İslam və siyasət


Günümüzdə siyasi proseslərdən kənar qalan, uzaq durmağa çalışan bir çox insan var. Kimsə özlərinə və ailələrinə qarşı ediləcək təzyiqlərdən qorxduğu üçün, digərləri isə dinlərinin bunu gərəkdiyini (haram olduğunu) düşünərək uzaq dururlar. Bu yazımızda biz, bu insanlar haqqında danışmaq istəyirik. Azərbaycanda statistikaya görə əhalinin əksəriyyəti özünü islam dininə nisbət edir. Və onlar da öz növbələrində bir neçə camaatlara bölünürlər. Bəzi dini camaatlar arasında son zamanlar belə sözləri çox eşidirik : "Siyasətlə məşğul olmaq və hakimə qarşı müxaliflik etmək islam dinində haramdır". Hakimə itaət isə mütləq olaraq vacibdir. Bu şəxslərin sözləri qəribə olsa da təəccüblü deyil. Çünki hər bir dövrdə istənilən dini cərəyanın içindən hakimlərə itaətdə həddi aşan, hakimiyyətin maraqlarına digər maraqları qurban verən kəslər olub və olacaqdır. Bəzən bunu hakimdən qorxduqları üçün etsələr də əksər hallarda bunu onlara yaxınlaşmaq məqsədi ilə edirlər. Məqsədləri axirətlərini qurban verərək bu dünyanı qazanmaqdır.
Lakin təəssüflər olsun ki,  onlara qulaq asan çox sayda saf müsəlmanlar da az deyil. Müsəlmanlara siz yalnız namaz qılın, oruc tutun başqa heç bir şeyə qarışmayın deyərək onları öz haqlarından uzaq tutub, sanki programlaşdırılmış bir robot halına gətirirlər. Bəs bu cür təbliğ olunan bir din nə dərəcədə düzgündür ? İlk öncə məsələnin əqli tərəflərinə nəzər yetirək. Sizcə bu cür təbliğ olunan bir din və bu təfəkkürdə olan müsəlman cəmiyyət hansı zalım hakimin işinə yaramaz?!  Bu gün əgər ölkədə adi şəxsiyyət vəsiqəsi almaq üçün müsəlman qadınların hüquqları pozularaq hicabları açılırsa və bir müsəlman buna etiraz etmirsə, öz haqlarını tələb etmirsə bundan pis nə olsa gərək? Bu gün şəxsiyyət vəsiqəsində bunu qadağan edənlər sabah ümümiyyətlə ictimai yerlərdə də hicabı rahatlıqla qadağan edə bilər. Bu gün bizim milli-dini dəyərlərimizə zidd olan əxlaqsızlıq hətta televiziyalar vasitəsi ilə evimizə qədər gəlibsə, sabah ondan da betəri, lgbt kimi utopik dəyərlər legallaşsa buna heç də təəcüblənmərik. Çünki ölkəmizdə hər şeyə susan robotlaşmış bir cəmiyyət yetişir. Hər şeyə susan, öz haqqını bilməyən heç islamı belə düzgün anlamayan bu tip robotlaşmış müsəlmanlardan hansı hökmdar razı qalmaz?! O ki qaldı məsələnin dini tərəfinə əgər biz islam tarixi qaynaqlarına nəzər yetirsək görərik ki, zülmə qarşı mübarizə aparmaq bütün islam ümmətinin etdiyi ilk iş olub. Peyğəmbərin özü ilk öncə məkkə dönəmində 13 il insanları zülmətdən islam nuruna çağırıb, onların münkər əməllərindən çəkindirməklə o dövrün hakimlərinə günümüzdəki ifadə ilə desək sözlə etiraz edərdi.  Bunun nəticəsi olaraq o dövrün hakimləri peyğəmbərə əzab-əziyətlər verib, onu məkkəni tərk etmək məcburiyyətində buraxmışdı.
Mədinə şəhərində güc-güvvət topladığdan sonra yenidən məkkəyə qayıtmış və oranı güc yolu ilə ələ keçirmişdir. Bu hadisələr bütün tarix kitablarında qeyd olunur.  Peyğəmbərin şəxsən özü zülmə və haqsızlığa  qarşı çıxmışdır. Peyğəmbərin vəfatından sonrada Hz.Əli hakimiyyətə gəldikdə Müaviyə ona beyət etməkdən imtina edir və aralarında baş verən ixtilaf savaşla yekunlaşır . Bu savaşda Müaviya haqsız tərəf olsa da bu gün hakimə qarşı çıxmağı haram və xavariclik sayanlar buna görə nədənsə Müaviyəyə güldən ağır söz  demirlər.  Daha sonra tarix əks olaraq təkrarlanır. Bu dəfə Hz.Əlinin oğlu və peyğəmbər nəvəsi Hz.Hüseyn Müaviyanın oğlu Yezidə beyət etməkdən imtina edir və ona qarşı savaşmaq üçün küfəyə yollanır. Küfə xalqının xainliyi və ona dəstək olmaması nəticəsində Hz.Hüseyn aşura günü qətlə yetirilərək şəhid olur. Heç bir qədim islam ülaması buna görə Hz.Hüseynə haram etdi deməmişdir.
Əksinə Hz.Hüseynin yolunun haqq , dərəcəsinin isə şəhidlik olduğunu bildirmişlər. Daha sonra səhabə Abdullah ibn Zübeyrə Hz.Hüseynin faciəli ölüm xəbəri çatanda, o xəlifə Yəzidə qarşı ikinci qiyamı edir, Məhəmməd peyğəmbərin nəvəsinin ölümündə günahkar olan sülaləyə tabe olmaqdan imtina edir . O, əməvilərə qarşı olan üsyançılara başçılıq edərək Məkkə və Mədinə kimi şəhərlərdə hakimiyyətə gəlir. Ardından isə bütün hicazlılar ona dəstək olaraq onu xəlifə elan edirlər . Abdullah ibn Zubeyr düz 9 il Məkkə, Mədinə, Hicaz kimi bölgələrin rəhbəri olmuş və Yezidin xəlifəliyini qəbul etməmişdir. Əməvi ordusunun baş komandanı Həccac ibn Yusuf Məkkəni ələ keşirmiş və Abdullah ibn Zübeyr 73 yaşında Məkkə məscidində şəhid edilmişdir . Bu tarixi ardıcıllığı çox davam etdirmək olar . Əlbətdə biz  demirik ki, müsəlman bütün bunlara qarşı əlinə silah götürüb ölkədəki sabitliyi pozaraq xaos yaratmalıdır . Qətiyyən, əksinə belə xaosun olmaması üçün, vəziyyətin bu həddə çatmaması üçün müsəlmanlar da öz haqlarını bilməli, qanun çərçivəsində öz sözlərini deməyə bacarmalıdırlar. Qanun çərçivəsində siyasiləşməli, təşkilatlanmalıdırlar ki, sabah aldanıb qanundan kənar ekstremist dini gruplaşmalara qoşulmasınlar. Bir vətəndaş kimi öz yaşadığı bölgənin ictimai-siyasi problemləri ilə maraqlanmalı və bu prosesdə fəal iştirak etməli və öz ideologiyası  uğrunda əcdadları kimi mübarizə aparmağı öyrənməlidirlər. Yalnız bu yolla həm ölkədəki sabitlik qorunar , həm radikal dini cərayanların sayı azalar . Eyni zamanda bunu görən hakimlər öz xalqları ilə də hesablaşaraq onların istədikləri cəmiyyəti qura bilərlər.

Kamran Məmmədli
 
2780

DİGƏR XƏBƏRLƏR