Cəmil Həsənli və Gültəkin Hacıbəyli Eldəniz Quliyevə qarşı birləşdilər - virtual “savaş”...

Milli Şuradakı qalmaqal bitmir. Qurumun Koordinasiya Mərkəzinin üzvü, rejissor Eldəniz Quliyevin səs-küylü gedişindən sonra gərginlik daha da artıb. Son olaraq, E.Quliyevlə Milli Şuranın sədri Cəmil Həsənli arasında virtual savaş yaşanıb. Buna səbəb ikincinin statuslarının birinə yazdığı rəydə E.Quliyevin rəhbəri olduğu təşkilatdan istefa vermədiyini, əksinə çıxarıldığını bildirməsidir.

Həmin rəyi təqdim edirik: “Dostlar yanlış anlaşılmasın. Eldəniz bəy Milli Şuradan istefa verməyib. O, Milli Şuradan çıxarılıb. Toplantıdan öncə mən istefa təklifi ilə ona müraciət etsəm də, Eldəniz bəy razılaşmayıb və toplantıda təşkilatda qalmaq üçün axıra qədər mübarizə aparıb. Mümkün olmadıqda yolunun Milli Şura ilə ayrıldığı barədə açıqlama verib. Nəynənsə razılaşmayıb, istefa vermək bir şeydir, təşkilatdan çıxarılmaq ayrı şeydir”.

E.Quliyev səssiz qalmayıb. O, Milli Şura rəhbərini yalan danışmaqda ittiham edib: “Cəmil Həsənli, anlamadım, siz niyə yalan deyirsiniz? Həmin toplantıda bu məsələnin mənim öz öhdəmə buraxıldığını nədən başqa kontekstdən təqdim edirsiniz? Bir də, məgər sizin kimisə Milli Şuradan çıxarmaq səlahiyyətiniz var? Məsələ müzakirə olundu, bəziləri mənim Milli Şuradan getməyimi məsləhət gördü, bəzilərisə əksinə. Qərar öz öhdəmə buraxıldı. Sonda mən belə bir qurumda qala bilməyəcəyimi bəyan etdim (hətta "niyəsi"ni də dedim) və hamıya uğurlar arzu edərək ayrıldım. Kaş ki, həmin toplantının görüntüləri yayılaydı... Rica edirəm, qırmızı xətti qırmızı yalanlarınızla keçməyin, əks-təqdirdə sizin bütün psevdo-ittihamlarınıza çox ciddi şəkildə cavab vermək məcburiyyətində qalacam. Hələ ki, hörmətlə”.

Cümhuriyyət və Qarabağ - Cəmil Həsənli ilə - YouTube
Cəmil Həsənli: “Eldəniz bəy, nədir yalan?”

Ardinca C.Həsənli yazır: “Eldəniz bəy, nədir yalan? Toplantıdan əvvəl sizə zəng etdim və Milli Şuranın Koordinasiya üzvlərinin fikrini çatdırdım. Milli Şuradan istefa verməyinizi xahiş etdim və bildirdim ki, hörmət əlaməti kimi biz bunu sizə təklif edirik. Əgər razılaşmasınız, məsələniz KM-nin toplantısına qoyulub, qərarla çıxarılacaqsınız. Siz ikinci yolu seçdiniz və iclasda iştirak edənlərdən 3 nəfər KM üzvü sizi müdafiə etdi. Özünüz də axıra qədər Milli Şurada qalmaq üçün müqavimət göstərdiniz. Ardını da bilirsiniz. Axı, Siz Milli Şuranın xətti ilə razı olmadığınıza görə istefa verməmisiniz. Siz Milli Şurada qalıb, öz fəaliyyətinizi davam etdirməyə üstünlük vermisiniz. İndi Milli Şurada milli-mənəvi dəyərlərə "xəyanət" edildiyinə görə istefa vermişəm, demək bir az həqiqətə uyğun deyil”.

Eldəniz Quliyev Milli Şuradan istefa verdi Yeni Sabah
Eldəniz Quliyev: “Qırmızı xətti qırmızı yalanlarınızla keçməyin”

Milli Şura sədrinin bu rəyinə görə rejissor onun səmimi olmadığını bildirib: “Bəli, Cəmil bəy, siz həqiqətən toplantıdan əvvəl mənə zəng edib, yuxarıda qeyd etdiyinizi dediniz. Amma bu, sizin şəxsi fikriniz idi, Koordinasiya Mərkəzinin üzvləri bu haqda bircə kəlmə də bilmirdilər, sizə də bu haqda razılıq-filan verməmişdilər. Səmimi olun. Siz kimlərinsə - MŞ-dan kənar qüvvələrin sözü və tapşırığıyla mənim getməyimi istəyirdiniz. Mən də qərar verdim. Sizin istəyinizə görə yox, Milli Şuranın mənafeyi xatirinə. Və sizə gün kimi aydındır ki, mən MŞ-dan nə səbəbdən ayrıldım. Bu gün bu məsələni bu şəkildə qabartmaq sizə başucalığı gətirmir”.

Gültəkin Hacıbəyli yenə ortalıqda
Gültəkin Hacıbəyli: “Kaş ki, o yanlış statusu yazmayaydınız”

Bu yerdə Türkel Oğuz profili ilə mübahisəyə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli qoşulur. O, sədrini belə müdafiə edir: “Hörmətli Eldəniz bəy, bu sətirləri ürəkağrısı ilə yazıram. Gözümün qarşısından yeddi il birlikdə getdiyimiz ağır yol, bir yerdə yediyimiz duz-çörək keçir, sizin Milli Şuranın, onun üzvlərinin mənafeyini necə cəsarətlə, qorxmazcasına müdafiə etdiyiniz keçir. Bütün bunlara görə sizə minnətdarıq. Kaş ki, o yanlış statusu yazmayaydınız. Kaş ki, sonradan ondan betər birini də yazıb, hələ də səbəbini anlamadığım inadkarlığı göstərməyəydiniz. Konkret məsələyə gəlincə, hörmətli Cəmil müəllim mənə zəng etdi və onun da, dostların da sizin bu yanlış mövqeyinizdən çəkilmədiyiniz, bu mövqeyin Milli Şuranın insan haqları baxışlarına uyğun olmadığı üçün Milli Şuradan çıxarılmağınızla bağlı fikrini çatdırdı və mənim mövqeyimi soruşdu. Etiraz etmədiyimi, ümumi fikri dəstəklədiyimi dedim. Lakin Cəmil müəllimdən xahiş etdim ki, aramızda olan duz-çörək naminə, Eldəniz bəyin heç vaxt getdiyimiz yola xəyanət etmədiyini nəzərə alaraq, ziyalılığına, yaşına, cəmiyyətdəki nüfuzuna hörmət əlaməti olaraq, biz onu MŞ-dan qərarla çıxarmayaq, qoy o özü hörmətlə getsin, yollarımız ayrıldı, desin. Cəmil müəllim razılaşıb "indi Eldəniz bəylə danışıb, sizə dönəcəyəm" dedi. Və az sonra "Eldəniz bəy təkid edir ki, məsələ MŞ-da açıq müzakirəyə çıxarılsın". Sizin iştirakınızla müzakirə oldu, 8 nəfər lehinə, 4 nəfər əleyhinə olmaqla, sizin Milli Şuradan çıxarılmağınızla bağlı qərar qəbul edildi. Cəmil müəllim sonda yenə də böyüklük göstərib, dedi ki, Eldəniz bəy, bu qərarı cəmiyyətə siz necə istəyirsiniz, elə təqdim edin. Gerçək bundan ibarətdir. Hörmətli Eldəniz bəy, yenə də təəssüf edirəm ki, bu yazını yazmaq zorunda qaldım”.

C.Həsənli yenidən statusuna bu rəyi yazır: “Kiçik bir dəqiqləşdirmə. Qərarın lehinə olan 8 nəfərdən biri və əleyhinə olan 4 nəfərdən biri üzrlü səbəbə görə toplantıda iştirak edə bilməyib. Amma gündəlik bəlli olduğu üçün məsələyə öz münasibətini öncədən ifadə ediblər”.

Mübahisə bu rəyə E.Quliyevin yazdığı cavabla bitir: “Cəmil Həsənli, hanı dediyiniz o qərar? Tirajlayın, lütfən. Belə çıxır ki, mən mənəvi dəyərlərin tapdanmasına münasibət bildirməklə, Milli Şuranın xəttinə zidd getmişəm, sizsə bu sayaq xırdalıqla Milli Şuranın belini qırırsınız”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

5104

DİGƏR XƏBƏRLƏR