KAMRAN MƏMMƏDLİ

 Qul ağasına üsyan edərsə

 Qul ağasına üsyan edərsə

KAMRAN MƏMMƏDLİ
Bildiyimiz kimi bir çox avtoritar ölkələrin sadə insanları səfalət içində yaşadığı halda həmin  ölkələrin  rəhbərləri eyş-işrətdə yaşayırlar.  Belə ölkələrdə nə hüquqdan, nə də demokratiyadan bəhs edilə bilməz. Amma eyni zamanda beynəlxalq arenalarda  həmin ölkələrin rəhbərliyində təmsil olunan şəxslər  öz ölkələrini  demokratik şəkildə idarə etdiklərini iddia edirlər. Əsas idarə sisteminin demokratik olduğunu israrla vurğulayırlar. Bəs demokratiya sözün həqiqi mənasında nədir? Necə olur?. Demokratiya (demos-xalq, kratos-hakimiyyət) Yunan sözü olub “xalq hakimiyyəti”, və yaxud “xalq üsul-idarəsi” deməkdir. Daha aydın şəkildə ifadə etsək, demokratiyanın əsas prinsipinə görə xalqın rəhbəri elə bizlərik yəni sadə insanlar.  Sadəcə biz çox olduğumuz üçün içimizdən bir nəfəri prezident seçirik ki, bizə ağalıq yox, xidmət etsin. Lakin bir çox ölkələrdə bəzən  qul ağasına baş qaldırır. Xalqın xidmətçisi, sahibinə qarşı üsyan edir. Və xalq da əlbəttə bir gün öz xidmətçilərinin qulağından burub cəzasını verəcək . Ancaq burada demək istədiklərim başqadır. Əgər siz  fikir versəniz görərsiniz ki, beynəlxalq konfranslarda həmin ölkə başçıları özlərini “alçaldaraq” xalqlarının xidmətçiləri olduğunu vurğulayırlar . Sistemin demokratik olduğunu deyirlər . Bəs niyə yalandan da olsa belə deyirlər? Niyə açıq aydın demirlər ki, biz demokratik sistemi saymırıq. Bizdə monarxiyadı, krallıqdır, sultanlıqdır. Çünki əslində onlar doğurdan da elə xidmətçidirlər . Sadəcə öz xalqlarının yox, o qorxduqları üçüncü dövlətlərin. Onlar özlərinə özlərindən olan xalqa xidmət etməyi sığışdırmadığı halda gedib üçüncü dövlətlərin qulları oldular . Üçüncü dövlətlərin xidmətçiləri oldular . Bu səbəbdən də üçüncü dövlətlərin qınağından , sanksiyalarından və müdaxilələrindən qorxduqları üçün yalan danışırlar və ağaları da onların yalan danışdıqlarını çox gözəl bilir.  Sadəcə sözə qulaq asan qullarının ilk səhvlərini gözləyirlər . Üçüncü dövlətlər üçün isə  insan haqları, demokratiya digər ölkələrə müdaxilə etməyə  sadəcə bir bəhanədir. Üçüncü dövlətlər heç zaman başqa ölkələrin sadə insanlarını düşünməz, sadəcə demokratiya adı altında öz məkirli planlarını yerinə yetirər, xalqlardan istifadə edərlər. Ancaq bir şeyi unutmaq lazım deyil ki, xalq bir gün qəzəblənərsə heç bir üçüncü dövlət öz xalqına zülm edənləri qoruya bilməz. Xalqdan ayrı düşmüş idarəçiləri ilk satan güvəndikləri xarici güclər olacaq. Necə ki, biz  bu prosesləri Liviya, İraq, Misir, Tunis kimi ölkələrin timsalında gördük. Eyni zamanda həqiqətən də xalqına xidmət edən  liderlərin olduğu ölkələrə xarici güclərin müdaxiləsi və nəticə əldə etməsi heç də asan deyil. Bu vəziyyətə göstərilə biləcək ən gözəl örnək qardaş Türkiyə Cumhuriyyətində baş verən 15 iyul hərbi çevrilişinə cəhddir. Türk xalqı ona xidmət edən idarəçisi Ərdoğana sahib çıxaraq küçələrə axışdı. Çevrilişin baş verməsinin qarşısını aldı . Çevrilişi etmək istəyən isə sıradan bir ölkə deyil, dünyanın bir nömrəli super gücü olan ABŞ idi . Amma xalqın iradəsi onu göstərdi ki, heç bir qüvvə xalqdan güclü ola bilməz. Bu səbəbdəndə avtoritar rejimlərlər anlamalıdırlar ki, onlar öz xalqlarına xidmət etəsələr xalqları da onlara sahib çıxar və ən kritik məqamlarda  onların yanında olar . Lakin onlar özlərini xalqdan üstün görərək  öz xalqlarına xidmət etməzlərsə, xarici qüvvələrin idarə etdiyi oyuncağa çevrilərlər. Hər kəsin özünü rəzil etmək haqqı olduğu kimi, hakimiyyətlər də istər öz xalqına xidmət edərək tarixlərin yaddaşında müsbət qalacaq istərsə də qeyri-milli olub, xarici qüvvələrə xidmət edərək  özlərini rəzil edəcəklərdir. Xalqa xidmət alçalmaq deyil, əksinə  şərəfdir.

MÜƏLLİFİN DİGƏR YAZILARI