"Ermənilərə qan uddururdu" - Şəhid generalımız haqda

Ötən gecə Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonun sərhədyanı kəndlərini artilleriya atəşinə tutması nəticəsində “N” saylı hərbi hissənin qərargah rəisi, general-mayor Polad İsrayıl oğlu Həşimov şəhid olub. Lent.az şəhid generalıın bioqrafiyasının bəzi epizodları ilə bağlı oxucuları tanış edir.

Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Sumqayıtda doğulub. Orta məktəbi həmin şəhərdə bitirib.

Azərbaycanda H.Əliyev adına Ali hərbi məktəbdə, Türkiyədə hərbi akademiyada təhsil alıb.

Ailəlidir. İki oğlu, bir qızı var. Böyük övladı hazırda 10-cu sinifdə oxuyur.

P.Həşimov 2003-cü ildə mayor rütbəsində olarkən Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

2009-cu ildə polkovnik-leytenant Həşimov Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb.

2014-cü ildə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2016-cı ildə aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə II dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova general-mayor hərbi rütbəsi verilib.

Əslən Qəbələnin Vəndam kəndindən olan generalı yaxından tanıyanların sözlərinə görə, o, həm xidmət etdiyi ərazilərin yerli sakinlərinin, həm də rəhbərlik etdiyi hərbi birliklərin şəxsi heyətinin hörmət və etimadını qazanıb:

"Ermənilərə qan uddurub, çox cəsur idi. Düşmən onu öldürmək üçün çoxdan fürsət axtarırdı. Xidmət etdiyi sərhəd bölgələrinin əhalisi onun başına and içirdi. Tanıyanlar hamısı bilir ki, vətən sevgisi və peşəkarlıqla yanaşı, həm də insanpərvər idi, fədakarlıq edən şəxs idi. İndi Qəbələdə, əsas da Vəndamda hamı yasa batıb..."

General-mayorun əsgəri olmuş Ramil Cabbarov özünün “Facebook” profilində komandirin şəhid olması ilə bağlı hisslərini bölüşüb:

“Şəhid olan general-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu, danışığı, peşəkarlığı və Vətənə sevgisi ilə igid kimi igid idi. Şəxsi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə yürüməyə hazır idik. Tabora gələndə "Öncə vətən!" kəlməsini elə içdən işlətmişdi ki, indiyə qədər səsini xatırlayıram. Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!”





399

DİGƏR XƏBƏRLƏR