
Türkiyə müdafiə sənayesi son illərdə uğurlu işləri ilə tanınır. Bunlardan biri də "Atak" helikopteridir. Azərbaycanın Hərbi Hava Qüvvələrinin maraq dairəsinə daxil olan bu helikopterlər Türkiyənin TAI (TUSAŞ) şirkətinin müəssisələrində istehsal edilir. Türkiyənin eks Prezidenti Abdullah Gül və Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Ankaradakı TAI müəssisəsində T-129 helikopterinə birgə baxış keçirməsi, bu helikopterin rəsmi Bakı üçün də mühüm əhəmiyyət kəsb etdiyini göstəriricisi kimi qəbul edilir.
İlk T129-A prototipi Türkiyədə ilk uçuşunu 17 avqust 2011-ci ildə həyata keçirib. Azərbaycan pilotlarının da iştirakı ehtimal olunan qəbul prosedurlarından sonra, 22 aprel 2014-cü ildə ilk T-129A helikopterləri Türkiyə Quru Qoşunlarına təslim edildi. Bu dəfə Ordu.az oxucularına "Atak" helikopterinin yaranma tarixi, layihənin inkişafı, konstruksiyası, texniki uçuş xüsusiyyətləri, mödifikasiyası, istifadəçiləri və s. haqqında məlumat verəcək.
Terrorizmlə on illərdir imübarizə aparan, Türkiyə ehtiyac duyduğu müasir silah sistemlərini, o cümlədən helikopterləri müttəfiqlərindən vaxtında əldə edə bilmirdi. Şərqi və Cənub-Şərqi Anadoluda artan helikopter ehtiyacı qarşılanmadığı üçün qırıcıların resursları normadan artıq sərf edilirdi. TSQ-nin silahlanmasında mövcud olan "Kobra" hər coğrafiyada tətbiq edilə bilmirdi, yararlı olan AH-1 "Super Kobra" tipli helikopterlər isə məhdud sayda idi.
Vəziyyətin bu templə davamının mümkünsüz olduğunu anlayan Türkiyə yerli helikopter istehsalının başlanmasına qərar verdi. Ankara hücum və çoxməqsədli helikopterlərin Türkiyədə istehsal edilməsi üçün çalışmalara 1995-ci ilin oktyabr ayında başladı. Bu layihəyə Müdafiə Sənayesi Müsteşarlığı (MSM) rəhbər təyin edildi.