Şair Ramaldanov: “Ərazimizdə Türkiyə hərbi bazasının yaradılması istisna olunmur”

Polkovnik Şair Ramaldanov: Azərbaycan Ordusunun layiqli cavabı nəticəsində  düşmənin itkiləri daha çoxdur - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

“Ermənistandan fərqli olaraq Azərbaycanın muzdlu əsgərə ehtiyacı yoxdur”

3-cü ordu korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Teleqraf.com-un suallarını cavablandırıb. “Yeni Müqavat” müsahibəni təqdim edir:

- Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlığı Təşkilatı (ŞƏT) üzv-dövlətlərinin müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Moskvaya yola düşüb. Azərbaycan 24 sentyabr 1993-cü ildən MDB-nin tamhüquqlu üzvü, 10 iyul 2015-ci ildən isə ŞƏT-lə dialoq üzrə tərəfdaşıdır. ŞƏT NATO və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi hərbi blok, yaxud təhlükəsizlik məsələləri üzrə açıq müntəzəm toplantılar keçirən təşkilat deyil. Bu baxımdan ŞƏT və MDB müdafiə nazirlərinin görüşü böyük maraq kəsb edir...

- Bilirsiniz ki, hərbi əməkdaşlıq Azərbaycan dövlətinin yürütdüyü siyasətin bir qoludur. Düşünürəm ki, hansı təşkilat çərçivəsində olub-olmamasından asılı olmayaraq Azərbaycan əməkdaşlığa ilk növbədə öz maraqları və qarşılıqlı maraqlar nöqteyi-nəzərindən yanaşır. Əgər ŞƏT-lə əməkdaşlığın Azərbaycan Silahlı Qüvvələrinin gələcək inkişafında, təşkilata üzv dövlətlərlə əlaqələrimizin daha da möhkəmlənməsində hansısa rolu olacaqsa, əlbəttə, biz bu əməkdaşlığa razılıq verəcəyik.

Ölkəmiz bütün bunları götür-qoy edib qərar verəcək. Ona görə də hələlik bu barədə nəsə demək tezdir. Amma artıq Müdafiə nazirinin MDB-ŞƏT üzv-dövlətlərinin müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Moskvaya getməsi, keçiriləcək görüşlərdə iştirak etməsi göstərir ki, Azərbaycan bu məsələ ilə ciddi şəkildə maraqlanır və bununla bağlı ölkəmizin özünəməxsus mövqeyi və yanaşması var.

- ŞƏT-də təmsil olunan aparıcı dövlətlərdən biri Çin Xalq Respublikasıdır. Təşkilatın mənzil-qərargahı da Pekində yerləşir. Çin-Azərbaycan hərbi və hərbi-texniki əməkdaşlığının hazırkı səviyyəsi barədə nələri qeyd etmək mümkündür?

- Mən deyərdim ki, bizim Çinlə hərbi əməkdaşlığımız günü-gündən inkişaf edir. Çin Azərbaycan üçün hərtərəfli maraqlı bir ölkədir. Rəsmi Pekin Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Çinlə hərbi və hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək üçün böyük perspektivlər var. Ona görə ki, Çinin hərbi-sənaye kompleksi inkişaf edib. Çin böyük və güclü orduya malik bir dövlətdir. Azərbaycanın Çindəki səfirliyində hərbi attaşelik - yəni Müdafiə Nazirliyinin nümayəndəsi fəaliyyət göstərir. Biz Çinin Azərbaycandakı səfirliyi, onların hərbi attaşeliyi ilə çox sıx əlaqədəyik. Zənnimcə, Azərbaycanın Çinlə əməkdaşlıq sənədlərinə imza atması müsbət haldır.

Hazırda Çinlə hərbi və hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir. İki ölkə qarşılıqlı olaraq hərbi kadrların hazırlığı ilə məşğul olur. Bu əməkdaşlıq günü-gündən genişlənməkdədir və düşünürəm ki, bu əməkdaşlıqdan bizim silahlı qüvvələrimizə ancaq fayda gələ bilər.

- MDB-nin üzvü və ŞƏT-in dialoq üzrə tərəfdaşı olan Ermənistanın müdafiə naziri David Tonoyan da məlum görüşdə iştirak etmək üçün Moskvadadır. O, Rusiya paytaxtında Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşməyə hazır olduğunu bildirib. Ancaq əlavə edib ki, azərbaycanlı həmkarının belə bir istək ifadə edəcəyinə şübhə edir...

- Bilirsiniz, birincisi Azərbaycan heç vaxt, heç kimdən qorxmayıb, çəkinməyib və heç bir görüşdən, danışıqdan qaçmayıb. İlk növbədə ona görə ki, Azərbaycanın işi haqq işidir. Torpaqları işğal olunan ölkə Azərbaycandır. Azərbaycan regionda özünə güvənən, güclü silahlı qüvvələrə malik yeganə güc mərkəzidir. Azərbaycan dünyada 50 ən güclü orduya malik ölkədən biridir. Ermənistandan hər cəhətdən üstünük. Bu baxımdan Tonoyan ola bilsin ki, bu görüşdən qaçsın. Azərbaycan Müdafiə nazirinin onun qarşısında qoyacağı suallara cavab tapmaq lazımdır. Bir var Ermənistanda o cəmiyyətə hesablanmış populist çıxışlar edəsən, bir də var üz-üzə oturub konkret söhbət edəsən. Mən bu görüşü istisna etmirəm. Çünki belə çoxtərəfli görüşlər zamanı Rusiya tərəfi görüşün keçirilməsinin təşəbbüskar ölkəsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi çəkiyə malik ölkə kimi iki ölkənin nazirlərinin görüşünün keçirilməsinə çalışır. Şəxsi düşüncəm bundan ibarətdir ki, Azərbaycanın Müdafiə naziri belə bir görüşə razılıq verməklə düz edər. Azərbaycanın mövqeyini bir daha ortaya qoyar. Tonoyanın populist çıxışlarına bir daha qiymət verər. Azərbaycanın Müdafiə naziri heç vaxt, heç bir görüşdən qaçmır. Onun deməyə sözü, çatdırmağa fikri var.

- Rusiyanın “Nezavisimaya qazeta” nəşri sentyabrın 1-də elektron versiyasında “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” başlıqlı məqalə yerləşdirilib. Məqalə müəllifi Vladimir Muxin yazıda heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyə hərbi bazasının olduğunu bildirib. Bu iddiaya münasibət bildirməyinizi istərdik...

- Bilirsiniz ki, Azərbaycan hələlik öz ərazisində başqa dövlətlərin hərbi bazasının yerləşdirilməsi ilə bağlı qərar qəbul etməyib. Bu başlıca məqamdır. Əgər ərazimizdə hər hansı baza yerləşəcəksə, o zaman qanunvericiliyə hansısa dəyişikliklər edilməli, hüquqi baza yaranmalıdır. Həmin hüquqi bazanın əsasında hansısa taktiki addımlar atıla bilər. Türkiyə və Azərbaycan ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən bildirdi ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Bu, Azərbaycanın siyasətidir. O ki qaldı Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsi məsələsinə, mən buna böyük ehtiyac olduğunu düşünmürəm. Çünki əgər hərbi təyyarələr Türkiyənin aerodromlarından qalxsalar və Azərbaycanın hava məkanında hansısa döyüş tapşırığı yerinə yetirmək istəsələr, bu istəyi yerinə yetirməkdə hansısa məhdudiyyətlə üzləşməyəcəklər. Hərbi təyyarələrin uçuş imkanları bu döyüş tapşırığını yerinə yetirməyə imkan verəcək. Məsələn, Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. Hərbi təlimlər zamanı təyyarələr sərhədi bu tərəfə keçirlər. Oradan uçuşlar aparır, oradan da hansısa tədbirlər görürlər. Yəni Türkiyə hərbi təyyarələrinin Azərbaycan ərazisindəki bazalarda yerləşməsi, yaxud bunun üçün Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yaradılması mütləq deyil. Əgər Azərbaycanın ehtiyacı, hüquqi bazası və sair məsələlər buna cavab verəcəksə, ərazimizdə Türkiyə hərbi bazasının yaradılması istisna olunmur. Ancaq bu gün bunun üçün hüquqi baza yoxdur. Türkiyə Azərbaycanda bazası olsa da, olmasa da Azərbaycanı dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək. Mən belə düşünürəm.

- “Nezavisimaya qazeta”nın məlum məqaləsində bir məqam da var. Bu, daha ciddi ittiham sayıla bilər. Guya Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçü gətirilib...

- Gəlin, açıq danışaq. Birincisi, 500 muzdlu Azərbaycan üçün heç nə edə bilən deyil. Yəni biz 500 muzdlu gətirsək belə onlar heç nəyi dəyişə bilməzlər. Digər tərəfdən Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Ona görə ki, Azərbaycan Ordusu özü artıq peşəkar ordudur, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin 80 faizi müqavilə əsasında müddətdən artıq xidmət edir. Azərbaycan Ordusu yaxın gələcəkdə artıq tam peşəkar ordu olaraq tanınacaq. Bu gün bizim bütün mütəxəssislər demək olar ki, peşəkarlardır. Yəni hərbi xidməti başa vurandan sonra bəziləri 5, bəziləri 10 il qalıb orduda xidmət edirlər. Məsələn, bir şəxs 10 il tank ekipajında xidmət edir. Bizə onun yerinə gəlməsi üçün nə muzdlu lazımdır? Bizim xüsusi təyinatlılarımız demək olar ki, hamısı peşəkar heyətdir. Bizim hansısa muzdlu əsgərlərə nə ehtiyacımız var? Məntiq də deyir ki, bu gün Azərbaycanın heç bir muzdlu əsgərə ehtiyacı yoxdur. Muzdlu əsgərlərə Ermənistanın ehtiyacı ola bilər. Ona görə ki, biz birincisi onların ordusunda olan vəziyyəti bilirik. İkincisi biz onlarda olan demoqrafik problemlərdən xəbərdarıq. Üçüncüsü də, Ermənistan ordusunun şəxsi heyəti daha çox müddətli hərbi xidmət keçən əsgərlərdən ibarətdir. Onların peşəkarlığı bu gün muzdlu əsgərlərin peşəkarlağından qat-qat geri qalır.Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusu özü bu gün peşəkar ordudur. Hansısa peşəkarları Azərbaycan Ordusuna gətirməyə nə ehtiyac var? Ona görə də biz “Nezavisimaya qazeta”nın bu məqaləni hansı məqsədlər üçün dərc etdiyini bilirik. Düşünmürəm ki, burada ermənilərin əli olmasın.

2501

DİGƏR XƏBƏRLƏR