“100 minlik maşın sürür, ancaq bir dəst məktəbli geyimi almağa can çəkir” - Etibar Əzimov


Avqustun 17-dən yeni məktəbli formalarının satışına başlanılıb. Geyim dəstində köynək 14 manat, şalvar və ətək isə 25 manatdır.

Bəs yeni məktəbli formasına tələbat necədir, qiymət və keyfiyyətlə bağlı narazılıq varmı?

"Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov Modern.az-a bildirib ki, satış hazırda çox yaxşı gedir:

“Vətəndaşlar yeni formaları bəyənirlər. Qiymətlərin cibə uyğun olması da onları razı salan haldır. Artıq biz formaları satış üçün "Bravo" marketlərinə də vermişik. "Bravo" marketlər şəbəkəsinə məxsus yerlərdə, "Gənclik Mall" və "28 Mall" da daxil olmaqla bu formalar satılacaq. Bizim filallarımız yoxdur. Buna görə də hamı bir yerə toplaşmalı olurdu. "Bravo" marketlərdə formaların satışı bu mənada kömək edəcək”.

E.Əzimov məktəbli formalarının keyfiyyətindən insanların razı olduğunu vurğulayıb:

“Hazırda forma almaq üçün gələnlərin sayı çoxdur. Onlar arasında geyim dəstinin keyfiyyətindən narazı olanları görmədim. Bununla bağlı şirkətimizə də müraciət olunmayıb. Bu məhsulun keyfiyyətindən narazı olmaq da mümkün deyil. Köynək yüz faiz pambıq, şalvar və ətək isə 60 faiz yundur. Hazırda alverçilər canımızı boğaza yığıblar, hətta əlavə pul təklif edirlər ki, biz bu formalardan satış üçün onlara da verək. Ancaq  bu formalar "Sədərək"dən tutmuş "Vosmoy"a qədər heç bir ticarət mərkəzində satılmır. Çünki biz heç kimə vermirik. İndi insanlar hamısı eyni cür fikirləşmir. Elə adam var ki, 100 minlik maşın alır, ancaq bir dəst məktəbli forması almağa can çəkir. Bu düzgün deyil. Bu uşaqdan qənaət etməkdir. Elə adamlar var ki, heç nədən heç vaxt razı olmur. Ancaq ötənilki formalara nisbətən bu forma çox mütərrəqidir. Özəl liseylərdə də şagirdlər belə paltarlar geyinirlər”.

3986

DİGƏR XƏBƏRLƏR