Çeki daxil edib ƏDV-ni geri al-Yeni portal yaradıldı


Ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq artıq mümkün olacaq. Bunun üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçmək lazımdır. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır. Qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq. Bundan sonra əməliyyatları həyata keçirə bilərsiniz.

     Müştəriyə geri qaytarılacaq məbləğ nağdsız (kartla) əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15%-i, nağd əməliyyatlar üzrə isə 10%-i həcmində olacaq. Yəni, hər bir vətəndaş etdiyi alış-veriş və ya xidmətə görə ödənilən çeklərdəki məbləğlər üzrə  geri qaytarılacaq pulu asan yolla hesablamaq üçün portalda xüsusi kalkulyator yerləşdirilib. Həmin kalkulyator vasitəsi ilə geri alacağınız pulun həcmini müəyyənləşdirə bilərsiz.

ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaş nə etməlidir?

    İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış verilməlidir.

  İstehlakçı kassa çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalında çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu Fiscal İD-ni elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Qaydalara əsasən ƏDV-nin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir:

  • İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır;
  • İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır;
  • Üçüncüsü, satıcının yeni nəsil kassa aparatlarından istifadə etməlidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.

ƏDV-nin qaytarılması proseduru 

   İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. İsitfadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru olaraq Kapital Bank ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir. Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).

    Bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

Qeyd: çekləri BirBank (Kapital Bank) ilə də oxutmaq mümkündür.

1336

DİGƏR XƏBƏRLƏR