Tural Abbaslı: “AĞ Partiyada təşkilatlanma daha da sürətlənəcək" - MÜSAHİBƏ


 

Tural Abbaslı: “Ağ Partiyada təşkilatlanma daha da sürətlənəcək" - MÜSAHİBƏ

“Bunu hakimiyyətin elan etdiyi siyasi islahatların tərkib hissəsi kimi qiymətləndirirəm”

İyunun 30-da Ədliyyə Nazirliyi AĞ Partiya adının rəsmiləşdirilməsini təsdiqlədi. De fakto tanınan AĞ Partiya adı artıq de-yure tanındı.  Hakimiyyətə müxalif mövqedə olan partiya Vahid Azərbaycan Partiyası kimi qeydiyyatdan keçmişdi. Ancaq indi rəsmi olaraq AĞ Partiya kimi qəbul olunur. Təşkilatın sədri Tural Abbaslı ilə müsahibəmizdə bu və digər məsələlərə, müxalifətdaxili proseslərə toxunmuşuq. Onun Hit.Az-a müsahibəsini təqdim edirik:

- Tural bəy, Ağ Partiyanın adının rəsmi təsdiqlənməsini formal prosedur kimi qiymətləndirirsiniz, yoxsa iqtidar bir jest?

- Mən bu qərarı formal prosedur kimi qəbul etmirəm. Azərbaycanda belə qərarlar formallıq daşımır. Əlbəttə, normal ölkələrdə qurultayların keçirilməsi, qeydiyyat məsələləri formal hadisədir. Azərbaycan reallıqlarında isə belə deyil və formal görünən qərarlar belə siyasi xarakter daşıyır. 

O baxımdan bundan əvvəl bir neçə partiyanın qeydiyyatdan keçməsi, indi də 3 partiyanın qeydiyyat məsələlərinin həlli müsbət haldır. 

Bu, hakimiyyətin özünün elan etdiyi siyasi islahatların tərkib hissəsi kimi görünür. Mən də bunu belə qiymətləndirirəm. Çünki 4 ildir Ədliyyə Nazirliyi ilə danışıqlara baxmayaraq, nəticə əldə etmək olmurdu. 

Hakimiyyət bəyan edirdi ki, siyasi açılım olacaq, partiyalara şərait yaradılacaq, AĞ Partiya ilə bağlı atılan bu addım da prosesin tərkib hissəsidir. Bundan sonra necə olacağını söyləmək çətindir. Hər halda bizim hüququmuz tanındı. 

-  Amma belə fikirlər səslənir ki, hakimiyyət idarə olunan, ona başağrısı yaratmayan yeni müxalifət formalaşdırır...

- İlk baxışdan belə qiymət verə bilənlərin olması mümkündür. Amma iqtidarın siyasi xarakterini nəzərə almaq lazımdır. Bu fikrə gələnləri də qınamaq olmaz, necə deyərlər, “aşıq gördüyün çalar”. 

Sadəcə, iqtidarın loyal, konstruktiv və ya əl müxalifəti yaratmaq təşəbbüsü göstərdiyini qəbul etmirəm. Çünki hakimiyyətin ətrafında kifayət qədər belə partiyalar var, uzun illərdir ki, onlarla işləyirlər, inanmıram yenidən belə bir heyət düzəltməyə cəhd etsinlər.

İqtidar həqiqəti qəbul edir ki, real müxalifət partiyaları fəaliyyət göstərməli, rəqabət aparmalı, sağlam tənqid səsləndirməlidir. 
 
-  Ad məsələsinin legitimləşməsi hər halda sizə bir stimul oldu, regionlarda təşkilatlanma sürətlənəcəkmi?
   
- Hüquqi legitimliyin əldə olunması ilə bağlı qarışıqlıq var idi. Cəmiyyət bizi Ağ Partiya kimi tanıyırdı, rəsmi qeydiyyatda başqa ad idi. 

İndi hüquqi formada təşkilatlana biləcəyik, MSK ilə hüquqi ünsiyyət qura biləcəyik, regionlarda və Bakıda təşkilatlanma daha da sürətlənəcək. Buna qədər onsuz da dinamik partiyalardan biri də biz idik. İnanıram ki, təşkilatlanmada geniş imkanlar yaranacaq. 

- Son olaraq soruşum, əvvəllər müxalifət pis-yaxşı bir araya gəlirdi, müzakirələr aparılırdı, alınmasa da birliklərdən, bloklardan danışılırdı. İndi bu məsələlər üfüqdə də görünmür, səbəbi nədir?

- Mən bu fikirlə bir o qədər razı deyiləm ki, partiyalar bir araya gəlmirlər. Bu gün 10-a yaxın müxalifət partiyası var ki, mütəmadi ünsiyyətdəyik. Onlarla imkan daxilində, karantin şərtlərinə uyğun şəkildə görüşürük, müzakirələr aparırıq. 

Sadəcə, pandemiya səbəbindən intensiv toplaşmaq olmur. Həm də ölkədə siyasi canlanma yoxdur, bütün gündəm pandemiyaya yönəlib. Bununla belə, müxalifətdə bir konsalidasiya var.

 

2071

DİGƏR XƏBƏRLƏR