9 gün sonra nəşi qar altından çıxarılan şəhid Xəlil İbrahimovun torpağa tapşırıldığı gündür...



 Xəlil İbrahimov ana tərəfdən qohumumdur. Mən onu görəndə uşaq idim, yadımdadır çox səliqəli, təvazökar, səmimi insan idi. Kəlbəcər işğal edilməmişdən bir il öncə elə Xəlilgilə qonaq da getmişdik, o zaman 6 yaşım var idi. Kəlbəcər rayonunun, Comərd kəndində yaşayırdılar. Gözəl Kəlbəcər... 

 Xəlil İbrahimov şəhid olanda onun 25 yaşı olub. Öz vətəninə bağlı çox cəsarətli, çox mərd oğlan idi Xəlil. Onun da taleyinə şəhidlik məqamı yazılıbmış ki, torpaqlarımız işğal olunanda Xəlil düşmənlərimizlə döyüşdə şəhid oldu. Xəlil Kəlbəcərin Narınclar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, şəhid olanda onun nəşi bir neçə gün götürülə bilməmişdi. Çünki, həmin ərazi düşmən pusqusunda idi. Ona görə başlıqda dəfn günü qeyd etmişəm ki, Xəlilin nəşi 6 may 1992-ci ildə dəfn olundu.
 
 1992-ci ilin mart ayının ortalarında ermənilər ruslarla birlikdə Ağdərə bölgəsi ilə kifayətlənməyərək, Laçın və Kəlbəcər ərazilərini də işğal etmək planlarını həyata keçirməyə başladılar. Artıq Laçının bir neçə kəndini yenidən işğal edən ermənilər, Qarabağ tərəfdən Kəlbəcərin Narınclar, Alaqaya, Çıraqlı, Çərəkdar, Mərcimək, Ağdaban kəndlərinə, eləcə də Laçın bölgəsinə tez-tez hücuma keçirdi. Lakin Kəlbəcər batalyonunun bölmələri və briqadanın digər batalyonları tərəfindən onların bu hücumlarının qarşısı alınır, ermənilər itki verərək geriyə çəkilirdı. Vəziyyətin çətinliyini görən Kəlbəcər əhalisi döyüşlərə can atırdı, onlara silah verilməsini tələb edirdi.
 
 1992-ci ildə düşmənə qarşı bizim batalyonun bölük və tağımları Taxtadüzdə, Ağduzdaqda, Zəylikdə, Yellicədə, Dikyurdda, Ayrımda, Alçalıda, Qazuçanda, Söyüdlüdə, Qara Qayada, Ağdabanda, Çərəkdarda, Mərciməkdə, Narınclarda ön mövqelərdə və yüksəkliklərdə yerləşdirilmişdi. Ermənilər əsasən Söyüdlü, Ağdaban, Çərəkdar, Alaqaya və Narınclar istiqamətlərindən tez-tez hücumlar edir, lakin döyüşçülərimiz tərəfindən geriyə oturdulurdu. Hər kəndin qorunmasına bir tağım, yəni 30 nəfərədək əsgər düşürdü.
1992-ci ilin iyun ayında Kəlbəcər bölgəsinin şərqində yerləşən Narınclar kəndi uğrunda döyüşlər başladı. Rusiya dəstəkli ermənilər dəstələri bir neçə dəfə kəndə hücum etdisə də əsgərlərimizin sayıqlığı nəticəsində kəndə girə bilməmişdilər. Düşmənin aramsız hücumlarının qarşısının alınması üçün Narınclara əlavə qüvvələr göndərildi. Bu dəstələrdən biri Kəlbəcər Batalyonunun 3-cü bölüyünün Aşağı Ayrım kəndində-Göyçə ilə sərhəddə müdafiə döyüşləri aparan bir tağımı idi.
 
Xəlil və dostları düşmən tərəfindən atəşə tutulanda Xəlillə bərabər daha iki əsgər də şəhid olur. Onların nəşi 9 gün meşənin içində, qarın altından qaldıqdan sonra çıxarıla bilmişdi. 
 
Allah rəhmət eləsin, məkanları cənnət olsun. Qisaslarını tez bir zamanda almağı Allah ordumuza nəsib etsin. 


Cavid Hacıbəyli
854

DİGƏR XƏBƏRLƏR