“Putinin Paşinyana bir zəngi bəsdir ki, ən azı Qarabağ ətrafındakı rayonlar işğaldan azad olunsun. ” – Müsahibə

“Rusiyanın özü indi sosial-iqtisadi problemlərin içindədir, rus əhalisinin yaşayışı o qədər də yüksək səviyyədə deyil. Bura Rusiyanın Liviya, Suriya və digər regional münaqişələrdə üzləşdiyi gərginliklər də daxildir. Rusiyanın hədəfləri böyükdür, amma ayaqlarını yorğanına görə uzatmır”.

Ağ Partiyanın başqanı Tural Abbaslı belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Bir neçə gündür Rusiya başçısı Vladimir Putinin SSRİ ilə bağlı səsləndirdiyi fikirlər dünya mediasında müzakirə mövzusudur. Putin məlum çıxışında post-sovet məkanında SSRİ-nin bərpa olunmasını istəyənlərin sayının artdığına diqqət çəkdi. Nə düşünürsünüz, onun bu iddiasının arxasında hansı niyyəti var?

- Putinin SSRİ nostalgiyası ilə yaşadığı kimsəyə sirr deyil. Dəfələrlə sətraltı olsa da, buna bənzər ifadələr işlədib, bu dəfə isə açıq danışdı. Putin SSRİ adı ilə olmasa da, Avrasiya İttifaqı və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi adlar altında Sovet İttifaqını yenidən diriltmək nostalgiyası ilə yaşayır. İndi də dünyanın düzəni dəyişir, əvvəki güc mərkəzləri zəifləyib, yeni qüvvələr meydana çıxıb. Putin də düşünüb ki, belə bir məqamda fikirləri açıq səsləndirməyin, öz iddiasını ortaya qoymağın vaxtıdır. Amma bunlar asan dilə gətirildiyi kimi, rahat qəbul olunan məsələlər deyil. Böyük ehtimalla, Putin “SSRİ” deyəndə, təkcə vaxtilə Sovet İttifaqına daxil olan 15 respublikanı yox, öz təsir dairəsində olan bəzi Şərqi Avropa, Yaxın Şərq və Afrika ölkələrini də nəzərdə tutur. Yəqin Putin həmin dövlətləri də, öz oyununa qatamaq istəyir, amma bunu həyata keçirmək o qədər də asan deyil.

Rusiyanın özü indi sosial-iqtisadi problemlərin içindədir, rus əhalisinin yaşayışı da o qədər yüksək səviyyədə deyil. Bura Rusiyanın Liviya, Suriya və digər regional münaqişələrdə üzləşdiyi gərginliklər də daxildir. Rusiyanın hədəfləri böyükdür, amma ayaqlarını yorğanına görə uzatmır. Sən ərazi baxımından böyük dövlət ola bilərsən, nüvə silahın da ola bilər, amma bu o demək deyil ki, sən dünya düzənini dəyişmək gücündəsən. Koronavirus da göstərdi ki, ABŞ da başda olmaqla, bütün dövlətlər adi bir virus qarşısında acizdir. Amma siyasət də elədir ki, ikibaşlıdır, göründüyü kimi olmur. Bunu da Putinin arzusunun ifadəsi kimi qiymətləndirirəm, bu yöndə ciddi bir prosesin baş verəcəyinə inanmıram.

- Son günlər bu da çox müzakirə olunur ki, istər pandemiyanın Rusiya daxilində yaratdığı problemlər, istərsə də beynəlxalq münasibətlərdəki gərginlik Putinin daxili reytinqini xeyli aşağı salıb. Son proseslər pandemiyadan sonrakı dönəmdə Putin iqtidarına nə vəd edir?

- Hər cəmiyyətin özünün xarakteri var. Məsələn, elə cəmiyyətlər var ki, onlar avtoritar düşüncəli, elələri də var daha liberal və demokratik liderlərə meylli olurlar. Rusiya cəmiyyəti də daha avtoritar düşüncəli, xarakterli liderlərə meyl göstərir. Bunun da bir nümunəsi Putinin uzun illərdir hakimiyyətdə qalmasıdır. Əlbəttə, bu, Putinin iqtidarda qalmasının əsas səbəbi deyil, hər halda reytinqi də deyildiyi kimi aşağı deyil ki, o, hakimiyyətini saxlaya bilməsin. Əlbəttə, insanlar yaşadıqca görürlər ki, yaşantılarında müsbətə doğru dəyişiklik yoxdur, əksinə, bir çox hallarda dəyişiklik mənfiyə doğru gedir, buna görə də dəyişiklik istəyirlər. Bu vəziyyətdə də, istənilən hakimiyyətin reytinqinin aşağı düşməsi labüddür, bütün mənfilər onun ayağına yazılır.

Putin də 20 ildən çoxdur Rusiyaya rəhbərlik edir və buna görə onun reytinqinin aşağı düşməsi gözləniləndir. Amma indi Rusiyada Putinə alternativ bir müxalifətin ola biləcəyini düşünmürəm. Demək olar, Putin Rusiyanı özünə məhkum edib, alternativi də ortada görünmür. Yəni narazı elektoratı ətrafında birləşdirəcək bir siyasi lideri gözə dəymir.

- Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə bu günlərdə Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkdi, bildirdi ki, həll prosesinin ilk mərhələsi kimi Qarabağ ətrafındakı rayonlar azad edilməlidir. Hesab etmək olarmı ki, xarici və daxili gərginlik Rusiyanın ənənəvi mövqeyini dəyişdirir?

- Rusiya Qarabağ münaqişəsinin birdəfəlik həllində maraqlı deyil. Rusiya Ermənistanla daha sıx müttəfiqlik əlaqələrinə malikdir, nəinki Azərbaycanla. Buna görə də Lavrovun belə bəyanatlarının səmimiyyətinə inanmaq lazım deyil. Əgər Rusiya məsələnin həllini istəyirsə, bəyanat verməyə ehtiyac yoxdur, Putinin Paşinyana bir zəngi bəs edərdi ki, ən azı Qarabağ ətrafındakı rayonlar işğaldan azad olunsun. Düşünürəm ki, bu, indiki düşdükləri vəziyyətdə dünyada təklənməmək üçün səsləndirdikləri mövsümü xarakterli bəyanatdır. Biz məsələni Fransa, Amerika və ya Rusiyanın gücü ilə həll etməməliyik, bunu biz özümüz edə bilərik.

Hesab edirəm ki, torpaqlarımızın azad olunmasında biz özümüzə, xalqımıza güvənməliyik. Çünki Rusiya bu münaqişənin həlsiz qalmasında maraqlıdır ki, Ermənistan və Azərbaycana zərurət yarananda təzyiq göstərə bilsin. Problem həll olunsa, Rusiyanın Azərbaycana təsir imkanları sıfıra enəcək. Bu gün Rusiyanın Azərbaycana qarşı yönəltdiyi əsas təzyiq vasitəsi Qarabağ problemidir. Odur ki, mən bu məsələdə Rusiyanın səmimiyyətinə inanmıram, kimsəni də inanmağa çağırmıram.

- Lavrov ona da diqqət çəkdi ki, masada bir mərhələli həll planı var. Sizcə, məsələnin mərhələli həlli və bu planın tərkib hissəsi kimi ətraf rayonların qaytarılması Azərbaycanın lehinədirmi? Yəqin ki, qeyd-şərtsiz olmayacaq...

- Hər məsələnin cəmiyyətə elan olunan və olunmayan tərəfləri var. “Mərhələli həll” deyəndə 5 rayonun qaytarılması və bundan sonra Qarabağda müstəqillik referendumunun keçirilməsi nəzərdə tutulur. Bundan başqa ortada iki rayon məsələsi var ki, bu rayonların qaytarılmasından yox, onlara keçid statusunun verilməsindən söhbət gedir. Habelə bura təmas xəttinə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi daxildir. Amma mən məsələnin bu cür həllinin tərəfdarı deyiləm. Çünki bunun qarşılığında götürülən öhdəliklərin qarantı kimi sabah Rusiya və ya Amerika qüvvələri bu ərazilərdə yerləşdirilsə, biz öz ordumuzun gücünə o torpaqları azad etməkdən məhrum olacağıq. Çünki bizim qarşımızda bu anlaşmanın qarantı kimi Amerika və Rusiya orduları dayanacaq, Ermənistan yox. Odur ki, biz məsələnin birdəfəlik, yekun həllinə çalışmalıyıq, nəinki irəli sürülən şərtlərlə.

- Bəllidir ki, Rusiya həll prosesində açar fiqur və Azərbaycan ərazilərini Ermənistanla birlikdə işğal edən tərəfdir. Bəs Rusiyanın prosesdəki mövqeyində dəyişiklik olsa, Ermənistan ona əngəlləyici faktor ola bilərmi?

- Ermənistan deyəndə, biz monolit bir dövləti düşünməməliyik. Ermənistan iki hissədən ibarətdir: birincisi, bizim bildiyimiz ərazilərdə yerləşən ölkə və onun əhalisi; ikincisi, Ermənistanla yaxın-uzaqdan əlaqəsi olmayan erməni diasporu və lobbisi. Bir çox hallarda bu iki qüvvənin maraqları da toqquşa bilir. Erməni lobbisi bu məsələdə çox aqressiv mövqe tutur. Çünki onlar Ermənistanda yaşamırlar, inkişaf etmiş ölkələrdə - Avropa və ABŞ kimi dövlətlərdə firəvan həyat tərzi sürürlər, hələ də “Böyük Ermənistan” arzusu ilə yaşayırlar. Onlar maksimalistdir, tələbləri də budur ki, “Qarabağ Azərbaycan ərazisi deyil, Ermənistanın olmalıdır, dənizdən dənizə Böyük Ermənistan qurulmalıdır” kimi utopik xəyallar arxasınca qaçırlar.

Daxildəki ermənilər nisbətən realistdir, amma indi Ermənistan əhalisi də aqressivdir, onlar da Qarabağ məsələsində bir addım belə geri çəkilməyə razı deyillər. Ermənistanda hansı hakimiyyət ki, geri addım atacaq, onun ömrü uzun olmayacaq. Bunun bariz nümunəsi də var. Vaxtilə Qarabağın Azərbaycana qaytarılmasından şübhələnən ermənilər Ermənistan parlementində terror aktı törətdilər, spikeri də öldürdülər. Həmin vaxt Ter Petrosyan da bu ittihamla hakimiyyətdən uzaqlaşdırıldı. Bu isə onu göstərir ki, Ermənistan əhalisi də, Qarabağ məsələsində kompromisə hazır deyil. Onlar məsələni könüllü və ya danışıqlarla həll etmək istəmirlər.

6971

DİGƏR XƏBƏRLƏR