SƏDDAM NƏCƏFOV

"21-ci əsr elə əvvəldən zülm və istilanın yeni forması ilə başladı"

"21-ci əsr elə əvvəldən zülm və istilanın yeni forması ilə başladı"

SƏDDAM NƏCƏFOV
İnsan daim daha çox, daha artığını istəyib. Yaradılış olaraq əlindəki ilə qane olmayan bir varlıq olduğuna görə insanlıq tarixi,  böyük savaşlar, fəthlər və təbii ki, bunların nəticəsində də krallıqlar, imperiyalar və sairəyə səhnə olub. Hər hansısa yeni və güclü imperiya, bir nizamının başlanğıcı və ya sonu olub. 19-cu əsrdən isə dünya yeni bir sistemə keçidə başlasa da bu keçid 20-ci əsrin əvvəllərində yekunlaşa bildi. Əlbəttə o zamanın indiki kimi elmi, texniki imkanları olmadığı üçün bu prossesin müddəti təbii olaraq uzun olmalı idi. Bu keçidi  yuxarıda sadaladığım krallıq, imperiya və sair kimi anlayışların bitməsi kimi düşünsək də, əslində olan krallıq və imperiyaların yerini dövlətlərə və birliklərə verməsi idi ki, bu da məsələnin görünən tərəfi oldu və bu birliklərin harada və hansı dövlətlərin rəhbərliyi ilə qurulmasına fikir versək, dünyada nə savaşın nə də ayrı-ayrı xalqların sərvətinin, mədəniyyətinin talan olunub,  oğurlanmasının bitmədiyini nəzərə alsaq o zaman yəqin anlayarıq ki, nə istilaçı imperiya anlayışı bitib, nə də talançılıq anlayışı. Bu nağıllar əslində Qərbin bizə sırıdığı kiçik bir yalandan ibarətdir.

Nəyə görə Qərb?
Çünki günümüzdə müxtəlif xalqların var dövlətini talayan, inanclarını aşağılayan, mədəniyyətlərini belə özününkiləşdirməyə çalışan məhz Qərb dünyasıdır və bu həmin dünyanın başındaki imperialist düşüncə tərzinin məhsuludur. 21-ci əsr elə əvvəldən zülm və istilanın yeni forması ilə başladı, bu gün də davam edir. İraqda başlayan layihənin bu gün Livanda davamının şahidi oluruq. Onsuz da tarix boyu müsəlmanlar xaçlı yürüyüşlərinin şahidi olub. Lakin bu əsrin yeni metodları özünün yeni hilələri ilə zəngindir. Nə hikmətdirsə demokratiya bütün müsəlman ölkələrinə göydən  kiloqramlarla partlayıcı dolu başlıqla düşür. Dərhal sonra isə o başlığın düşdüyü nöqtədə "demokratiya" cücərməsinin şahidi oluruq. Yəni əvvəlki əsrlərdən fərqli olaraq hər hansı bir məmləkəti işğal üçün birinci ordu yox, fəaliyyətə həmən ölkənin "aydınları" başlayır. Sonradan isə dünyanın geri qalanı əsl tamaşanın şahidi olur. Bunların fonunda isə hər hansı güclü dirənişin şahidi ola bilmirik. Ən azından bu zamana kimi ola bilmədik. Bunun səbəbi isə Şərqdə ədaləti bərqərar edən imperiyaların yıxılıb yerində zəif dövlətlərin yaradılmasıdır. İmperiyaların hələ də qaldığını iddia etməsəm də əsas olan istilaçı imperia təfəkkürünün qaldığını deyirəm. Yəni dünya özü özünə imperiya quruluşlarından imtina edə bilməzdi və bu dizaynı kimlər dəyişdisə geridə qalanlarını da bunu etməyə onlar ya məcbur etdi və ya yıxımla, bu prossesi nəhayət ki sonlandırdı. Bu gün də zamanında böyük imperiyaları yıxıb yerində qurduğu xırda dövlətlərə bir başqa tərzdə hücum edən elə bu dizaynı ortaya çıxaranlardır. Elə günümüzün bəlası korona virusu da bu ağılın məhsulu olub arxasında dayanan "yeni dünya düzəni"nə verdiyi nişandır. Bunu ya sionizm, ya üstün zəka, ya da imperialist düşüncə, qısacası nə istəsəz adlandıra bilərsiz. Bunu necə adlandırmaq sizin özünüzün verə biləcəyiniz bir qərardır. Çünki ortada dəyişməyən bir reallıq və bütün bu reallıqları icra edən bir düşüncə tərzi var.

Mənim düşüncəmə görə bu düşüncə tərzi modern dizayn edilmiş dövlətlərin arxasında gizlənən və dəyişməyən imperialist qüvvələrdir. Buna heç qlobalistlər də demirəm. Çünki qlobalizim və sairə bənzəri "izimlər" imperiailstlərin geydikləri "dondur". Çünki imperialist üçün əslində imperiya sərhədlərinin olması varsa və qlobalistlər üçün bu yoxdursa bəs o zaman niyə görə dünyanın bir hissəsi güllük-gülüstanlıq ikən geri qalan hissəsində ancaq bombalar, silahlar danışır? Demək ki, qlobalizmin kölgəsində gizlənən istilaçı imperialist xisləti dəyişmir. Bu, hər zamanki məhsulun yeni dizayn edilmiş bir formada təqdimidir. 2020-ci ildəki epidemiyanın arxasında isə yeni bir dizaynın meydana çıxacağı görünür məncə. Bu dizayn isə yenə də bütün sahələrdə özünü büruzə verəcək və yenə də bu büruzə vermənin dünyamızda İslam əqidəsinə, yəni müsəlmanlara heç də xeyir gətirəcəyinə inanmaq olmaz. Ən azından, ən bəsitindən başlasaq elə Livandaki partlayışı nümunə gətirmək olar. Onsuz da müsəlmanların artıq bir xilafəti yoxdur.

O ki, qaldı dövlətlərinin ən başında kimlərin durmasına. Ona görə də Livanda baş verənlərə görə heç də sevinməyə dəyməz. Çünki bizə Livan dövlətinin nə etdiyindən daha çox ümmət təəssübkeşliyi önəmlidir və orada həlak olan müsəlmanların günahsızlığı maraqlıdır. Qonşu dövlətlərdəki "buna misal Cənubi Azərbaycan və Gürcüstan azərbaycanlıları" soydaşlarımızın taleyi bizləri maraqlandırdığı kimi bu gün Livanda baş verən hadisələr də bizləri eynən o şəkildə maraqlandırıb, narahat etməlidir. Ən nəhayət ortada bir ümmət varsa bizim də bu ümmətdən olduğumuzu unutmamalıyıq. Yaralı yerimiz Qarabağın da xaçlı səfərlərinin bir hissəsi olduğunu anladığımız gün elə Livandaki hadisələrə də biganəliyimiz aradan qalxacaq. Bunu hiss edə bildiyimiz gün isə bir qədər pafoslu səslənsə də müsəlmanların dünyaya gətirdiyi yeni düzənin şahidi olacağıq.

MÜƏLLİFİN DİGƏR YAZILARI