AĞ Partiya Zəngəzur Komissiyası bəyanat yayıb


Xəbər verdiyimiz ki, bir müddət öncə  AĞ Partiya tərkibində "AĞ Partiya Zəngəzur Komissiyası" yaradılıb. Komissiya may ayının 14-də keçirilən iclasından sonra bəyanat yayıb. Bəyanatın mətnini təqdim edirik:
"Azərbaycan müxtəlif dillərdə danışan və fərqli dinlərə etiqad edilən bir ölkədir. Fərqliliklərə qarşı dözümlülük və müxtəlif xalqların birgə mehriban yaşama təcrübəsi tarixi mirasımızdır. Bu mirasın qorunub saxlanılması üçün Azərbaycan xalqı bir çox fədakarlıq nümunəsi göstərmişdir. Ancaq təəssüf ki, bəzi qonşularımız bizim bu mirasımızın inkişafına süni müdaxilə etməyə çalımışlar.
Məlumdur ki, XIX əsrin əvvəllərindən başlayan və 1828-ci ildə başa çatan Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalı özü ilə bir çox faciələrin əsasını qoymuşdur. Bölgəni işğal etdikdən sonra Rusiya İmperiyası bölgənin etno-demoqrafik mühitinin dəyişdirilməsi istiqamətində bir sıra addımlar atdı. Burada məqsəd Qafqazda müsəlman əhalinin sayının azaldılması, bunun əvəzində isə ermənilərin sayının artırılması idi. Ermənilər Qafqazda heç bir zaman say çoxluğuna malik olmamış, Azərbaycan dövlətlərinin himayəsində azlıq olmuşdular. Bunu sübut edən amillərdən biri də 1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya İmperiyası arasında imzalanan Kürəkçay müqaviləsi idi. Burada bir tərəf ruslar, digər tərəf isə Qafqazın türk-müsəlman əhalisi idi.
Ancaq təəssüf ki, Rusiyanın Osmanlı və İranla müharibələrdə qalib gəlməsi nəticəsində Qafqazda etnik vəziyyətin dəyişdirilməsi baş verdi. Ermənilər də öz növbəsində imperialist işğalçının himayəsinə sığınıb bizim tarixi torpaqlarımızda məskunlaşmağa başladılar. İki müharibənin nəticəsində İrandan 40 000, Osmanlıdan isə 84 000 erməni Azərbaycan torpaqlarına köçürüldü. 1911-ci ilə qədər isə ermənilərin köçürülməsi davam etdi və Qafqazda 1000000 – a yaxın erməni məskunlaşdı. Bununla da işğalın fəsadları başlamış 1828-ci ildə bizim torpaqlarımızda erməni vilayəti formalaşmışdı.
Ermənilər də öz növbəsində fürsətdən istifadə etmiş 1905-05-cı, 1918-20-ci illərdə Qarabağda, Qərbi Azərbaycanda, eləcə də Azərbaycanın digər bölgələrində soyqırımlar həyata keçirmişdilər. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası davam etmiş, torpaqlarımız da müxtəlif adlarla Ermənistana verilmişdir. Bu tarixi torpaqlarımızdan biri də Zəngəzurdur. 44 günlük Vətən Müharibəsi nəticəsində Zəngəzura bütün forma və şəkillərimizdə qayıdış imkanları yaranmışdır.
Burada ilk öncə qeyd edək ki, bütün hallarda Azərbaycan torpaqlarının Ermənistana verilməsi Rusiya işğalının və erməni fürsətçilliyinin nəticəsidir. Burada həmçinin zamanın Azərbaycan rəhbərlərinin də tarixi məsuliyyəti yox deyildir.
Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat büroları­nın birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Qərarda Zəngəzur bölgəsinin 2 yerə: Qərbi və və Şərqi Zəngəzur qəzasına bölünməsi təklif edildi. Qərardan sonra Zəngəzur qəzasının 6,742 kvadrat verstlik ərazisindən 3,105 kvadrat versti Azərbaycan SSR tərkibində qalsa da, 3.637 kvad­rat verstlik hissəsi Ermənistana verilmiş oldu. Moskvanın təzyiqi ilə tapşırığı yerinə yetirməyə məcbur olan N. Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli icla­sında etdiyi nitqində Zəngəzurun Ermənistana güzəştə gedildiyi­ni bildirdi. Bəyanatda yazılırdı: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşla­rımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnak­ların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur... qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; ...Zəngəzurun hüdud­larında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır”.
Beləliklə, Azərbaycanın tarixi torpaqları Rusiyanın təzyiqi və Ermənistanın maraqlarına uyğun olaraq xalqımızın maraqlarının ziddinə daim bizimlə düşmənçilik edən bir xalqa verildi. Bu torpaqların əsasında Ermənistan adlı dövlət quruldu. Meğrinin Ermənistana verilməsi ilə isə Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəsi kəsildi. Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Bu qərarların heç biri Azərbaycan xalqının razılığı ilə verilməmişdir. Buna görə də hüquqi legitimlik daşıya bilməzlər. Bu tarixi cinayətin nəticələrinin ləğv edilməsi üçün hüquqi prosesə start verilməli, ilk öncə məsələ ilə bağlı Azərbaycan siyasi mühitində müzakirələr başlamalıdır. Bunu nəzərə alaraq Ağ Partiya nəzdində Zəngəzur Komisiyası təsis edilmilmişdir. Komisiyanın məqsədi tarixi cinayətin ntəcilərinin aradan qaldırılması istiqamətində ictimai rəyi səfərbər etmək, bu istiqamətdə milli maraqlar baxımından iqtidar-müxalifət birgə fəaliyyətinə əsas formalaşdırmaqdadır. Ümid edirik ki, Ağ Partiyanın bu addımı istər dövlət, istərsə də digər ictimai-siyasi təşkilatlar tərəfindən dəstəklənəcəkdir".
 
 
4378

DİGƏR XƏBƏRLƏR