“Uğursuz künc zərbələri” və ya YAZMAQ XATİRİNƏ YAZMAQ...



Müasir dövrümüzdə istədiyin qədər qəzet, jurnal və xəbər saytları var. Və hər birində də adamı özünə çəkən xəbərlər olur. Bəzən elə olur ki, xəbər başlığı xəbərin özündən daha çox maraqlı görsənir.

Onu da deyim ki, hər qəzetin və yaxud hər xəbər saytının az da olsa, öz oxucu kütləsi var.

Yazmaq istədiyim mövzu qəzetlərdən, xəbər saytlarından, ya da hansısa xəbərdən deyil. Adını “uğursuz künc zərbələri” qoyduğum bu yazımda köşə yazılarından danışmaq istəyirəm.

Demək olar ki, (qəzetləri qoyaq bir qırağa) xəbər saytlarının çoxunda “tribuna”, “yazarlar”, ya da “köşə yazıları” bölməsi var. Həmin bölmədə köşə yazarları istədikləri, ürəklərindən keçən mövzu haqqında yazırlar və bu da mənim fikrimcə, həmin sayta daxil olanların sayını artırmağa kömək edir. Uzağa getməyəcəm, mən özüm köşə yazıları olmayan xəbər saytlarına daxil olmuram. Daxil olsam da, bu, aradabir olur.

Amma, oxuduğum hansısa köşə yazısına bəzən o qədər əsəbləşirəm ki, bir də bu müəllifin yazısını oxumayacağımı fikirləşirəm. Bəzən oxuyub xeyli həzz aldığım yazılar da olub. Etiraf edim ki, oxuyub əsəbləşdiyim yazıların yanında oxuyub həzz aldığım yazıların sayı azdı, həm də çox az...

...Və düşünürəm ki, görəsən niyə yazarlarımızın çoxu yazılarını yalnız yazmaq xatirinə yazırlar. Əgər köşə yazılarını futbol diliylə künc zərbəsi adlandırsaq, belə zərbələr nəinki təhlükəli alınır, top heç qapının həndəvərində belə dolaşmır. Bəlkə də künc nöqtəsindən birbaşa meydanı tərk edir.

Yazarlar çox vaxt çalışırlar ki, yazılarıyla kimlərisə güldürsünlər, bunun üçün də ən ağır problemi belə məzəli şəkildə qələmə alırlar. Oxucu da neyləsin, haqqında yazılan problemi tullayır bir qırağa və başlayır doyunca gülməyə. Bəzən də heç bir mənası olmayan və oxucunun o yazıdan heç nə öyrənə bilməyəcəyi, yalnız lağlağı məzmunlu yazılar yazılır, ağlamalı olanısa odur ki, həmin köşə yazıları oxunma rekordu qıra bilir.

Mən də, əziz oxucu, əgər vaxtını aldımsa səndən üzr istəyirəm, əgər yazımı oxumağa sərf etdiyin vaxtı xeyirli bir işə sərf edəcəkdinsə...

Şəfa Rasimqızı
449

DİGƏR XƏBƏRLƏR