RAMİN ƏBİLOV

Qərbin maddi fəlsəfəsindən doğan liberalizm

Qərbin maddi fəlsəfəsindən doğan liberalizm

RAMİN ƏBİLOV
Qərbin maddi fəlsəfəsindən doğan liberalizm qadına yalnız rəqəmlər və əşya nəzəri ilə baxır. Həqiqətənmi bu "liboşların" dediyi kimi Azərbaycan qadını qul və kölədir?!
Bu məqamda, işin fəlsəfi tərəfinə toxunmadan keçmək olmaz. Yəni, bu gün qərbin maddi fəlsəfəsi ilə zəhərlənmiş zehnlər, vəhşi kapitalizm və liberalizm, qadına rəqəmlər və əşya prizmasından baxmaqdadır. Mənəvi dəyərləri anlamayan bu zehniyyət, məhz bu səbəbdən bizim qadınların fədakarlığını qul olma kimi dəyərləndirir. Ona görə də liberalizmin yanaşması və liberalların baxış açısından Azərbaycan cəmiyyətində və ümumiyyətlə şərqdə qadın quldur iddiasını ortalığa qoyurlar. Bir məsələni dərk etmədən, həmin məslədə əks iddia irəli sürmək, həqiqəti ifadə edə bilməz. Ən yaxşı halda olsa-olsa həmin sapıq düşüncə tərzinin “doğrusu” ola bilər.
Bizim türk-islam fəlsəfəsinə görə, fədakarlıq bir dəyərdir, fəzilətdir, hörmətə və məhəbbətə layiq bir xislətdir. Fədakarlıqdan doğan xidmət anlayışı var. Bu səbəbdən də xidmət etmək, xidmətçi olmaq bizim hekayəmizə görə qul olmaq demək deyil və o anlama gəlmir. Bir ana, ALLAHIN onun mahiyyətinə dərc etdiyi şəfqətdən dolayı, gecələri körpəsinə görə yuxusuz qalırsa, övladına görə hər fədakarlığa, cəfalara hazırdırsa, eyni zamanda bir qadın sevə-sevə ailəsinin və həyat yoldaşının xidmətində durursa ona qul, kölə deyilmir “cənab liboşlar”! Çünki, xidmət etmək və xidmətçi olmaq sevgi və məhəbbətin mədəni olur. Həmin qadın ailənin baş tacına çevrilir. Həm analıq, həm də fədakar həyat yoldaşı olması səbəbi ilə. Fikrimi daha ətraflı izah etmək üçün bəzi məqamları xüsusi vurğulamaq istəyirəm. Nə üçün alimlər, həkimlər və müəllimlər ticarətçilərdən daha çox sevgiyə layiqdir? Çünki, həkimlik və müəllimlik peşəsində fədakarlıq və xidmət məqamı üstündür. Çünki, bu və buna bənzər peşə sahibləri cəmiyyətə və insanlığa xidmət edirlər. Bir növ cəmiyyətin və insanlığın xidmətçisidirlər. Amma ticarətdə başqalarını düşünməkdən çox, öz mənfəətini, öz faydasını düşünmək ön plandadır. Dolayısı ilə mənfəət və maddiyyat xidmətin üzərindədir. Nə üçün dövlət, bir alimi, bir hərbçini, bir həkimi, bir yanğınsondürəni və s. mükafatlandıranda vətənə, dövlətə xidmətlərinə görə mükafatlandırır? Ona görə ki, yenə işin əsasında və mayasında xidmət və xidmətçi olmaq durur. Xidmətdə və xidmətçilikdə bir fədakarlıq gizlidir. Bizim hekayəmizə görə və bu həqiqətdə də belədir. Hərbi xidmətdə minlərlə əsgər olur, amma onlardan tarixə düşən, milli qəhrəmana çevrilən, xalq tərəfindən daim sevilən və yaddaşlarda yaşayanlar canını fəda edənlər olur. Məmur nə zaman sevilir?!  Məmur o zaman sevilir və seviləcək ki, xalqına, millətinə, dövlətinə xidmətçi olsun. Məhz bu səbəbdəndir ki, bizim cəmiyyətdə məmurlara məhəbbət deyil, nifrət var (istisnalar var əlbətdə). Demək ki, xidmətçi  olmaq insanı ucaldır, sevdirir, baş tacı edir. Bax elə bu səbəbdən, bizdə qadın uca tutulur, sevilir, baş tacı hesab edilir ki, bunlar bizim fədakar analarımız və həyat yoldaşlarımızdır. Bu qədər sadədir bu məslələr “cənab liboşlar”. Avropada təhsil almısınız, amma bu qədər sadə məsələlərdə boğulursunuz. Sizi qınamıram, evdə bişməyib, qonşudan gəlməyib. Oxuduğunuz universitetlərdə isə belə məsələlər tədris və təlim olunmayıb. Bu təfəkkür və irfan məsələsidir. Ona görə də, başınız girməyən yerə, bədəninizi soxmayın. Başınızdan böyük danışıb, Azərbaycan qadınını “qul və kölə” adlandırmayın. Başınızdan böyük qələt etməyin. Biraz arif və aqil olanlara məqsədiniz gün kimi aydındır. Məqsəd Azərbaycanda feminizm və liberalizm pərdəsi altında, “AİLƏ İNSTİTUTUNU” dağıtmaqdır. Amma arxayın olun. Bu xalqın ailə institutu əsrlərə dayanır. Kökləri də sağlamdır. Bizi sizin kimi zəif küləklər kökümüzdən qopara bilməz. Səsiniz də ağcaqanad vızıltısı kimi, qulağa və beyinə xoş gəlmədiyi kimi, həm də o qədər zəif çıxacaq. Eyni zamanda biz mühafizəkarlar da əlimizi-qolumuzu sallayıb oturası deyilik.  Zaman elm, məntiq zamanıdır. Sizin bir sapıq arqumentinizin qarşısına onlarla sağlam və məntiqli arqument qoyacağıq.
 ALLAH yar və yardımçımız olsun.

MÜƏLLİFİN DİGƏR YAZILARI