RAMİN ƏBİLOV

Güzgünümü sındırmalı, yoxsa özümüzü səliqəyə salmalıyıq?

Güzgünümü sındırmalı, yoxsa özümüzü səliqəyə salmalıyıq?

RAMİN ƏBİLOV

Düşünün bir insan, başını daramadan, əynində köhnə və cırıq-yırtıq paltarla, özünə baxmaq üçün boy güzgüsünün önündə dayanır. Və güzgünün reallığı əks etdirdiyi üçün, dözə bilmir, güzgünü qırır!

Nə qədər anormal və absurd hərəkətdir, deyilmi? Adam başını darayıb, özünü səliqəyə salmaq əvəzinə, günahı güzgüdə görür. 

Cəmiyyətin də GÜZGÜSÜ real TƏNQİD və tənqid edən şəxslərdir! Təbii ki, söhbət təhqirsiz, sərt də olsa tənqiddən gedir. Tənqid bütün dövrlərdə və bütün normal və inkişaf etmiş cəmiyyətlərdə lokomotiv rolunu oynayıb və oynayır. Sadəcə tənqidə qarşı sağlam şəkildə dözümlülük nümayiş etdirmək və haqlı tənqiddən nəticə çıxararaq, real addımlar atmaq lazımdır. Əks təqdirdə halımız, güzgü önündə eybəcər birisinin “məndən gözəli yoxdur” deməsinə və ya iki "alkaş"ın bir-birini tərifləməsinə bənzəyəcək.

Bu gün bizə örnək olaraq davamlı, avropadakı insan haqlarından danışılır və yazılır. Lakin heç unutmamalıyıq ki, İslamın ilk qurulduğu dönəmlərdə, böyük xəlifələrin zamanında, xalqın irad və şikayətlərini dinləmək üçün dövlətin başında duranlar, gecələr belə insanları birbaşa qəbul edib və dərdlərini dinləyirdilər. Bunun üçün nə qəbula yazılmağa və də referentə ehtiyac yox idi. Çünki onlar, dövlətin başında durmağın, ALLAH qatındakı məsuliyyətini gözəl dərk etmiş və bir gün bunun hesabın Uca Rəbblərinə verəcəklərinin fərqində idilər. Və bu məqama Dövlətə və Xalqa xidmət məqamı kimi baxırdılar. Bunun gözəl örnəklərin şanlı Osmanlının bir çox sultanların idarəçiliyi dönəmində də görə bilərik. İşin mahiyyəti o zaman dəyişir ki, hakimiyyətdə olanlar bu məqama xidmət məqamı kimi deyil, mal-mülk, var-dövlət, sərvət toplama məqamı kimi baxırlar! Bu zaman mahiyyətlərinə dərc edilmiş “ənə” (eqo) mikrobu və doymaq bilməyən nəfsləri onları “Allahlıq” iddiasına sövq edir. Əslində isə, bu zavallılar olsa-olsa cəhənnəmə odun və yanacaq ola bilərlər! Bir çox hallarda İlahi ədalət bunları bu dünyada da cəzalandırır. Cəmiyyətin sağlamlığı və inkişafı, həmin cəmiyyətin və hakimiyyətin başında duranların mənəvi sağlamlığından və salehliyindən keçir. Bu variant şərq ölkələri üçün daha keçərli olub və hələ də elədir. Və ya buna, insan faktoruna dayanaraq deyil, sağlam, ədalətli, nizam-intizamın və qanunların şah olduğu sistem qurmaqla nail olmaq olar! (Haşiyə biraz uzun oldu)

Qayıdaq güzgü məsələsinə. Düşünürəm ki, bu gün hakimiyyət, illərlə yanlış apardığı kursu dəyişməli və bütün tənqidləri dəyərləndirməlidir. Yalnız belə olduğu halda həqiqi dəyişimə və inkişafa nail olmaq olar. Dolayısı ilə köhnə, çürümüş, yararsız və üfunət qoxuyan sistem yenisi ilə əvəz olunmalıdır. Və bu dəyişimi xalq reallıqda hiss etməlidir. Yəni sözdə deyil, özdə olmalıdır:
1. Azad və ədalətli seçkilər keçirilməli. İlk növbədə parlament seçkisindən söhbət gedir;

2. İctimai nəzarət və vətəndaş cəmiyyəti gücləndirilməli;

2. Korrupsiya və rüşvətxorluğun səviyyəsi minimuma endirilməli (mübarizə tək korrupsionerlərlə deyil, korrupsiyaya qarşı olmalıdır); 

3. Məmur özbaşınalığına son qoyulmalı, ictimai nəzarət gücləndirilməli;

4. İnsanların sosial-rifah halı yaxşılaşdırılmalı (ən azından, neft-qaz, kürü və s. təbii sərvətlərlə zəngin olan ölkə baxımından);

5. Dövlətin ali təhsil ocaqlarında pullu təhsilin səviyyəsi minimuma endirilməli;

6. Sosial müavinətlər artırılmalı, uşaqpulları bütün normal ölkələrdə olduğu kimi verilməlidir;

7. İnsanlar əqidələrinə və siyasi baxışlarına görə təqib olunmamalı (dövlətə və dövlətçiliyə zərərli olmadığı müddətcə);

....................................... ilə axır və sair. 

Yoxsa bir vətəndaş, pandemiya vaxtı 190 manat növbəsindəki basırığı telefona çəkərkən polis onu aparırsa, yolun bərbad olmasından danışan insanın səsi və sözü dinlənilmirsə, BNA və YPX-nın tələ qurmasını işıqlandıranların tənqidi nəzərə alınmayıb tədbir görülmürsə, seçki saxtakarlığından danışanlara tam əksi isbat olunmağa çalışılırsa, çimərlikləri açdınız, MƏSCİDLƏRİ də AÇINIZ deyib, tələb edənlərə dini radikal nəzəri ilə baxılırsa, sərt tənqid edən vətəndaşlar susdurulursa və sair. Demək ki, biz özümüzü düzəltmək əvəzinə, GÜZGÜNÜ SINDIRIRIQ!

Unutmayaq ki, güzgü öz güzgülük vəzifəsini yerinə yetirir. Günəşə qarşı tutduqda onun ziyasını içinə alar, işıq saçar, gülə qarşı tutsan gülün gözəlliyini əks etdirər, zibilliyə qarşı tutsan, həmin eybəcər mənzərəni göstərər.
Odur ki, əfəndilər, güzgünü səhv çıxarmağa çalışmayaq, özümüzü düzəldək. Yanlışımızı deyənə düşmən kəsilməyək, yanlışımızı düzəldək!

Qeyd: Bu arada, hər birimiz fərd olaraq da, ALLAHIN bizə tutduğu həyat güzgüsündə, “mən kimə oxşayıram və mənim ALLAH qatında adım nədir?” sualını özümüzə verək! Çünki bu toplum, bu cəmiyyət bizlərdən ibarətdir. Özünü islah edə bilməyən, başqasını izlah edə bilməz!
ALLAH yar və yardımçımız olsun.

MÜƏLLİFİN DİGƏR YAZILARI