Azərbaycanda illik inflyasiya yenidən 3%-ə qalxıb - YENİLƏNİB

Azərbaycanda illik inflyasiya yenidən 3%-ə qalxıb - YENİLƏNİB
 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 103% təşkil edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, yanvar-may aylarının yekununda ölkədə illik inflyasiya 2,9% olub.

Hesabat dövründə istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101% təşkil edib.

Təkcə iyun ayında isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,7%, ötən ilin iyun ayına nisbətən isə 103% olub. Ay ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5%, əvvəlki ilin iyun ayına nisbətən 105,3% təşkil edib. Əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, qarğıdalı yağının, limonun, bananın, gilasın, alçanın, əriyin, şaftalının, çiyələyin, qurudulmuş meyvələrin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, təzə göbələyin, kartofun, quru noxudun, artım isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, vermişelin, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, süfrə marqarininin, almanın, armudun, göyərtinin, mərcinin, qəhvənin, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

2020-ci ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin iyun ayına nisbətən 101,5% təşkil edib. Əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox artım pambıq parçaların, sulu boyaların, divar kağızlarının, laminat parketin, dəhliz üçün mebelin, xalçaların, kondisionerlərin, ventilyatorların, təsərrüfat sabununun, tibb termometrlərinin, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin, kərpicin, elektrik ütülərinin, televizorların, mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9%, 2019-cu ilin iyun ayına nisbətən 101,2% təşkil edib.  Əvvəlki aya nisbətən indeksin artması cari ilin aprel və may ayları üçün əhali qrupu üzrə tətbiq edilmiş elektrik enerjisinin güzəştli istehlak limitinin müddətinin başa çatması səbəbindən elektrik enerjisinin orta qiymətinin artması, habelə stomatoloji və qanın ümumi analizi xidmətlərinin qiymətlərində artımın müşahidə olunması ilə bağlı olub. 

320

DİGƏR XƏBƏRLƏR