Məsələnin dinc və qarşılıqlı ANLAŞMA və MİLLİ BARIŞ mühitində həll olunmasını tələb edirəm


İyunun 7-si və 8-ində polislə vətəndaş arasında baş verən hadisələrə cəmiyyətin müxtəlif kəsimlərindən fərqli reaksiyalar gəlib. Yaşanan hadisələr nəticəsində ortaya çıxmış videolara AĞ Partiya başqanı Tural Abbaslı da öz münasibətini bildirib. O,  öz facebook hesabında bunları yazıb: "Ölkədə nə baş verir? Bu nə gərginlik, bu nə hay-həşir, bu nə zorakılıq, bu nə dözümsüzlük və bu nə qanunsuzluqdur? Hazırkı gərgin və həssas məqamı nəzərə alaraq bacardıqca soyuqqanlı yazmağa çalışıram. Xalq, vətəndaşlar və siyasilər olaraq karantin rejimi dediniz anladıq, gücləndirilmiş karantin rejimi dediniz yenə də anladıq, dəstəklədik və əməl etməyə çalışdıq. Virus can almasın, düzən pozulmasın deyə hər kəs əlindən gələn və hətta gəlməyən fədakarlığı etdi. Ac qaldı, susuz qaldı, işsiz qaldı, ancaq, dözdü. Zatən, xalqdan bundan artığını da tələb etmək absurd olardı. Ancaq, iqtidar nə etdi? Xalqın aylardır karantin rejimləri nəticəsində formalaşmış gərginliyini, psixoloji və maddi durumunu nəzərə aldımı? Xeyr! Əksinə, yüksək məbləğli cərimələr, inzibati həbslər, polis zorakılığı ilə müşayiət olunan saxlamalar, işdən çıxarılmalar və sair. Təbiidir ki, bunun nəticəsi olaraq insanlar toplanmış gərginliyi ilk üzləşdikləri haqqsızlıqda çölə püskürdəcəkdi. Bu da dünən axşam saatlarında bir neçə polisin vətəndaşı sərt formada saxlaması zamanı baş verdi. İnsanlar öz etirazlarını sözlə və zibillərini pəncərədən çölə ataraq bildirdilər. Mən qətiyyən etirazın belə formasını təqdir etmir və bəraət qazandırmıram. Ancaq, yuxarıda sadaladığım halları nəzərə aldıqda haradasa anlaşılandır. Vətəndaşların bu emosional və bəlkə də qüsurlu etiraz formasına iqtidarın, polisin cavabı necə oldu? Adekvatmı oldu, bu cavab işin xeyirinəmi işlədi, gərginliyimi azaltdı? Təbii ki, xeyr! Yüzlərlə polisin səhərin ilk saatlarında etiraz olunan məhəlləyə işğalçı üzərinə yürüyüş misalı yürüməsi, insanları ailələrinin yanından yarıçılpaq vəziyyətdə, terrorist kimi həbs etməsi, bəzilərini sürüyə-sürüyə maşınlara basması qətiyyən adekvat, hüquqi və vəziyyətə uyğun addım olmadı. Bu hesablanmamış sərt müdaxilə tam əks effekt verdi. Həm iqtidar, həm də polisə zatən zəif olan etimadı və güvəni darmadağın etdi, vəziyyəti daha da gərginləşdirdi, insanları daha da qəzəbləndirdi. Belə addımlar dövləti sonu bilinməyən hadisələrə sürükləyə bilən addımlardır. Mən qanunun aliliyinin təmin olunmasını, dövlətin avtoritetinin zədələnməsinin qarşısının alınması cəhdini, insanlara dövlət gücünün nümayiş etdirilməsi istəyini haradasa anlayıram. Ancaq, bu formada bu alınmadı və alınmaz da.Bunu siyasətdən azacıq məlumatı olan hər kəs anlayırsa, kos-koca iqtidarmı anlamır? Buradan ancaq, bu nəticəyə gəlmək olur ki, iqtidar daxilində vəziyyətin daha da gərginləşməsində, polis-vətəndaş və xalq-dövlət arasında qarşıdurma yaranmasında, düzənin pozulmasında və aranın qarışmasında maraqlı olan qüvvə və ya qüvvələr var. Əks təqdirdə olanlara hər hansı məntiqi izah tapmaq olmur. Mən bu hadisələri və bu hadisələrin səbəbkarları qınayır, hadisəyə soyuqqanlı yanaşılaraq saxlanılanların sərbəst buraxılmasını və məsələnin dinc və qarşılıqlı ANLAŞMA və MİLLİ BARIŞ mühitində həll olunmasını tələb edirəm. Müxalifət olaraq bizim işimiz həm də iqtidarı belə yanlışları zamanı xəbərdar etməkdir. Odur ki, nəzərə alınacağını ümid etmək istəyirəm!
4174

DİGƏR XƏBƏRLƏR