"Pakistan bütün gücü ilə Azərbaycana dəstəyi davam edəcək" - Qaiser Navab

BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab Ermənistanın hücumu ilə bağlı bəyanat verib.  

Pakistan dünyada sülhün bərqərar olmasında mühüm rol oynayıb və hər zaman münaqişələrin danışıqların və dialoqun köməyi ilə həllini dəstəkləyib və müdafiə edib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücumunu şiddətlə qınayırıq və həyatını itirən azərbaycanlı şəhidlərimizə görə azərbaycanlı qardaş və bacılarımıza, eləcə də Azərbaycan hökumətinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edirik.

Ermənistan təcavüzkar millətçiliyinin daha bir təzahürü olan bu hücumun Azərbaycan tərəfindən dəf edilməsi, təcavüzün cavabsız qalmayacağının konkret  göstəricisidir. Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ və ətraf bölgələrin uzun illərdir davam edən qanunsuz işğalından yayındırmaq və siyasi həll yolunun qarşısını almaq üçün münaqişəyə yeni format vermək üçün etdiyi bu cəhdlər uğursuz olacaq.

Erməni tərəfi belə təhlükəli taktikalardan əl çəkməli, məntiqli və qanuni yolu seçməlidir. Ermənistanın öz imkanları xaricində avantürist siyasət yürütməsi onun mühakimə yürütmək qabiliyyətinin olmamasını ortaya qoyur və regionda, eləcə də dünyada sülhə və sabitliyə ən böyük təhdiddir.

Ümid edirik ki, Ermənistanın öz təcavüzünü ört-basdır etmək səyləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcəkdir.

Dağlıq Qarabağ münaqişəsinin həllinin başqa yolu yoxdursa, Pakistan istənilən halda qardaş ölkəni dəstəkləməyə hazırdır.

Biz, Pakistan xalqı və gənclər digər ölkələrdə hər hansı əməliyyatda iştirak etmirik. Ancaq xalqın, hökumətin razılığı ilə Pakistana dost ölkələrə, xüsusən qardaş ölkə Azərbaycana dəstəyi əsirgəmərik.

Pakistan bütün gücü ilə öz ərazi bütövlüyünü qorumaq uğrunda mübarizədə Azərbaycanın yanında olmağa və Ermənistanla münaqişədə Azərbaycanı qətiyyətlə dəstəkləməyə davam edəcək.

Şübhəsiz - “Dağlıq Qarabağ bölgəsi Azərbaycana məxsusdur”.

Yaşasın Azərbaycan

Yaşasın Pakistan Azərbaycan qardaşlığı!


EDNews.net
134

DİGƏR XƏBƏRLƏR