AĞ Partiya Fələstinlə bağlı bəyanat yaydı


AĞ Partiya Fələstinlə bağlı bəyanat yayıb. Bu barədə "Agxeber.com" a partiyanın mətbuat xidmətindən məlumat verilib. Bəyanatda deyilir:
"İsrail təhlükəsizlik qüvvələri tərəfindən, xüsusən müqəddəs Ramazan ayında Şərqi Qüdsün fərqli nöqtələrinə hücumlar təşkil edilmiş və bunun nəticəsində işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsa, Şam Qapısı və Şeyx əl-Cərrah məhəlləsində bir çox mülki fələstinli həlak olmuş və yaralanmışdır. Bütün bu hərəkətlər beynəlxalq humanitar hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurası və BMT Baş Məclisinin Qüdslə bağlı qətnamələrinin kobud şəkildə pozulmasıdır. Dünya ictimaiyyətini İsrailin mülkü şəxslərə yönəlmiş və beynəlxalq hüquqa zidd olan əməllərinə qarşı gecikdirilmədən addım atmağa çağırırıq. Xatırlatmaq yerinə düşər ki, Birləşmiş Millətlər Təşkilatının 1947-ci il tarixli 181 saylı qərarında  Qüds üçün  BMT idarəsində beynəlxalq bir rejim nəzərdə tutulurdu.  İsrail 1967-ci ildə Şərqi Qüdsü işğal etdikdən sonra BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə ədalətli və davamlı bir sülhün təmin olunması üçün zəruri bildiyi prinsipləri ortaya qoyduğu 242 saylı qərarında İsraili 1967-ci il müharibəsi zamanı işğal etdiyi əraziləri tərk etməyə çağırdı. İsrail 1980-ci ildə çıxardığı “Qüds” qanunundan sonra da  BMT Təhlükəsizlik Şurası  478 saylı qərarı ilə onların bu addımını qınadı. 
Göründüyü kimi heç bir beynəlxalq hüquqa adekvat cavab verməyən İsrail rejimi bu günədək eyni işğalçılıq siyasətini davam etdirir.
Biz də öz növbəmizdə AĞ Partiya olaraq daima məzlumların yanında olmağı prioritet məsələ elan etdiyimiz üçün İsraili şiddətlə qınayır, onları qanuna zidd əməllərindən geri çəkilməyə çağırırıq. Fələstində dünyasını dəyişən vətəndaşlara görə Fələstin xalqı və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik. Allah ölənlərə rəhmət etsin".
3774

DİGƏR XƏBƏRLƏR