AĞ Partiya Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

 
Hər bir xalqın tarixində faciələr, kataklizmlər, böhranlı dövrlər olmuşdur. Ancaq bütün bunların içərisində soyqırım aktları öz siyasi, psixoloji, mənəvi izi baxımından ən ağrılı məqamlar kimi tarixin yaddaşına həkk olunmuşdur. 26 fevral 1992-ci ildə baş vermiş Xocalı faciəsi də Azərbaycan tarixinin hüzn dolu bir anıdır. Xocalı faciəsi, Ermənistan dövlətinin etnik təmizləmə siyasətinin üçüncü qüvvənin dəstəyi ilə reallaşması dəhşətidir. Xocalı faciəsi beynəlxalq hüquq normalarına görə yalnız bir şəkildə xarakterizə edilə bilər – SOYQIRIM. Bu soyqırımın birbaşa caniləri Ermənistan dövləti və məlum 366-cı alaydır.
Fəqət Xocalı soyqırımının səbəblərindən biri də beynəlxalq ictimaiyyətin və aparıcı dünya dövlətlərinin sükutudur. Məhz bu amillərin birləşməsi dünyanın ən yeni tarixində Xocalı faciəsini doğurdu. Xocalı faciəsi xalqımızda dəhşətli bir yara buraxdı. İnsanlar işgəncə gördü, qətl edildi, itkin düşdü, ailələrin, insanların, körpələrin xəyal dünyası dağıldı. Ermənistan və onun marioneti olan separatçı ünsürlər 366-cı alayın dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini xəritədən sildilər.
Ermənistanın davam edən təcavüzü, ona birbaşa dəstəyini müxtəlif forma və şəkillərdə həyata keçirən bəzi region dövlətlərinin iştirakı və dünyanın sükutu nəticəsində daha da genişləndi. Ölkəmizin 20 faiz əraziləri işğal edildi.
ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, beynəlxalq ictimaiyyətin etinasızlığı Ermənistanı daha da həris etdi və nəticədə 2020-ci il sentyabrın 27-də növbəti təcavüz aktları həyata keçirdi. Buna qarşı Azərbaycan cəmiyyəti bir birlik nümunəsi ortaya qoydu və şanlı ordumuz Azərbaycan torpaqlarını azad etdi. Azərbaycan Rusiyanın vasitəçiliyi ilə atəşkəsə  razılıq verdi və bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə yeni situasiya yarandı. Müharibə ərzində Azərbaycan qardaş Türkiyə və Pakistan başda olmaqla ədalətli dövlətlərin siyasi dəstəyini yüksək qiymətləndirdi. Azərbaycan ordusunun bu şanlı qələbəsi Xocalı canilərinə və onların dəstəkçilərinə reallıqların dəyişdiyini göstərən fəaliyyət idi. Lakin bundan sonra da Ermənistanın siyasi və hərbi rəhbərliyi təxribat xarakterli fəaliyyətlər həyata keçirdi. Hətta Ermənistan rəsmi səviyyədə Azərbaycana qarşı “İskəndər” raketindən istifadə etdiyini belə etiraf etdi. Dünyanın bir çox dövlətləri və təşkilatları isə bütün bunları yenə görməzdən gəlir. Bir sıra hallarda isə sülhməramlılar Azərbaycanın sülh məramından deyəsən başqa cür yararlanmaq istəyirlər. Bu hərəkətlərin növbəti Xocalı faciələrinə gətirməyəcəyinə kim zəmanət verir? Amma biz Ağ Partiya olaraq əminik ki, ordumuz istənilən halda belə bir düşüncəyə sahib olan istənilən potensial caninin hərəkətə keçməsi anında onun arzularını gözündə qoyacaqdır.
Ümid edirik ki, Qarabağda bütün nüanslarda Azərbaycanın hüquqi maraqları tam təmin ediləcək, hərbi qələbələrimiz siyasi baxımdan öz təsdiqini tapacaqdır. Bu baxımdan biz ölkənin müvafiq orqanlarının fəaliyyətlərini gücləndirməsini istəyirik. Ümummilli məsələlərdə hər zaman 44 günlük savaşda olduğu kimi siyasi maraqların ikinci planda olduğunu bəyan edirik.
Xocalı faciəsi ilə bağlı olaraq xalqımıza baş sağlığı verir, şəhidlərimizə rəhmət diləyirik. Azərbaycan bayrağının tezliklə Xocalıda sancılacağına ümid edir və siyasi hakimiyyəti bu sahədə fəaliyyəti gücləndirməyə çağırırıq. Bir daha bəyan edirik ki, bu ümummilli məsələdə daim dövlətin yanındayıq. Eyni zamanda beynəlxalq təşkilatları və eləcə də bütün dünya dövlətlərini Xocalı soyqırımını tanımağa və lazımi hüquqi qiyməti verməyə çağırırıq.  Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayət 1949-cu il Cenevrə Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır və dünya birliyi bu ədalətsizliyə göz yummamalıdır. Dünya ictimaiyyəti anlamalıdır ki, Xocalı soyqırımına adekvat reaksiya verməmək, dünyada baş verə biləcək yeni soyqırımlara zəmin yaradacaq nəticələrə gətirib çıxara bilər.
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə də uzun ömürlər versin. Xalqımız daim müzəffər olsun!
 
8027

DİGƏR XƏBƏRLƏR