə olunmasına çalışır. O, dövlətini və millətini istəyən adamdır. Bunun nəticəsidir ki, artıq sahibkarlardan gələn şikayətlərin sayı kəskin azalıb. Digər islahatlar aparılan sahələrdən biri də gömrük sistemidir. Gömrük sahəsində də problemlər həddindən çox idi. Səfər Mehdiyev sədr təyin olunandan sonra bu sahədə də müsbət addımlar atılır. İndi elə kadrlarınız var ki, onlar təmsil olunduğu sahəni yaxşı bilməyə bilərlər, amma bir neçə ildən sonra öyrənib mütəxəssisə çevriləcəklər. Amma köhnə kadrları da tamamilə tullamaq olmaz, onlardan da istifadə olunmalıdır. Köhnə kadrların da əlaqələri var, onların da cəmiyyətdə nüfuzları var . 


—  Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yaxın gələcəkdə nəticə verəcəyinə inanırsınızmı?


—  Hamı yaxşı bilir ki, Rusiya demokratik dövlət deyil. Bu gün Rusiyada demokratiyadan söhbət belə gedə bilməz. Ötən 29 ildə Rusiyada çox dəyişikliklər olub, müəyyən islahatlar aparılıb. Amma Rusiyada olan rüşvətxorluq və korrupsiya dünyanın heç bir ölkəsində yoxdur. Hər il Rusiyadan xaricə milyardlarla vəsait köçürülür. Rusiya həm ərazi, həm də təbii ehtiyyatların zənginliyi baxımından çox varlı dövlətdir, amma bunu xalqın xeyrinə deyil, öz mənfəətlərinin artırılması üçün istifadə edirlər. Eyni zamanda, Rusiya hərbi sahəyə çox diqqət ayırır ki, işğalçılıq siyasətini daha geniş aparsın. Amma bu Rusiyanı çökdürür. Bu gün Rusiyanın iqtisadi baxımdan da vəziyyəti ürəkaçan deyil. Rusiyanın iqtisadiyyatı daha çox neftdən asılıdır. Bütün bunları Rusiyada da yaxşı anlayır. İndi millət əvvəlki deyil. Millət azadlıq, rahat yaşamaq istəyir.


— Tovuz hadisələrindən bəri gedən proseslərdə İranın mövqeyini necə qiymətləndirirsiz? 


—  İranın Azərbaycana siyasəti aydındır. Onu deyim ki, Prezident İlham Əliyevin İranla siyasəti çox yaxşıdır. Bu gün İranın iş adamları gəlib Bakıda işləyirlər, birgə zavod tikirlər və sairə. Bu vacib addımdır. Amma biz yaxşı bildirik ki, İran Rusiya ilə çox yaxın müttəfiqdir. Ola bilsin ki, müəyyən məsələlərdə Rusiya və İranın mövqeyi eynidir. Amma dövlət başçısı İranla dost münasibətlərinin saxlanılması siyasətini aparır. Biz İranın daxili işlərinə qarışmırıq, nə bizim onlara qarşı, nə də onların bizə qarşı ərazi iddiaları yoxdur. Yəni, İran da Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ciddi problem görmür.     

7214

DİGƏR XƏBƏRLƏR