Orucun tibbi faydaları – Mütəxəssis rəyi

Orucun tibbi faydaları – Mütəxəssis rəyi

Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir.

Ona görə İslam dini müsəlmanları az yeməyə, aclıq hiss etmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır.

Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə kursudur.

Yenicag.az orucun insan orqanizminə faydaları haqda yazını oxucuların diqqətinə çatdırır.

Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut etmişlər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.

Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.

Tibb elmləri doktoru, professor Faiq Cəfərov orucun tibbi faydaları haqqında belə deyir: “Oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Belə ki, bu orqanlar gün ərzində normadan artıq qida qəbul edəndə yüklənir, ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsində də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə, mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur”.

Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və “yorulur”. Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.

Azərbaycan Respublikasının baş psixiatrı, tibb elmləri doktoru, mərhum psixiatr Ağabəy Sultanov orucluğun insan psixikasına müsbət təsirini belə ifadə edirdi: “İnsan gördüyü işdən həzz almalı və qənaətbəxş olmalıdır. Mənim uşaq yaşlarımdan yadımdadır ki, nənəm necə oruc tuturdu. Oruc tutulan evdə bərkdən danışılmaz, sakitlik və mehribançılıq olar. Axşam iftar süfrəsi arxasında əyləşmiş insanların əhval-ruhiyyəsi çox yüksək olur. Çünki onlar bilirlər ki, böyük və əhəmiyyətli bir iş görüblər, bu işi Allah rizası və Allaha itaət məqsədilə icra ediblər. Bütün bunlar insan mənəviyyatının, ruhunun gözəlləşməsinə təsir edir. Ramazan ayı başa çatdıqdan sonra insanlar bayram edir, bir-birinə qonaq gedir və gözaydınlıq verir. Beləliklə, orucluq insan psixikasına müsbət təsir göstərir, mnsan rahatlıq tapır. Oruc tutan insanın beyni daha güclü işləyir və daha qüvvətli olur. Çünki mədə gün ərzində boş qaldığı üçün beyin orqanizmin öz daxili imkanları, qanı hesabına təmizlənir. İnsanın təfəkkürü daha açıq olur, yaddaşı yaxşılaşır, o, daha sərrast hərəkət edir və danışır. İnsan beyni qanla yaxşı təmin olunur”.

Burada qeyd etmək yerinə düşər ki, hətta qeyri-müsəlman tibb alimləri də bu fikri müdafiə etmişlər ki, oruc – ən yaxşı dərmanlardan biridir. Məşhur rus alimi Aleksey Soforin “Müalicənin yeni üsulu – oruc” kitabında yazır: “Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır”.

Deyilənləri ümumiləşdirərək, Həzrət Məhəmməd Peyğəmbərin (s) bir hədisi ilə oxuculara tövsiyə edirik: “Oruc tutun ki, sağlam olasınız”.

7515

DİGƏR XƏBƏRLƏR