KAMAL İLHAMOĞLU

İlham Əliyev yaxşıdır, ətrafı pis?

İlham Əliyev yaxşıdır, ətrafı pis?

KAMAL İLHAMOĞLU
 
İlham Əliyev yaxşıdır, ətrafı pis?
Növbəti dəfə “İlham Əliyev yaxşıdır, ətrafı pis” hipotezi ilə qarşı-qarşıyayıq. Həqiqətənmi İlham Əliyev yaxşıdır, ətrafı pis? Adətən bu düşüncənin müəllifi Əliyev şəxsən özü olub. Bir qrup insan da bu hipotezi isbat etmək üçün dəridən qabıqdan çıxıb. Bunun üçün qurbanlar da hər zaman hazır olub. Əliyevlər hakimiyyətinin müəyyən dövründə xalqın apolitik hissəsi  hər hansı  bir məsələyə etiraz edəcəyi zaman “Əslində prezident yaxşıdır, lakin onun ətrafındakı məmurlar pisdir” düşüncəsinə söykəniblər. Buna əyani sübutlardan biri də  böyük əksəriyyətimizin yaxşı xatırladığı 2012-ci ildə baş verən Quba hadisələridir.  İnsanlar kütləvi şəkildə meydanlara çıxıb etiraz edəndə İlham Əliyevin, Heydər Əliyevin  fotoları ilə meydanlarda idi. Bunun iki səbəbi var idi. Birincisi, şəkillərlə özləri müəyyən mənada sığorta etdiklərini düşünürdülər. İkincisi də, icra hakiminin əməlləri ilə onu təyin edənlər arasında fərq görürdülər. Əlbəttə, burada söhbət dövrün Quba Rayon İcra Hakimiyyetinin başçısı Rauf Həbibovun yekəbaşlıq edərək işlətdiyi ifadədən getmir. İqtidarla ümumi icra hakimlərinin bənzərliyindən bəhs edirəm.
Gələk Əliyevin  dünən, yəni 1 fevral 2021-ci ildə olan müsahibəsinə. Əliyevin müsahibəsini iki qismə bölmək olar. Dünyadakı proseslər, xarici ölkələrlə bağlı  dedikləri və ölkədəki məmurların tənqidinə yönəlmiş fikirlər. Heç şübhəsiz məmurların tənqidinə yönəldilmiş fikirlər ölkə ictimaiyyətinin daha çox diqqətini çəkdi. Düşünürəm ki, xariclə bağlı söylədikləri uzaq perspektivdə daha önəmliydi. O hissəyə bir az sonra toxunarıq. Məmurları konkret hədəf alaraq söylədiklərinə gəlincə isə Əliyev və onun ideoloqları yaxşı bilirdilər ki, bu ifadələr geniş müzakirələrə səbəb olacaq. Hətta cəmiyyətimizdə bu müzakirələr fikir ayrılıqlarına qədər gedəcək. Onun bu müsahibəsindən sonra işlərin yaxşıya doğru dəyişəcəyinə ümid bəsləyənlər və bunun sadəcə xalqa hesablanmış nəticəsiz danışıq olduğunu deyənlər olacaq. Prezidentin hədəfi bu ikinci qism idi. Necəmi? İzah edim. Əliyev bu müsahibəsi ilə ondan narazı olan xalqın könlünü fəth etmək istəmir, buna ehtiyac duymur, xalqı iqtidarına potensial təhlükə olaraq görmür. Ona görə də hazırda xalqdan olan dəstək ona lazım deyil. Onun hədəfində bu müsahibənin “xalqı sakitləşdirmək üçün verilən müsahibə” tezisinə fokuslananlar var idi. Bununla da yenə də əsas hədəf xalq kütləsi deyildi. Hədəf, adını çəkdiyi oliqarxlar, eləcə də ölkədə mövcud olan oliqarxiq quruluş idi. Ölkədə olan narazılıqların fonunda oliqarx-məmur təbəqəsi ilə  xalqın yaxınlaşmağından narahatdır. Yaxşı bilir ki, xalq tək başına heç bir dəyişikliyə nail ola bilməz. Dünyadakı bütün inqilabların tarixinə baxanda burjuaziyanı görə bilərik. Ona görə hakimiyyət son bir neçə ildə yeni siyasi kurs müəyyən edib: Oliqarxların bürokratiyadakı varlığına son qoymaq. Bu siyasi kursun başlanğıcı 2005-ci ildə Fərhad Əliyev və Əli İnsanovun həbsi ilə qoyulmuşdu. İllər ötdükcə bunu təkmilləşdirdilər. Oliqarx-bürokrat hansı səviyyədə sadiqlik andı içmiş olsa belə, bu, birinci şəxs və onun ətrafındakıları qane etmir. Misal üçün Kəmaləddin Heydərov. Son zamanlarda mətbuatda haqqında ölkədən milyardlarla pul çıxardığı barədə yazılar çıxdı və bəhsi keçən müsahibədə Əliyev onu çox sərt şəkildə tənqid etdi. Hansı ki, Heydərov haqqında xalq arasında dolaşan mif hər birimizin məlumudur: “Çörək verən adam”, “Yeganə işləyən nazir”. Bəyəm Kəmaləddin Heydərovu tənqid etmək üçün səbəb yox idimi ki, Şuşada tikmək istədiyi regional mərkəzə görə tənqid edilsin? Heydərov Azərbaycan iqtisadiyyatının ən böyük monopolistidir. İllərdir gömrükdən onun icazəsi olmadan “hava” belə keçirmək mümkün deyil. Əliyevin məgər bunlardan xəbəri yox idimi? Əlbəttə var idi. Kəmaləddin Heydərovu kiçik və orta sahibkarlığa vurduğu zərərə görə tənqid etmək lazım idi nəinki regional mərkəzə görə.
Bir sözlə, Əliyev və onun ağıl verənləri dünənki müsahibədən sonra müzakirə olunmağını istədikləri hədəflər öncədən müəyyən edilmişdi. Buna da müəyyən mənada nail oldular. Mesaj verilmək istənilən yerə verildi.  
Müsahibənin digər hissəsinə gəldikdə isə, insafən demək lazımdır ki, istər Kanada, istərsə də Avropa haqqında dediklərində haqlı idi. Xüsusilə də post kolonyal dönəmlə əlaqədar. Lakin yazının əvvəlində də qeyd etdiyim kimi, əslində daxili auditoriyanı bu məqam daha çox cəlb etməli idi. Əliyev ehtimal olunan ideologiyaların Azərbaycanda canlanması fonunda bu ritorikadan daha çox istifadə edəcək. Xüsusilə də yüksələn milliyətçilik və aktivləşən  mühafizəkarlığın timsalında. Əliyevin istər sol, istərsə də liberalizmə arxa çevirdiyi açıq-aydın görünür. Bu baxımdan dünənki müsahibəni vacib hesab edirəm.
Əliyev yaxşıdır, ətrafı pisdirmi sualına gəlincə isə. Bizim kimi iqtidar quruluşuna sahib olan ölkələrin strukturu heterogen olmur, əksinə homogen olur. Yəni Əliyev necədirsə, ətrafı da elədir.
 
 

MÜƏLLİFİN DİGƏR YAZILARI