Bir tikə çörək və Qərib Azər


Əziz dostlar , dünən səyyah , tele jurnalist və ictimai xadim kimi tanıdığımız Azər Qəribin Operativ Qərargahın işini kəskin tənqid edən yazısı qarşıma çıxdı. O yazıdakı kimi Operativ Qərərgahı asıb kəsməyəcəm , nə də şərh  yazmayacam hörmətli Azər bəyin yazısının altına. Onsuz da yaza bilmirəm , çünki yenə ölkəmizdə olan "Facebook standartları" məni 1 aylıq bloklayıb.
Mənim elə kəskin iradım Azər Qəribin özünədir və onun kimi düşünən bütün ictimaiyyətin önündə gedən insanlaradır. İlk cümləsində elə hörmətli Azər bəy mənim bütün kefimi pozdu ." Ha özümə söz verirəm susacam alınmır . Yeməyim ,içməyim var , icazəm var amma yenə də ürəyim dözmür millətin bu durumuna , fikrimi bildirməliyəm "
2004 cü ildən turizmçiyəm , bəlkə də bu işi mənə uşaqlıqdan sevdirən "Qərib Azər " verilişi olmuşdur. Özünəməxsus anlatım şəkli ilə Azərbaycan tele məkanında çox maraqlı formatı ilə proqram izlədən Azər Qəribə əminliklə ictimai xadim deyə bilərəm. Azər Qərib kimi ictimai xadimlər həmin bir parça çörək üçün zamanında susduqları üçün indi baxın biz bu vəziyyətdəyik. Susduqları səbəb isə nə qədər acı olsa "bir parça çörək" dir. Azər Qərib dərd olsa nə vardı ki,  gəlirəm aşağılara , amma aşağıya gələndə vay dədə vay , o " bir parça çörək " o qədər stratejik olur ki , iki kəlimə tənqidi üst üstə qoyub deməkdən elə qorxur bizim camaat. Sanki , bunu etmək dünyanın ən ağır işidir. Bu camaat kimdir demənizə əminəm ki, ehtiyyac yoxdur. Çünki mən ölkənin idarəetmə strukturlarında ,media orqanlarında ,ictimaiyyətdə  yuxarılardan ta aşağılara kimi elə öz çevrəmdən az çox münasibətdə olduğum insanları misal çəkə bilərəm. Nə zamana kimi "bir parça çörəyə " əsir olacaqsınız? Hə bu arada deyim ki, sayənizdə sözün əsl mənasında əsir olmuşuq.  Bütün dünyanın bu  problemdən çıxış yolu tapdığı vəziyyətdə biz evimizdə oturub əsir olmuşuq. Zənnimcə ölkəmizdə pandemiyanın bu cür xaos formasında tənzimlənməsində daha acınacaqlı hallar bizi gözləyir. Çünki ölkə ictimaiyyəti susur, vətəndaş cəmiyyətinin gücü deyə qavram demək olar yoxdur, hamı başını aşağı salıb elə deyir aman o "bir parça çörəyimi" kəsərlər balalarım qalar ac deyə susuz. Mən başa düşmürəm bəs nə vaxta kimi ? Hə burada bir maraqlı tendesiyanı da sizinlə paylaşım . Axır vaxtlar görürəm ki, bəzi cənablar və xanımlar artıq "dınqıldanırlar" ... " Əşşi day öldüy eeee " , " Şto za dəlixana eeee" , " Lap ağını çıxardıblar aaaa " və s. Maraqlananda görürəm ki, cənabı , xanımı təzəliklə polis işçiləri qəşəng yuyub səriblər. Bəs bilmirdiniz ki, bu əziyyət çəkən məzlumların ahı bir gün elə sizi də vuracaq. Bəli ,məhz məzlumun ahı. Evində bir tikə çörəkləri olmayan məzlumların ahı, quru çörəyi isladıb yeyənlərin ahı, isti çay üzünə həsrət qalanların ahı, evində aylarla xəstə yatan adi sıravi dərman preparatlarını almağa gücü çatmayanların ahı. O " ay kişi verir də 190 manat dövlətimiz işsizlərə , imkansızlara " deyən dövlət işində işləyənlərə deyirəm düşşünlər yanıma tək 1 saat içində Sumqayıt şəhərində bərbad durumda yaşayan 190 manatdan məhrum 10 ailə göstərərəm onlara.
Hələ bu cür durumlarda biz dağılmışıqsa, xaos içindəyiksə görün erməni düşmənlərimizlə olan qaçınılmaz olan savaşda başımıza nələr gələcək. Onda da əminəm ki , fövqəladə vəziyyətlərdə cərimədən guppuldadıb polislər insanların əsəbləri ilə oynayacaqlar.  Ağızlar yenə də susacaq , "bir parça çörəyin " xətrinə. Çünki ,bu ölkədə çox az sayda öz fikrini deyərkən o " bir parça çörəyə " boyun əyməyən insanlarımız var.
Yenə də gec deyil, hamı papağını qarşısına qoysun fikirləşsin. Dünya etmə bulma dünyasıdır. Sən əgər məzlumun ahını görüb səsini çıxartmırsansa bir gün sən də o duruma düşəcəksən . Mən demirəm duraq çıxaq mitinqlərə , ölkədə olan siyasi durumu daha da çətinləşdirək. Sadəcə hər kəs bu indiki bərbad durumumuza etiraz səsini elə sosial şəbəkələrdən ,media orqanlarından , öz yaxın çevrəsindən bildirsə bəlkə bu Operativ Qərargahda oturan TƏBİB in " baş bilənləri"  bizi qoyun yerinə qoymadılar. Ölkənin baş virusoloqu rayondan gəlib iş yerindəki xarabasında oturdu və millətin dərdi ilə məşğul oldu. Xəstəxanalarda anarxiya durumları azaldı, apteklərdə dərmanlar normal qiymətlərə satıldı və ən vacibi nəhayət bizim səsimizin gücünü hiss edib , bizim qürurumuzla bu qədər oynamasınlar. Başqa dövlətlərdə olduğu kimi bizdə də həyat normala dönsün. Başqa dövlətlər demişkən neçə vaxtdır İsveç , İsveçrə , Almaniya , İspaniya , Hollandiya ,Türkiyə , Gürcüstan , Rusiyada yaşayan dostlarım ,turizmçı  həmkarlarımla danışıram . Hamıda güllük gülüstanlıqdır , həyat öz axarındadır və bu barədə çox yaxın zamanda ayrıca video material hazırlayıb sizlərlə paylaşacam.
1154

DİGƏR XƏBƏRLƏR