Fərrux dağı bu gün bizim nəzarətimizdədir - Prezident

625670fd3e002_photo_2536

"Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl xüsusi məruzə hazırlandı və qəbul edildi - Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı məruzə. Orada hər şey açıq-aşkar deyilmişdi. Tərtər çayının suyundan bizi məhrum etmişdilər. Halbuki Heydər Əliyev Suqovuşan su anbarını inşa edəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağını suvarması nəzərdə tutulurdu və su gedirdi. İndi biz Suqovuşana qayıtmışıq, indi suyu bərpa etmişik və yeni kanallar da çəkiləcək. Digər çaylar, - qoy, bunu həm Azərbaycan vətəndaşları, həm dünya bilsin, ermənilər bizi nədən məhrum etmişlər, - Həkəri çayı - ən böyük çaylardan biri, istifadə edə bilmirdik. Bazarçay. Buna Bərgüşad çayı da deyilir. Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Biz bu məsələni qaldırmışıq. Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti törədən “Cronimet” şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki, bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq".

Kanal.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib.

"Görün, işğal altında qalan su anbarları nə qədər idi. Xudafərin - 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı, Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd – bax, bu su anbarları işğal altında idi. İndi biz onları bərpa edirik və bərpa edəcəyik. Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri. Onu da bildirməliyəm ki, Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni, böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var. Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol Sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi nəzərdə tutulur. Çünki sovet vaxtında olan su mənbələri bəzi səbəblərə görə uyğun olmaya bilər. Ona görə bu kompleks tədbirlər nəzərdə tutulur və Bərgüşad su anbarının layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır. Bu yaxınlarda verilən yeni təklif əsasında Zəngilan, ya da Qubadlı rayonlarının birində yeni su anbarının tikintisi nəzərdə tutulur və bu kanalların inşası bizə imkan verəcək ki, yaxın zamanlarda 10 min hektarı suvarma ilə təmin edək. Yenə də demək istəyirəm ki, bütün bu işlər ümumi su təsərrüfatı sistemimizə inteqrasiya edilməlidir", - Azərbaycan lideri əlavə edib.

118

DİGƏR XƏBƏRLƏR