Elman Rüstəmov: “Bağlanmış banklarda əmanətləri bloklanmış vətəndaşlarla bağlı bir həftə, on günə qərar veriləcək"

Elman Rüstəmov: “Bağlanmış banklarda əmanətləri bloklanmış vətəndaşlarla bağlı bir həftə, on günə qərar veriləcək"Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bağlanan banklarda əmanətləri bloklanmış vətəndaşların aqibətinə aydınlıq gətirib.

APA-Economics”in məlumatına görə, E. Rüstəmov bildirib ki, “AtaBank”da baş verənlər nəzarət hüquqları Mərkəzi Bankda olmayan dövrdə baş verib: “Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank birləşəndən sonra isə ilk növbədə “NBCBank”ın kapitalı diqqətimizi cəlb etdi. Gördük ki, bank zəifdir, hesabatları verdiyi kapitalların səviyyəsinə görə həqiqətə uyğun deyil. Yoxlama zamanı da məlum oldu ki, təsis tədbirinə baxmayaraq, bank əmanətləri qəbul etməkdə davam edir. Görünür ki, bankın maliyyə vəziyyətinə görə likvidlik problemi olub, lakin bunu tam şəkildə hesabatlardan gizlədib”.

E. Rüstəmovun sözlərinə görə, bundan sonra əmanətlərin qəbulunu qadağan ediblər: “Lakin növbəti yoxlamada məlum oldu iki, proses davam edir. Bankın lisenziyası geri çağırılanda bu faktor da mühüm rol oynadı. Bu o deməkdir ki, bank requlyatorun, yəni dövlətin tələblərinə cavab vermir, bundan imtina edir və çox riskli əməliyyatlar aparır, bütövlükdə əhalini, maliyyə xidməti göstərdiyi insanları aldadır. Bu, olduqca ciddi pozuntudur. Təbii ki, lisenziya geri alınarkən bu, nəzərə alındı”.

E. Rüstəmov “AGBank”da isə situasiyanın daha mürəkkəb olduğunu qeyd edib: “Burada bütövlükdə qorunan əmanətlərin səviyyəsi limitdən əhəmiyyətli dərəcədə aşağıdır. Amma bütövlükdə müəyyən qorunan əmanətlər formasında digər əmanət formasını elə qəbul edirlər, əhali ilə bağladıqları müqaviləyə elə şərtlər qoyurlar ki, faktiki olaraq bu, qorunan əmanət statusu alır. Ancaq bütün hesabat verməni pozaraq, bütövlükdə bunu qorunmayan əmanət kimi nəzərə alırlar və qorunan əmanətin ümumi limiti aşağı görünür. Burada söhbət minlərlə, on minlərlə müqavilədən gedir. Təbii ki, bu proses ancaq konkret yoxlama zamanı ortaya çıxır. Bankların bağlanma prosesində bütövlükdə ADİF tərəfindən hər bir müqavilə inventarlaşdırılır - bu, qorunan əmanətdir, qorunan əmanət deyil. Bu proses zamanı da bildiyimiz problem ortaya çıxdı”.

İdarə Heyətinin sədri vəziyyətlə əlaqədar hökumətə müraciət etdiklərini deyib: “Hökumət tərəfindən də Konstitusiya Məhkəməsinə müraciət olunub. Məhkəmə oldu və Mərkəzi Banka da, ADİF-ə də müraciət edildi. Biz təbii ki, müraciətə əhalinin mənafeyini qoruyan ətraflı rəylə cavab verdik. Hesab edirəm ki, əhalinin burda heç bir günahı yozdur. Bank menecerləri, bank sahibləri əhalini aldatmışdı, günahkar da onlardır. Ona görə də biz Konstitusiya Məhkəməsi qarşısında ekspert kimi də, bu istiqamətdə nəzarət göstərən orqanlar kimi də bildirdik ki, biz düşünürük ki, əhalinin hüquqları bərpa olunmalıdır. Konstitusiya Məhkəməsi ilə daim kontaktdayıq. Hazırda daxili prosedurlar gedir. Prosedur 1 həftə -10 gün çəkə bilər. Biz çox pozitiv və nikbin qərara ümid edirik. Sadəcə, əhaliyə müraciət etmək istəyirəm ki, təmkinli olmaq lazımdır. Təbii ki, onlar narahatdırlar, biz onların narahatlığını başa düşürük. Artıq prosesin sonundayıq. Məhkəmə artıq olub. Biz əminik ki, bu yaxınlarda pozitiv qərarla tanış olacağıq və bundan sonra çox qısa müddətdə bu insanların da - təxminən 1300 nəfərdən çox insanın öz əmanətlərinə çıxış imkanını təmin edəcəyimizə inanıram”. 
 
1303

DİGƏR XƏBƏRLƏR