AZƏR HÜSEYNOV

Bəşəriyyətin gələcəyi ilə bağlı ciddi fəlsəfi müzakirələri aparanlar gələcəyin sahibləridir.

Bəşəriyyətin gələcəyi ilə bağlı ciddi fəlsəfi müzakirələri aparanlar gələcəyin sahibləridir.

AZƏR HÜSEYNOV
Müsəlmanların bir qisminə fəlsəfə deyəndə dərhal məsələnin mahiyyətinə girmədən "küfr" və "bihudə" adlandırırlar bunu. Müsəlman filosof dedikdə isə "olmaz" deyə qəti çıxışlar edirlər. Halbuki, fəlsəfə düşünən insanların səhvli və düzlü mirasıdır. Təbii ki, qədim yunanlı filosoflar tövhid etiqadında olmadığından düşünərkən çox sapdılar. Orta əsr müsəlman filosofları da ola bilər bəzi problemli sözlər söylədi. Amma cəmiyyət, siyasət, iqtisadiyyat məhz fəlsəfi məktəblərin üzərində formalaşan siyasi-iqtisadi və sosial məktəblər əsasında idarə edilir. Bir ayəti zahiri məntiqlə düşünüb bununla kifayətlənən birisi ilə bir ayəti dərininə düşünüb bundan ictimai mexanizmlər çıxaranlar arasında fərqlər vardır. Birinciləri, daim ikincilərin şagirdləri idarə ediblər... Bu indi də belədir, dünən də belə idi.

Cəmiyyətin mahiyyəti, insanın duyğuları və fikirləri, təbiət qanunauyğunluqları, perspektiv analizlər məhz fəlsəfi qafalar tərəfindən aparılır. Dövlət idarəçilik fəlsəfəsi, beynəlxalq münasibətlərin xarakteri, texnoloji inkişaf və insanın mahiyyəti haqqında ayətlərin və müvafiq hədislərin işığında çox gözəl layihələr işləmək olar. Bircə şərti vardır-Hər kəs öz yerini biləcəkdir, beyninin mürəkkəblikləri analiz etməsinin imkansızlığını qəbul edənlər texniki vəzifə yerinə yetirəcəkdir.

Açığını yazacam, məişət hüququ üzərində elm tələb edən elm tələbələri, hətta onların şeyxləri belə cəmiyyətin inkişafı ilə bağlı danışmasalar yaxşıdır. Çünki düşünmə prosesi onlar üçün dolabdan hazır paltar götürmək kimidir. Məhz buna görə də, XX əsr islam düşüncə insanlarına savaş açanlar da əksəriyyətən zahiriyyətçi din xadimləri olur. Onların düşümnə mexanizmləri qeyri-standart hallara cavab vermir. Ona görə, bunlar öz vəzifəsini yerinə yetirsələr, insanlara mənəvi və fiqhi məsələlər haqqında danışsalar yaxşıdır. İctimai problemlərə girdikdə, batırlar və batırırlar. İnciməsinlər, bu belədir.

Uzun illər öncə bir hadisə yaşadım. Bir yol yoldaşım bir dini tələbənin bir ailə sorunu olan insana elə cavab verdiyini demişdi: " Sənin gecə namazın varmı? Yoxdursa sənin daim ailə problemin olacaq". Cavab o qədər batan və batıran idi ki, sanki gecə namazı olan hər kəs ailə dramından qorunubdur. Halbu ki, ailə problemi iki insanın psixi, mənəvi və sosial dünyalarının münaqişəsidir. Əhatəli, təhqiqi bir cavab tələb edir. İndi düşünün, bu cür yanaşma ilə cəmiyyətin ciddi problemlərinə işıq salmağa çalışanlar, sanki 60-lıq lampa ilə bir hektar ərazini işıqlandırmaq istəyirlər.

Cavanlara tövsiyyəm odur ki, qalxmaq və qaldırmaq istəyirsinizsə düşüncə insanlarını oxuyun. Dərd və düşüncə insanlarını oxuyun. XX əsrdə islam dünyasında güclü təfəkkür insanları yetişdi. Zahiriyyatçıların və ənənəviçilərin daş atdığı insanları oxuyun. Görəcəksiniz ki, necə inkişaf edirsiniz. Daha sonra isə ruhi təmizlik üçün ruhaniyyatı və mənəviyyatı sizə dinclik verəcək insanların yanında "günah silmə" edin. Biriləri çıxacaq və deyəcək ki, bu şirkdir. Doğru, əgər tövbə və istiğfar Allahdan qeyrisinə yönələrsə elədir. Amma bir ruhaniyyat ustadının ətrafa nur saçdığı ortamda Allaha xalis tövbə ilə yaxınlaşmaq təzkiyyədir. Dirçəlmək üçün insan əqlinin və ruhunun aram tapdığı məkanlara səyahət etməlidir.

Bir sözlə, cavanlar, siz siz olun, amma primitivlikdən uzaq durun. Bizi məhv edən primitivlikdir. Bizi məhv edən öz ortamımızda şir olub düşüncə yarışmalarında sükut etməyimizdir. Bəşəriyyətin gələcəyi ilə bağlı ciddi fəlsəfi müzakirələri aparanlar gələcəyin sahibləridir. Qapalı məkanlarda orta əsrlərdə yazılmış kitabları təkrar-təkrar oxumaq bizi xilas etmir. Təbii ki, onlar bizim mirasımızdır, istifadəsi zəruridir. Lakin istifadəsi, yenilənməməsi anlamına gəlməz. Quran və səhih sünnət mənim üçün işıqdır. Qiyamətə qədər. Amma onu işıqlı qafalar oxuyarsa. Cəmiyyətin dərdlərini ona götürə bilərsə...

Azər Hüseynov.
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

MÜƏLLİFİN DİGƏR YAZILARI