KAMRAN MƏMMƏDLİ

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün proqnozlar iflasa uğradı!

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün proqnozlar iflasa uğradı!

KAMRAN MƏMMƏDLİ

"Rusiya-Ukrayna müharibəsinin başlamasından 6 ay ötür. 24 Fevral 2022-ci il tarixindən başlayan Rusiya-Ukrayna müharibəsinin lap əvvəlində onun nəticəsi ilə bağlı əsas iki proqnoz verilirdi.

Bəzi ekspertlər Ukraynanın tez bir zamanda təslim olacağını, Volodimir Zelenskinin ölkədən qaçacağını və Kiyevdə yeni Rusiyayönlü rejimin qurulacağını proqnozlaşdırırdılar . 

Digər siyasətçilər isə Moskvanın strateji səhvə yol verdiyini və Rusiyanın Ukraynada batağlıqa düşdüyünü bildirirdilər. Bu versiyaya görə, Ukraynada böyük itkilər verən Rusiya müharibəni davam etdirə bilməyəcək və Qərbin Rusiya Federasiyasına tətbiq etdiyi iqtisadi sanksiyalar ən qısa zamanda Kremlin iradəsini qırmalı idi . Görünən odur ki , hər iki proqnoz özünü doğrultmadı".  

Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında Ağ Partiya Mərkəzi Aparatının sədri, politoloq Kamran Məmmədli deyib.

Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, bu gün müharibə ilə bağlı real proqnozlar vermək çox çətindir.

K.Məmmədli hesab edir ki, Ukrayna ətrafında gedən proseslərin dinamikası və amilləri Moskvanı strateji dəyişikliklərə əl atmağa məcbur edir: " Rusiyanın “blitskriq” planının iflasa uğraması Kiyevin əlinə oynadı və hal- hazırda qərbdən əldə etdiyi müasir silahlarla müharibəni daha da uzatmaqdadır, hətta ara-sıra Ukrayna əks hücum taktikasına da keçməkdədir .

Bunun bariz nümunəsi olaraq son günlərdə Krıma edilən hücumlar və rus vətəndaşların panikaya düşərək Krımı tərk etməsini göstərmək olar. 

Təbii ki,  Qərbin hərbi və maddi-texniki yardımı, Türkiyə istehsalı olan Bayraktarın və Amerikanın HİMARS- ları olmasaydı, çətin ki Zelenski indiki kimi qəhrəman obrazını qoruya bilərdi  . 

Qərbin güclü dəstəyi və ABŞ Prezidenti Co Baydenin Ukrayna ilə bağlı lend-liz qanununu ikinci dünya müharibəsindən sonra ilk dəfə imzalaması Ukraynanın bu müharibədə psixoloji üstünlük qazanmasına kömək etdi".

Politoloq hesab edir ki, bununla belə, Rusiyanın və ya Ukraynanın qələbəsi haqda danışmaq hələ tezdir : "Bu beş ay ərzində dünya eyni zamanda Rusiya hərbi texnikasının zəifliyini və müasir qərb texnologiyası qarışısında aciz qalmasını gördü.Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibənin başlamasından indiyədək Rusiya ordusunun 44 900 hərbçisi məhv edilib . 

Bu rəqəmlər 6 aya görə dünya derjavası Rusiya üçün böyük itki hesab oluna bilər".  

Qlobal nəticələrə gəlincə, K.Məmmədli vurğuladı ki, Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatının bir çox sahələrində,  qidadan tutmuş enerjiyə qədər olan boşluqları da üzə çıxardı: "Eyni zamanda müharibə fonunda gündəmə gələn bir sıra məsələlər Aİ və NATO ölkələri arasında fikir ayrılıqlarının dərinləşməsinə səbəb oldu. Bu 6 ay ərzində Avropa İttifaqı və NATO ölkələri Ukraynanın məğlub edilməməsi ilə bağlı həmfikir olsalar da, vaxtaşırı Rusiyaya təzyiq və sanksiyalar məsələsində fikir ayrılıqlarına düşürdülər. Nəzərə almaq lazımdır ki, tək iqtisadi sanksiyalar ilə Rusiyanı qısa müddətdə dayandırmaq mümkün deyil və dünyada yaşanan enerji böhranı Rusiya üçün üstünlüklər yaradır. Rusiyanın əlinə oynayan digər amil isə ərzaq böhranıdır, xüsusən də, dünya bazarlarında taxıl qıtlığı.Rusiya ilə Ukrayna arasında davam edən müharibə bizə aydın göstərdi ki, döyüşlər döyüş meydanında getsə də, müharibəni aparmaq və davam etdirmək üçün möhkəm bazaya malik olmaq lazımdır.Müharibənin necə inkişaf edəcəyi ilə bağlı istənilən proqnozlar isə yalnız bütün amillərin qiymətləndirilməsi və analizi ilə verilə bilər".

Nigar Abuzər, SİTAT.İNFO

MÜƏLLİFİN DİGƏR YAZILARI