Ayasofiya qərarı – siyasi-hüquqi, tarixi-dini seçim kimi

Ayasofiyanın məscid statusunun qaytarılması qətiyyən dini məsələ deyildir, amma islam tarixi təcrübəsi və hüququ da bunu qadağan etmir. Bu, bir xalqın, o xalqı təmsil edən hakim təbəqənin, siyasi elitanın müstəqil qərar çıxarmaq, kənar diktələrə daha güclü həmlələrlə cavab vermək bacarığının göstəricisidir; bir xalqın öz tarixinə, bu torpaqları vətənə çevirən, hər mənada özününküləşdirən əcdadına ehtiramının əməli təsdiqidir.

Bu günlərdə məlum qərarın ağrısını yaşayan Rusiya və Yunanıstan isə həmişə İstanbula öz əraziləri kimi baxıblar. Çar Rusiyası pravoslavlığın əsas təmsilçisi olduğunu iddia etməklə tarixən gözü həmişə Qüdsdə olub, imperialist maraqları baxımından isə boğazları ələ keçirmək, “isti sular”a çıxmaq üçün İstanbula hədəf gözü ilə baxıb.

Yunanıstan isə indiki dövrdə özünü qeyri-rəsmi olaraq Bizans imperiyasının varisi kimi aparır, İstanbul və Ayasofiyanı arzulayır, müqəddəs məbədin xəyalı ilə yaşayır.

Türkiyədə bunu yaxşı başa düşürlər; ölkənin hərbi sənaye sahəsində kənardan asılılığının aradan qaldırılması, ordunun “beşinci kalon”dan təmizlənərək, siyasi işlərə deyil, hərbi-əsgəri fəaliyyətə təhkim edilməsi hal-hazırda imkan verir ki, hakim elita öz dişini ona hədə-qorxu gələnlərə göstərsin.

Tarixi baxımdan da türklərin buna haqqı çatır; Ayasofiya Türkiyə tarixinin onurğası hesab edilən Osmanlı epoxasının rəmzidir, özüdür. Bu səbəbdən Ayasofiyanı yenidən kilsəyə çevirmək fəthlərə əsaslanan Osmanlı tarixini, Fatehin ən böyük müvəffəqiyyətini danmaqdır, birbaşa olmayan “tarixdə nəyisə düz etməmişik; bir işdi, olub-bitib” etirafı ilə fağır-fağır boynunu bükməkdir, sözlü deyil, dolayısı ilə üzr istəməkdir...

Onu muzey halına gətirmək, yaxud muzey olaraq saxlamaq isə, bu və ya digər formada, bişüur halda təsdiqləməkdir ki, biz burada yabançıyıq, buraya sonradan gəlmişik... Halbuki İstanbul (Konstantinopol deyil!) fəth olunduğu andan türkündür, müsəlmanındır. Türklərin hansı isə xalq qarşısında İstanbula beynəlmiləl status vermək kimi öhdəliyi də olmayıb.

Kimliyini tarixi kimliklə bütövləşdirə bilməyənlər türkün Ayasofiya sevdasını başa düşə bilməzlər...

Hüquqi baxımdan Türkiyənin öz ərazisində hansı isə obyektin təyinatını dəyişdirməsi onun öz daxili işidir. Beynəlxalq hüquq və BMT – dünya İstanbulu müstəqil, suveren dövlətin heç bir şübhə və müzakirəyə açıq olmayan ərazisi kimi qəbul edir. Bu baxımdan heç kimsənin Türkiyənin daxili işlərinə qarışmaq səlahiyyəti yoxdur. Ölkə başçısı da dünənki çıxışında bildirdi ki, bu bizim öz işimizdir və hər kəs buna ehtiramla yanaşmalıdır.

O ki qaldı bu addımın müsəlmanlara qarşı təzyiqləri artıracağı iddiasına, təbii ki, bu real dünyada baş verənlərlə üst-üstə düşməyən iddiadır. Onsuz da, 11 Sentyabr hadisəsindən sonra Qərbdə, Qoca Qitədə islamafobiya süni şəkildə yaradılıb və hal-hazırda mövcuddur, bəzi ölkələrdə (Fransa) kifayət qədər güclüdür; Çində, Myanmada müsəlmanlar açıq şəkildə dövlət terrorunun qurbanına çevriliblər; İsraildə, demək olar ki, hər gün əsgərlər küçədə cavan qızları güllə ilə vurur, yaşlıları, hicablı qadınları fiziki itələmələrlə, zorakılıqla təhqir edir, uşaqlara öz güclərini göstərirlər; Qüds kimi beynəlmiləl şəhər BMT qətnamələrinə baxmayaraq, İsrail dövlətinin paytaxtı elan edilmişdir; Avropada hələ də bəzi yerlərdə (Yunanıstan...) minarəli məscid tikməyə icazə yoxdur və s.
Sanksiyalara gəlincə, Türkiyə bu qərardan əvvəl də Qərbin müəyyən sahələrdə (hərbi...) sanksiyaları ilə üz-üzədir. Yəni, Ayasofiya qərarı bıçaq sümüyə dirəndiyi vaxt qəbul edilən qərardır. Yəni, bizdə buna görə narahat olan bəzi şəxslər üzülməsinlər: tarixi nailiyyətləri olan, imperiya varisi sayılan xalqlar ac qalarlar, amma əyilməzlər, tarixləri ilə öyünər, onu təkrar etməyə çalışarlar...

Siyasi baxımdan isə Ayasofiyanın məscid statusunun bərpası kənar dövlətlərin “Sən Ayasofiyanı məscidə çevirə bilməzsən” hədə-qorxusuna bir cavabdır, Türkiyənin XXI əsrdə XX əsrdən fərqli olaraq, yarımmüstəqil siyasət yürütməkdən uzaqlaşıb, “öz göbəyini özü kəsməsi”ndə ifadə olunan müstəqil siyasi kurs yürütməsinin təzahürüdür.

Nəhayət, dini baxımdan məsələyə münasibətin ümumu məzmunu budur ki, söhbət hal-hazırda yerli xristian kütlələrin gündəlik istifadə etdiyi, xristian əhlinin çoxluq təşkil etdiyi ərazidə yerləşən kilsənin məscidə çevrilməsindən getmir; söhbət müsəlman ölkənin, müsəlman şəhərin, müsəlman əhalisinin 500 il məscid kimi istifadə etdiyi məbədin əvvəlki statusunun bərpasından gedir. Bu addım islam tarixi ilə səsləşən addımdır; belə ki əhalisi müsəlmanlığı qəbul etmiş, deməli, dini-mədəni mənzərəsi dəyişilmiş ərazilərdəki keçmiş kilsələr, məbədlər məscidə çevrilərək elə həmin əhalinin öz ixtiyarına verilmişdir. Amma haradakı xristianlar kompakt halda yaşamış, haradakı monastırlarda (kilsələr deyil!) abidlər öz inanclarını davam etdirmişdilər, onların kilsələri olduğu kimi saxlanmışdır (Suriya, Misir, İordaniya, Türkiyə, Azərbaycanda olduğu kimi).

P.S. "Dünya mədəniyyətinin incisi məhv oldu" - deyənlərin nəzərinə: VIII əsrdə məscid kimi inşa edilən, XIII əsrdə isə kilsəyə çevrilən və hələ də kilsə kimi fəaliyyət göstərən Kordova məscidi (İspaniya) 1984-cü ildən YUNESKO-nun dünya inciləri siyahısına daxildir. Həmçinin Ayasofiya məscid olaraq fəaliyyət göstərsə də, dünya incisi kimi qalacaq, turistlərə açıq olacaqdır.


Elvüsal Məmmədov

AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Fəlsəfə üzrə fəlsəfə doktoru

2209

DİGƏR XƏBƏRLƏR