Cəlal Şəngör və İlbər Ortaylı xoş gəlib. Sərdar Aminə cavab


Cəlal Şəngör və İlbər Ortaylı xoş gəlib. Sərdar Aminə cavab
 
Dünya şöhrətli alim Professor Cəlal Şəngörün tarixçi Professor İlbər Ortaylı ilə Bakıya gəlişi bəziləri tərəfindən birmənalı qarşılanmayıb ki, tənqid etməyə gecikməyiblər.
 
Cəlal Şəngör və İlbər Ortaylı, ilk olaraq, siyasi və ictimai xadim, politoloq, gənc jurnalist (eyni zamanda mənim də yaxın dostum) olan Nicat İsmayılbəylinin Media.post TV-də qonağı oldu. Daha sonra isə, konfranslar verərək, maarifləndirmə mövzusunda ənənəvi şəkildə öz fərqlərini ortaya qoydular. Lakin Azərbaycan gənclərinin alimlərə yüksək səviyyədə diqqət və maraq göstərməsi kimlərisə narahat etdi və bu narahatlıq özünü Qafqaz.info saytında dərc olunan cənab Sərdar Aminin bir yazısında təzahür etdirdi. Əslində, iddialı bir şəkildə qeyd edim ki, cavab veriləsi bir yazı deyildi. Fəqət o yazını minlərlə oxucunun oxuması və Cəlal Şəngör ilə İlbər Ortaylının o yazıdan xəbərsiz olması yumuşaq desək, haqsızlıq idi və adekvat bir cavabı zərurətə çevirdi. Gəlin razılaşaq ki, Tanrı, din, cəmiyyət, ayrı-ayrı fərdlər, hakimiyyət, hətta elm özü başda olmaqla istənilən mövzu tənqidə qapalı deyil. Şübhəsiz ki, tənqid inkişafdır, rəqabətdir, aydınlıqdır və azadlıqdır. Ancaq bir nəsnəni ya da subyekti tənqid etmək üçün əsaslandırılmış arqumentasiya həyati əhəmiyyət daşıyır. Üstəlik, arzuolunandır ki, tənqidi edən şəxs özü də müəyyən bir səviyyənin və sağlam bilginin sahibi olsun. Belə ki, siz, əgər Cəlal Şəngör kimi özünü hər mənada sübut etmiş və bütün dünyanın elmi müstəvidə ciddiyyətlə qəbul etdiyi bir dühanı tənqid edirsinizsə, arqumentasiyanız inanca (subyektiv şərhə yox) yox, məhz elmə və reallığa söykənməlidir. Təvazökar bir insan, realist və elmə dayanan tənqidi yanaşmasında belə qələmi əlinə alarkən, intellektual bir həyəcana bürünər. Çünki yanılma qorxusu və təhlükəsi hər zaman aktualdır. Yəqin ki, etiraz etməzsiniz ki, əminlik və kibir sadəcə bilgisizlikdən bəhrələnir. Əfsus ki, sözügedən yazıda biz, nə elmi arqumentlərdən nə də təvazökarlıqdan bir zərrə belə görə bilmərik. Hətta müəllifin “Dini yox, xurafatı sənət edib, pulunu oradan çıxarır” cümləsi ilə molla mövqeyini alimlərin mövqeyi ilə müqayisəsi ortaya nəinki elmi heç rasional da bir mövqe qoymur. Bu, feodal dövrün sxolastik fəlsəfəsidir, adekvat və tutarlı bir tənqid deyil. Çünki dinin özü elə xurafatdır, elmi yanaşan (söhbət primitiv inancdan getmir) istənilən şəxs üçün. Mirzə Cəlillərin mollalara zərbəsindən nümunə verən müəllif bu mütəfəkkirlərin xurafata yox, məhz dinə qarşı olduqlarını fəqət dövrün şərtlərini və tələblərini nəzərə alaraq, fikirlərini ehtiyatla səsləndirdiklərini xüsusilə diqqətdən qaçırır. Məgər dahi Sabir “harada müsəlman görürəm, qorxuram!” deyəndə, xurafatı nəzərdə tuturdu? Qardaş Türkiyədən olan filosofları bəyənməyənlər məsələn çağdaş azərbaycanlı filosof Ağalar Məmmədovun ‘Aşma’ kitabını oxusa, din məsələsində aydınlana bilərlər.
 
Cəlal Şəngörün məşhur amerikalı alim Karl Saqanı məhz elmdə populist olduğu üçün tənqid etməsindən xəbəri olmayan Sərdar bəy, görünür Şəngörün xitab şəklini və özünəməxsus tərzini “populizm” olaraq, təqdim edir. Əlbəttə, populizmin nə olduğunu bilməyən hərkəsi Cəlal Şəngörün və İlbər Ortaylının populist olduğuna inandıra bilərsiniz. Oryantalizmin haqlı olduğunu və orta şərq toplumlarının İQ səviyyəsinin aşağı olduğunu görməzdən gələnlər, bu dahi şəxsiyyətlərin publikanı nə üçün nəzərə aldıqlarını və bu cür xitab etdiklərini birmənalı qarşılaya bilməz. İnsan təbiəti belədir, anlamadığı şeyə anlam yükləyir.
 
Cəlal Şəngörü Kəramət Böyükçöl ilə müqayisə etmək bütün akademik normaları pozmaqdan başqa bir şey deyil. Cəlal Şəngörün beyin fırtınası hər halda oxuculara məlumdur. “Öz nəcisimi yedim, acı idi” cümləsini, -yəni, bir laboratoriya eksperimentini, Türkiyə türkcəsində desək, “merakı”, öyrənmə eşqini- feodal ərəb təfəkkürünə söykənən mövcud Anadolu ya da Qafqaz mentaliteti ilə dəyərləndirmək sadəcə geridəqalmışlıq yox, eyni zamanda ikrah hissi yaradan bir cığallıqdır. Hər halda sadəcə öz ağzına yeyib.. və bunu dilə gətirəcək qədər böyük bir səmimiyyətə sahibdir. Adama deyərlər, sizə nə lazımdır? Elmi və maarifləndirməsi lazımdır yox isə? Homosapienslərin necə yaşamağından asılı olmayaraq, torpağın altında çürüyəcəklərini qəbul etmək istəməyənlərin ya da nihilizimdən xəbəri olmayanların bunu anlaması təbii ki, çox qəliz məsələdir. Amma ən azından fərdin muxtariyyətinə və seçimlərinə hörmət etmək beynəlxalq səviyyədə qəbul olunan əxlaq və hüquq prinsipidir.
 
Cəlal Şəngör və İlbər Ortaylının daha çox öyrətmədiyini, əksinə, daha çox pul qazandığını iddia etmək isə, qətiyyən akademik tərbiyəyə sığmayan bir alverçi yanaşmasıdır. Təsadüfi deyil ki, yazar özü tənqidinin dozasının bir az artıq olduğunu etiraf edib.
 
Cəlal Şəngör və İlbər Ortaylının fikirlərini və mövqeyini Azərbaycan üçün “avantürist xaos” adlandıran və özünü bu mənada mühafizəkar patriot kimi göstərən Sərdar bəyin eyni zamanda Sovet disiplininə vurğu qoyması isə, bir paradoks, miskin bir təsəlli, absurd bir populizmdir. Karl Marxın diealektik fəlsəfəsini müdafiə edən sol təfəkkürün “milli duruş”dan və patriotluqdan bəhs etməsi hər zaman ironik gülüş doğurub. Əslində, Sovet disiplini dedikləri şey isə, komunistlərin (Anadolu xalqının təbirincə desək, ateistlərin) dinə olan təzyiqi idi. Ölkəmizdə xalqın dindən  (bəzən də zor gücünə) uzaqlaşdırılması və “mədəniləştirlməsi” idi. Bəli, disiplin məhz dindən uzaqlaşdırma idi. Milli duruşu olanlara qarşı repressiyalardan heç danışmağa da ehtiyac yoxdur.
 
Digər tərəfdən, eyni zehniyyət Sovet İttifaqının dağılmasının əsas səbəblərindən birinin məhz (intellektual və nəzəri aspektdən) marksizm fəlsəfəsinin yanlış olması ilə əlaqədar olduğunu qəbul etmir. Fukuyamanın “tarixin sonu” başlıqlı məqaləsində ifadə etdiyi kimi desək; “bu qərbli liberal fikirlərin zəfəri idi” ifadəsini qəbul etmirlər. Əksinə, dırnaqarası humanist bəhanələr və bəraətlər axtarırlar. Bu, orta şərqin kölə əxlaqıdır. Ona görə də, orta şərqdə bütün mühafizəkar ziyalılar şərq dəyərlərini -bəziləri komunizmi, bəziləri də islamı- rönesans (intibah) sonrası Avropa dəyərlərinə, yəni, modernizmə (ələlxüsus fərdiyyətçi antroposentrizmə) bir müqavimət vasitəsi kimi gördülər. Əlbəttə, belə olan halda, onların, burjuva mənsubu, aristokratiya sahibi Cəlal Şəngörü və ya o qəbildən olan dahiləri anlamağı qeyri-realdır. Qərbdə isə, hələ 19-cu əsrdə böyük Nietzsche fərdin azadlığı qarşısındakı bütün tarixi-ictimai habelə dini qandalları qırıb atmışdı. Demək istədiyim, patriotluq edərkən, Azərbaycan oxucusunu məhdud çərçivəyə məhkum etməməliyik. Unutmayaq ki, dəyişməyən tək şey dəyişimin özüdür və onsuz da sağlam cəmiyyətlərdə dəyişim antimilli olmur.
 
Cavanşir Hakimoğlu.
 
8081

DİGƏR XƏBƏRLƏR