"Həyat, insanlar, duyğular – bütün bunlar mənə ilham verir. Mənə elə gəlir ki, şeirlər mənə Allahdan gəlir, sətirləri eşidirəm. Bir neçə dəqiqəyə şeir yaza bilərəm, bəzən hətta yuxuda da, sonra yeni qafiyələr gəlir...".
Agxeber.com-un məlumatına görə, bunu “Nargis Magazine” jurnalına müsahibəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Prezidentinin böyük qızı Leyla Əliyeva yaradıcılığından danışarkən deyib.
“Yaradıcılıq bacarığı – Uca Yaradanın bizə, övladlarımıza verdiyi böyük bir töhfədir, bizə bəxş edilmişdir. Yəqin ki, yüksək texnologiyalar sayəsində insanların yaradıcılığa daha çox vaxt ayıracağı xoşbəxt zamanları görəcəyik və gözəl rəsmlər çəkmək, möhtəşəm şeirlər, zərif musiqi yaratmaq insanın ən əhəmiyyətli bacarığına çevriləcək. Ümumiyyətlə, uşaq böyütmək və dadlı yemək bişirmək, ürəkdən işləmək, yaşamaq və gözəlliyi qiymətləndirmək – bunların hamısı yaradıcılıqdır. Belə deyərdim: yaradıcılıq ürəkdən gələn və bizə sevinc verən bir şeydir!”, - L.Əliyeva bildirib
İctimai fəaliyyəti barədə sualı cavablandıran Leyla xanımın sözlərinə görə, hər bir kəs üçün həyatda əsas insanlar onun valideynləridir:
“Mən də istisna deyiləm. Çalışqanlığı və müdrikliyi sevimli babam Heydərdən öyrənmişəm. O, əbədi olaraq mənim əsas məsləhətçim və etibarlı yol göstərənim olaraq qalacaq. Elə indinin özündə də, mən xəyalən onunla məsləhətləşirəm və mənə nə deyəcəyini, məni necə dəstəklədiyini, nədən qoruyacağını anlamağa çalışıram... Əlbəttə ki, atam və anam mənə çox böyük təsir ediblər. Sənətə, yaradıcılığa sevgi – anamdan mənə keçib”.
L.Əliyeva gələcək planlar barədə sualı belə cavablandırıb:
“Çox vaxt elə olur ki, nəyisə planlaşdırmağa vaxtın yoxdur, amma planlar özü səni tapır. Buna görə hələ ki ən vacib planım səhər oyanmaq və yeni gündən zövq almaqdır. Bir də biz sağlam həyat tərzi üçün bir kampaniya başlatmaq istəyirik. Sağlamlıq paylaşılmayan yeganə şeydir, ona qayğı göstərmək və onu qorumaq lazımdır. Sağlam olduğumuz zaman ilham və iş özü bizə gəlir!”.
Prezidentin qızı təbiətə qayğıdan da danışıb:
“Dünyanı dəyişə bilməsək də, özümüzü dəyişə bilərik. İnsan təbiətin bir hissəsidir, təbiəti qorumaq – özümüzü, uşaqlarımızı, gələcəyimizi qorumaq deməkdir. Yaxşıya doğru dəyişərək biz dünyanı yaxşılığa doğru dəyişmiş oluruq”.
“Yaradıcılığa nə qədər vaxt sərf edirsiniz” sualını cavablandıran L.Əliyeva deyib:
“Mən yaradıcılığa daha çox vaxt ayırmaq istərdim. Ancaq bir o qədər də vacib olan digər işlərə də vaxt ayırmalıyam. Xeyirxah işlərimizdə, başqalarına kömək etməyimizdən, dualarda, təbiətlə vəhdətdə ilham tapıram. Həyatın hər saniyəsi yaradıcılıqdır. Buna görə deyə bilərəm ki, bir tərəfdən yaradıcılıq üçün vaxt çox azdır, digər tərəfdən isə bütün həyat yaradıcılıqdır!
"Mən xəyalən onunla məsləhətləşirəm" - Leyla Əliyeva
6033